hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Ermənistanın növbəti təxribatı: Lavrovun səfərinin gizli detalları

Ermənistanın növbəti təxribatı: Lavrovun səfərinin gizli detalları

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfərinin ardınca Azərbaycanın bölgədə hərbi və siyasi fəallığının artması müşahidə olunur.

Ermənistan sərhəddə yerləşən Qaragöl adlanan ərazi ətrafında yaranmış mübahisə, eyni zamanda Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başlaması Lavrovla aparılan danışıqların nəticəsiz qalması ilə izah edilə bilər.

Rusiya XİN rəhbərinin Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi rəsmi Bakını demək olar ki, qane etmədi. Hələ mayın 4-5-də İrəvanda olarkən Ermənistanın razılığı olmadan bu dəhlizin açıqlamayacağını deyən Lavrov Bakıda apardığı müzakirələrdən sonra da fərqli heç nə demədi. Rusiyanın baş diplomatı sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyindən danışsa da, bu mövzuda ümumi fikir bildirməklə kifayətləndi.

Ona görə də Lavrovun Moskvaya qayıtmasından sonra baş verən prosesləri Azərbaycanın öz müstəqil iradəsinə arxalanaraq həll etməsi kimi qiymətləndirmək olar. Əslində, rəsmi Bakının bu mövqeyini Azərbaycan Prezidenti İlham Əliyev Sergey Lavrovla görüşdən öncə Azərbaycan televiziyasına müsahibəsində qəti şəkildə verdiyi siyasi mesajlarla nümayiş etdirmişdi.

Dövlət başçısının siyasi arxayınlıqla “Zəngəzura dəhliz açılmalıdır və açılacaq” ifadəsini işlətməsi 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanın regionda güclənən geosiyasi mövqeyi ilə izah oluna bilər.

Prezident İlham Əliyevin 10 noyabr 2020-ci il bəyanatının hüquqi qüvvəsi məsələsini gündəmə gətirməklə Ermənistanı və Rusiyanı götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırdı.

Münaqişənin başa çatması və vasitəçi tərəfin iştirakına ehtiyac olmadığına dair Prezidentin açıqlaması isə Azərbaycanın özünün regional məsələləri həll etməyə qadir olduğuna işarə idi.

Prezidentin xəbərdarlıq məzmunlu icmarıclarından dərhal sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi, eyni zamanda Zəngəzur istiqamətində Qaragöl ərazisinin Azərbaycanın tam nəzarətinə keçməsi barədə xəbərlər, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərə başlaması rəsmi Bakının bölgədə güclü aktora çevrildiyini təsdiq edir. Bu baxımdan, Azərbaycan yaranmış yeni geosiyasi reallıqların dəyişilməsinə imkan verməyəcəyini göstərdi.

Son hadisələri Cebhe.info-ya şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Ermənistan Baş nazirinin Təhlükəsizlik Şurasının iclasını çağırması, Azərbaycanı hərbi müdaxilədə ittiham etməsi və Xarici İşlər naziri Ara Ayvazyanın təcili Sergey Lavrova zəng vurması təxribat xarakterli addımlardır:

“Ermənilər istər qələbə qazananda, istər məğlub olanda özlərinin əzabkeş obrazını yaratmaqla təxribat xarakterli şişirtmələr edir. Qaragöl həmişə Azərbaycan ərazisi olub. Sovet dövründə Qaragölün 30 faizi inzibati ərazi kimi Azərbaycanın tabeliyinə, 70 faizi Ermənistana verilib. Amma bu göldən Ermənistana təsərrüfat məqsədilə istifadə hüququ verilib. Yəni mal-qaranı, əkin sahələrini suvarmaq üçün ayrılıb. Bu məsələ də SSRİ dövründə qalıb.

Ora Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Qaragöl Laçınla Qubadlının arasında yerləşir. Daha çox Qubadlının ərazisinə düşür. SSRİ dövründə də ermənilərə heyvandarlıq suvarma məqsədilə istifadə etməyə icazə verilib. Ermənilər də SSRİ dövründə Laçın və Qubadlının aran torpaqlarını öz ərazilərinə qatıblar. İndi də Azərbaycan hərbçiləri SSRİ dövründə Baş Qərargahın verdiyi xəritəyə əsasən irəliləyib və əvvəlki mövqeləri geri qaytarıb. Lakin Qaragölün tamamilə Azərbaycanın nəzarətinə keçməsi barədə dəqiq məlumatım yoxdur.

