hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Ermənistanın qaz ümidi: İran nəfəsliyi açır?

Ermənistanın qaz ümidi: İran nəfəsliyi açır?

Məlumdur ki, işğalçı Ermənistanın özünün təbii qaz ehtiyatları yoxdur.

Onun qaz tələbatını Gürcüstan ərazisindən istifadə edilməklə Rusiya təmin edirdi.Uzun illərdir ki, bu təminata İran da qoşulub.Bu məqsədlə İran-Ermənistan qaz kəmərinin tikintisinə Rusiyanın “Qazprom” şirkəti kömək də edib.Bu qaz kəmərinin işğalçı dövlətin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.Həmçinin, Ermənistan istehlakçılarının etibarlı və sabit enerji resursları ilə təminatı üçün mühüm layihədir.2019-cu ilədək İran-Ermənistan qaz kəmərinin gücünün 2 milyard 300 milyon kub metrədək artırılması planlaşdırılır.

Qeyd edək ki, 2018-ci ildə rəsmi Vaşinqton 2015-ci ildə İranla imzalanan "nüvə razılaşmasına" xitam verdiyini açıqladı. ABŞ prezidenti Donald Tramp İranı cəzalandırmaq məqsədilə bu ölkənin beynəlxalq neft ixracına və sənaye məhsullarının ixracına məhdudiyyətin tətbiq edilməsi barədə göstəriş verdi. ABŞ-ın məlum sanksiyaları Tehranda çox ciddi narazılıqla qarşılandı.

Oktyabrın 25-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Qafqaza səfəri çərçivəsində Ermənistana İranla ticarət əlaqələrinin məhdudlaşması barədə şərt qoydu.Bundan sonra Ermənistan sanksiyalardan ehtiyatlanaraq İranla ticarət əlaqələrini məhdudlaşdırdığını rəsmən elan edib.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə deyib ki, İranla Ermənistanın layihələri 2006-cı ildən həyata keçirilir: 

“2011-ci ildən hər iki dövlət arasında qaz əməliyyatları həyat keçirilməyə başlayıb. Bu o deməkdir ki, 7 ildən çoxdur ki, Ermənistan mavi yanacağın diversifikasiyasını İrandan təmin edir. Ermənistan Yunanıstan, Bolqarıstan və eləcə də digər Baltikyanı ölkələr kimi qaz təminatında ancaq bir ölkədən asılı deyil. Ermənistan illik 360-400 milyon kubmetr ətrafında barter üsulu ilə qaz idxal edirdisə, indi bunu daha da genişləndirmək istəyir. Qeyd edim ki, Ermənistan aldığı qazın əvəzini elektrik enerjisi ilə ödəyirdi.Ermənistan həm aldığı qaz həcmlərini artırmaq istəyir, həm də kommersiya qazı almaq niyyətindədir.İranla danışıqları da bu istiqamətdədir.Danışıqların nə ilə nəticələnəcəyi hələlik bəlli deyil.Yeni investisiyalar qoyulmalı, yeni kompressor stansiyası tikilməlidir ki, Ermənistanın tuşladığı hədəfə çatılsın.Əlbəttə ki, qazın qiymətində razılıq əldə olunmalıdır.Məlumdur ki, İranın Ermənistana satdığı qaza görə qiymət yoxdur.1000 kubmetr qazın əvəzində İran 3000 kilovat saatelektrik enerjisi alır”.

2019-cu ildə İrandan Ermənistana mavi qazın ticarət olunmasına gəlincə, ekspert bunun danışıqlardan asılı olduğunu deyib: 

“Əgər hökumətlər razılıq əldə etsələr, maliyyə konsensusu tapsalar, ticarət davam edəcək. İndiyə qədər nə Avropanın, nə də Amerikanın Ermənistana qarşı sanksiyasını görmüşük.Bundan sonra da nəyisə gözləmək yanlış olar.ABŞ-ın öz maraqları var. Bu maraq ondadır ki, Ermənistan öz bazarını təmin etsin.Ermənistan Azərbaycan torpaqlarını işğal edib, məgər bununla bağlı ABŞ Ermənistana sanksiya tətbiq edib?Etməyib”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1002