hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Ermənistandakı seçkilərə Azərbaycandan baxış: Paşinyan, yoxsa Köçəryan?

Ermənistandakı seçkilərə Azərbaycandan baxış: Paşinyan, yoxsa Köçəryan?

Ermənistanda seçki kampaniyası daxili siyasi gərginliyin artması ilə müşahidə olunur.

Belə ki, iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edən qüvvələr daha çox bir-birilərini tənqid etməyə üstünlük verir. Hətta bəzi siyasi ekspertlər bu seçkinin nəticələrinin qisasçılıqla nəticələnəciyini bildirir.Yəni hakimiyyətə gələn siyasi partiya və ya blok özünün əsas rəqibindən qisas alacaq. Bu baxımdan, söhbət ilk növbədə, seçkinin favorit rəqibləri sayılan Nikol Paşinyan və Robert Köçəryandan gedir.

Ermənistan mediasının yazdığına görə, eks-prezident Robert Köçəryanın siyasi reytinqi getdikcə artır. Son sorğular Köçəryanla hazırda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında cəmi 2 faiz fərq olduğunu göstərir. Bu isə Köçəryanın qələbəyə xeyli yaxın olduğunu deməyə əsas verir.

Siyasi müşahidəçilərin fikrincə, son zamanlar Azərbaycan-Ermənistan sərhəddində gərginliyin artması və Köçəryanın baş nazir seçiləcəyi təqdirdə ölkə iqtisadiyyatına 3 milyard dollar investisiya cəlb edəcəyi barədə verdiyi vədlər onun tərəfdarlarının artmasına səbəb olub. Lakin Paşinyanın siyasi limitinin tükənməsi barədə fikirlərlə barışmayanlar da var. O, seçkidə məğlub olmasına baxmayaraq, Ermənistan cəmiyyətində şəffaflıq və antikorrupsioner imicə malikdir.

Köçəryan isə Ermənistan əhalisinin aclıq həddində yaşaması fonunda korrupsiya hesabına varlanmış diktator kimi yadda qalıb. Ona görə də seçicilər Köçəryanın yenidən hakimiyyətə qayıtmasını istəmir. Seçkiyə təsir göstərəcək mühüm amillərdən biri də klanların mübarizəsi ilə bağılıdır. “Ermənistan klanı” Köçəryanın rəhbərlik etdiyi “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıtmasına qarşıdır. Ona görə də seçkidən sonra Ermənistanda siyasi qarşıdurmanın baş verəcəyi istisna edilmir.

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında hakim “Mənim addımım” blokunun qalib gəlmək şansının yüksək olduğunu dedi:

“Ermənistandakı təşkilatların keçirdiyi sorğular göstərir ki, Paşinyan reytinqinə görə rəqiblərindən 10 faizə yaxın irəlidədir. Amma məşhur "Gallup" mərkəzinin keçirdiyi sorğuda Köçəryanla Paşinyan arasında fərq 2-3 faiz təşkil edir. Buna baxmayaraq, Paşinyan yenə irəlidədir. Ancaq seçkinin nəticələri bundan asılı deyil. Paşinyanın seçki kampaniyası yaxşı aparılır. Hakimiyyətin resurslarından da istifadə olunur və insanları mitinqlərə səfərbər edirlər. Paşinyanın parlamentdə çoxluq qazanacağı şübhə doğurmur.

Ancaq o, son zamanlar bəzi səhvlər buraxır və dövlət sirri hesab olunan məlumatları açıqlayır. Bu da seçki ərəfəsində onun reytinqinin düşməsinə səbəb olur. Eyni zamanda, Köçəryanı da dəstəkləyən qüvvə var. Rusiyaya meyilli qruplar Köçəryanı dəstəkləyir. Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın namizədliyini dəstəkləmklə rəhbərlik etdiyi “Ermənistan Respublika” partiyasının üzvlərinin parlamentə düşməsinə çalışır. Digər fəal namizədlərdən biri Azərbaycan ərazilərinin işğalında fəal iştirak etmiş Samvel Babayandır.

O, öz müsahibəsində açıq şəkildə dedi ki, biz Rusiyanın mövqeyini açıq şəkildə müdafiə etməliyik. Babayan hətta qeyd etdi ki, deputat seçilsəm Ermənistanın Rusiya ilə birləşməsini təklif edəcəm. Çünki Qərb bizə yeni heç nə verə bilməz. Bəzi siyasi qüvvələr isə çıxış yolu kimi demokratiyanı təklif edir. Hesab edirəm ki, əgər Köçəryan hakimiyyətə gətirilsə, Ermənistanda qarşıdurma baş verəcək. Bu qarşıdurma vətəndaş müharibəsinə qədər arta bilər. Çünki Paşinyan Köçəryanın qələbəsi ilə barışmayacaq. Paşinyan qalib gəlmək üçün bütün gücünü sərf edib. Ona görə də Azərbaycan iyunun 21-ə hazır olmalıdır”.

Qeyd edək ki, qarşıdan gələn seçkilərin əsas məqamlarından biri üç keçmiş prezidentin prosesə qatılmasıdır. Levon Ter-Petrosyan və Robert Köçəryan namizəd kimi, Serj Sarkisyanın isə liderlik etiyi partiya mandat qazanmağa iddialıdır.

Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistan cəmiyyətində Köçəryana və Sarkisyana münasibət mənfidir:

“Onlar rüşvətxor və talançılıq sistemi qurublar. Amma hər üç prezidentin seçkiyə qatılmasına Qərbdə demokratiyanın əlaməti kimi baxırlar. Köçəryanın və Sarkisyanın seçkilərə getməkdə əsas məqsədi məhkəmə işləri ilə bağlı toxunulmazlıq qazanmaq, yaxud özləri barəsində cinayət işinin ləğvinə nail olmaqdır. Ancaq Ter-Petrosyanın belə məqsədi yoxdur. O, inteqrasiya tərəfdarıdır. Ter-Petrosyan praqmatik siyasətçidir və Azərbaycanla yolların açılmasını istəyir. Sorğular Ter-Petrosyanın reytinqinin aşağı olduğunu göstərsə də, onun Ermənistan ictimaiyyətinə təsiri böyükdür.

Ter-Petrosyan öz çıxışlarının birində dedi ki, Azərbaycan Naxçıvana yol açmaq istəyir, biz də Rusiyaya yol açmaq istəyirik. Bizim başqa yolumuz yoxdur. Əks təqdirdə, Qarabağda əhali qalmayacaq və Ermənistan da boşalacaq. Son yeddi ayda 100 min nəfər Ermənistanı tərk edib və geri qayıtmayıb. İlin sonunadək bu göstəricinin 200 minə çatacağı bildirilir. Belə bir durumda sərhədlərin və kommunikasiyaların açılması olan adamlar çoxdur. Paşinyan da bu xətti yürüdür. Hətta belə fikirlər səslənir ki, Türkiyə ilə sərhədlər açılmasa, Ermənistanın gələcəyi olmayacaq.

Rusiyaya münasibətdə də fərqli yanaşmalar var. Amma Ermənistanın gələcəyi regional siyasi proseslərdən asılıdır. ABŞ-Türkiyə və ABŞ-Rusiya prezidentlərinin görüşündən sonra hansı proseslərin baş verəcəyi məlum deyil. Əgər Ərdoğanla Baydenlə anlaşma əldə edərsə, Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişə bilər. Bu baxımdan, Baydenlə Putinin aparacağı danışıqlar da mühüm əhəmiyyət kəsb edir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6018