hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ev bazarında canlanma: Alanı da, satanı da razı salacaq?

Ev bazarında canlanma: Alanı da, satanı da razı salacaq?

Məlum olduğu kimi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində müraciətlərin elektron sistem vasitəsilə qəbuluna başlanacaq.

Bu günlərdə İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumatda bildirilib ki, artıq prosedura başlanılıb, işlər davam etdirilir: “Fond tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcək”. 

 “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na görə, kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcək.

Tələblərə əsasən, kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin, sonrakı dövrdə mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur.

Qaydaya əsasən, Fondun yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin vərəsələrinə keçir.

Məlum olduğu kimi, ölkəmizdə mənzil probleminin həlli məqsədilə digər variantlar da təklif olunur. Ev almaq üçün nağd vəsaiti olmayanlar ipoteka krediti götürə bilər. Həmçinin əhaliyə güzəştli ipotekadan yararlanmaq şansı da verilir. Vətəndaşları düşündürən məsələlərdən biri də budur ki, əgər hər iki variantda  - yəni həm Fond tərəfindən kirayə mexanizmində, həm də ipoteka götürülməsi zamanı söhbət ümumi məbləğin aylıq ödənişlər vaistəsilə ödənilməsindən gedirsə, bunlardan hansı daha əlverişlidir.

İlkin olaraq, bir məqamı qeyd edək ki, güzəştli ipoteka kreditindən yararlanmaq şansı yalnız əhalinin müəyyən bir kateqoriyasına verilir. Burada şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), milli qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan və digər şəxslər nəzərdə tutulur. Əlavə edək ki,  güzəştli ipoteka almaq hüququ olan əhali qrupu həm də sosial mənzillərdən faydalana bilər. Satmaq öhdəliyi ilə kirayə mexanizmindən isə bütün

Azərbaycan Respublikasının vətəndaşları faydalana bilərlər. Yalnız müraciət tarixinə banka və ya digər təşkilata vaxtı keçmiş borcu olanlar istisna edilir. 

İqtisadçı ekspert Əli Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, satmaq öhdəliyi ilə mənzillərin kirayə verilməsi mexanizminin şərtləri ipoteka və güzəştli ipoteka şərtlərindən daha sərfəlidir:

“Burada əvvəla ilkin ödəniş azdır, yəni aylıq ödənişin 12 misli qədərdir. Bu da təqribən mənzil qiymətinin cəmi 4 faizi edir. Sosial ipotekada ilkin ödəniş təqribən 10 -15 faiz, adi ipoteka isə 25-30 faizdir. Göründüyü kimi, fərq böyükdür. Əsas üstünlük bundan ibarətdir.  Digər fərq isə faizlərin aşağı olmasıdır. Adi ipotekada kredit faizləri 6,5-7,5 faizdir, sosial ipotekada isə 3,5-4 faizdir. Hökumətdən bildirilir ki, kirayə evlərdə faiz olmayacaq. Amma İpoteka və Kredit Zəmanət Fondu əvvəlcə həmin evləri almalıdır, bunun üçün isə pul cəlb edilməlidir. Həmin vəsaitin özü faizlə alınır ki, bu hardasa 2-3 faiz edir. Bu məsələləri nəzərə aldıqda kirayyə evlər daha sərfəlidir. Digər şərtlərdə də fərqlər var, amma onlar hələ dəqiq deyil”.

İqtisadçı ekspert satmaq öhdəliyi ilə kirayə mənzillərin verilməsinin əhalinin hər hansı bir qisminə ünvanlanmamasının da bu mexanizmin üstünlüklərindən olduğunu dedi: “Güzəştli ipoteka və ipoteka proqramlarında məhdudiyyətlər var. Əhalinin yalnız bir hissəsinin güzəştli ipoteka almaq imkanı var. Adi ipotekada isə gəlirlərlə bağlı sərt tələblər var. Kirayə evlərin verilməsindən əhalinin daha geniş təbəqəsi, hətta evi olanlar da yararlana bilər. Ona görə də bunu daha liberal hesab etmək olar”.

Əli Əhmədov bildirir ki, hökumət satmaq öhdəliyi ilə kirayə mexanizmini tətbiq etməklə iki əsas problemi həll etmək istəyir: “Bir tərəfdən əhalinin mənzillə təminatı nəzərdə tutulur, ikinci məqsəd isə tikinti şirkətlərinin inşa etdikləri evlərin satılmasıdır. Çünki onlar bu sahəyə yatırım ediblər, bəzilərinin evləri satılır, bəzilərininki isə yox. Bu mexanizm həm də onlara dəstək xarakteri, “mallarının əllərində qalmaması” məqsədi daşıyır. Bu evlər alındığı zaman tikinti şirkətləri yenilərini inşa etmık üçün həvəslənirlər. Tikintinin işə düşməsi isə digər sahələri canlandırır, bu 26 sahəyə müsbət təsirini göstərir”.
Xatirə Nəsirova 

Cebhe.info


Oxunma sayı: 4841