hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Ermənistanla Azərbaycan arasında rabitə varmı? - RƏY

Ermənistanla Azərbaycan arasında rabitə varmı? - RƏY

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqə işlək vəziyyətdədir. Yəni erməni nazir demək istəyir ki, müharibə vəziyyətində olan tərəflər bir-biri ilə əlaqə saxlayıb hansısa məsələni yoluna qoymağa çalışırlar.

Cebhe.info xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu məsələyə münasibət bildirib.

Politoloq qeyd edib ki, iki tərəf arasında rabitənin qurulması haqqında razılıq ötən ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı qısa görüşdə əldə olunmuşdu:

“Liderlər MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. İlham Əliyev Nikol Paşinyanla əsas olaraq təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər. Bu İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Paşinyanın sözlərinə görə, o İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırmış, Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar vermişdi.

Bir il keçib. Göründüyü kimi, Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Paşinyan da bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta “Qarabağ Ermənistandır” deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi.

Belə olan halda Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyası necə işləyə bilərə”.

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan Ordusu və sərhəd qoşunları tez-tez yerdəyişmələr edirlər, taktiki döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur. Eyni zamanda Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur:

“Bu vəziyyətdə erməni nazirin dediyi kimi hansısa rabitə vasitəsi varsa belə, bu heç nəyə yaramır. Mümkündür ki, Z.Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib. Bütün hallarda Azərbaycan Müdafiə Nazirliyinin və ya XİN-nin erməni nazirin "kommunkasiya" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasına ehtiyac var”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1079