Sadəcə, Azərbaycan hərbçiləri bir qədər irəliləyib. Bu zaman heç bir silah işlədilməyib və heç bir ərazi də zəbt olunmayıb. Qaragöl çox böyük deyil. Onun Azərbaycanın tam nəzarətinə keçməsi üçün 3 kilometr irəli getmək lazımdır. Paşinyan bildirib ki, Azərbaycan hərbçiləri 3,5 kilometr Ermənistan ərazisinə daxil olublar. Ancaq burada da rəqəm şişirdilib. Çünki gölün enində və uzununda 3 kilometrlik ərazi yoxdur.

Ermənilər bu məsələni şişirdib bizi Rusiyanın qarşısında günahkar çıxartmaq istəyir. Amma Rusiya da yaxşı bilir ki, bizim bu məsələdə heç bir günahımız yoxdur.

Bundan başqa, Ermənistan bu olayı qabartmaqla Şuşadakı musiqi festivalına kölgə salmaq istəyir. Məqsəd Ermənistan ictimaiyyətinin diqqətini Şuşadakı tədbirdən yayındırmaq istəyirdilər. Həmin gün Ermənistan mediası “Xarıbülbül” festivalı barədə demək olar ki, tək-tək informasiya yaydı.

Paşinyanın gecə ilə Təhlükəsizlik Şurasının iclasını çağırması da təxribat idi və onlar Ermənistan cəmiyyətinin diqqətini bu məsələyə yönəltməyə çalışırdılar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin verdiyi rəsmi açıqlamada da qeyd edilir ki, heç bir müdaxilə, silahlı gərginlik baş verməyib. Sadəcə olaraq, Ermənistan tərəfi ilə müzakirələr aparılıb. Ermənistanın xarici işlər nazirinin dərhal Sergey Lavrova zəng etməsi bunun təxribat məqsədi daşıdığını sübut edir”.

İlham İsmayıl hesab edir ki, Lavrovun İrəvana və Bakıya səfərləri zamanı sərhədlərin delimitasiyası və demarkasiyasının ağır, lakin vacib olduğunu bildirməklə erməniləri nəzərdə tutub:

“O, ermənilərə geri çəkilməli olduqlarına dair mesaj verib. Çünki həmin ərazilər Azərbaycan torpaqlarıdır. Lavrov da Kreml də yaxşı bilir ki, Ermənistan təxribatla məşğuldur. Sadəcə olaraq, bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ona görə də deyirlər ki, Qazax rayonunun işğal altındakı kəndələrinin qaytarılmasına tələsməyin. Ermənistanda iyunun 20-də seçkilər keçirilsin, sonra həll edin. Hesab edirəm ki, təxribat törədən tərəf Ermənistandır. Azərbaycan isə qanunla öz işini görür. SSRİ-nin Baş Qərargahının müəyyən etdiyi xəritə əsasında Azərbaycan hərəkət edir. Ermənilər həm də Zəngəzur məsələsindən Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Ancaq onu da qeyd edim ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, Rusiyanın da xeyrinədir. İran ərazisindən nəqliyyat-kommunikasiya dəhlizinin açılması Rusiya üçün əlverişli deyil. Çünki İran ideoloji dövlətdir və gələcəkdə rejim dəyişə bilər. Zəngəzurdan dəhliz açılsa, Rusiyanın həm İranla, həm də Ermənistanla birbaşa quru əlaqəsi yaranır. Yüklərin daşınmasında heç bir problem yaranmır. Ona görə də bu məsələdə Azərbaycanın iradəsi Rusiya ilə üst-üstə düşür. Məhz bu səbəbdən Azərbaycan Prezidenti deyir ki, biz Zəngəzurdan dəhliz açacağıq. Sadəcə olaraq, həmin proses iyunun 20-dən sonra daha sürətlə inkişaf edəcək. Azərbaycanın mövqeyi Rusiya ilə razılaşdırıldığına görə dövlətimiz qətiyyətli hərəkət edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlzinin açılması Dağlıq Qarabağda ermənilərin yaşadığı bölgədə Azərbaycanın suverenliyinin bərpası ilə eyniləşdirilməməlidir. Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə Zəngəzur məsələsinin bir o qədər əlaqəsi yoxdur. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına icazə verməsə, Azərbaycan Laçın dəhlizini bağlamalıdır. 10 noyabr bəyanatında bu barədə ayrıca maddə olmasa da, rəsmi Bakı bəyan edə bilər ki, Ermənistan anklav ərazi kimi Naxçıvanla əlaqə yaratmağa icazə vermədiyinə görə, Azərbaycan da Xankəndidən Ermənistana gedən dəhlizi bağlayır. Bir saatın ərzində xüsusi təyinatlılarımız Laçın dəhlizinə nəzarəti ələ alsın”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 13729