hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Evdə, küçədə, sosial şəbəkədə aqressiya: “Yuxu, qida, cinsi istək təlabatı ödənilmirsə…”-PSİXOLOQLA MÜSAHİBƏ

Evdə, küçədə, sosial şəbəkədə aqressiya: “Yuxu, qida, cinsi istək təlabatı ödənilmirsə…”-PSİXOLOQLA MÜSAHİBƏ

Son zamanlar cəmiyyətdə artan aqressiyanın şahidi oluruq. Ailədaxili zorakılıq, qətllər, ictimai davranışlardakı qəddarlıq ciddi həyəcan siqnalına əsas yaradıb.

Bu gün cəmiyyətdəki aqressiyanın səbəblər ilkin baxışda bəlli olmasa da, sonrakı mərhələlərdə bunun ağır nəticələri özünü göstərir. Bəziləri bunu maddi səbəblə, sosial problemlərlə, bəziləri isə şəxsi keyfiyyətlərlə əlaqələndirirlər. Bəs əslində səbəb və çıxış yolları nədir?

Cebhe.info psixoloq Vəfa Əkbərlə bu mövzuda müsahibəni təqdim edir.

- Son zamanlar küçədə, ictimai nəqliyyatda, hətta sosial şəbəkələrdə insanların aqressiv davranışını, hər şeyə sanki kin, nifrət püskürdüklərini müşahidə edirik. Sizcə, bu, nə ilə əlaqəlidir?

- Əvvəla, bildirim ki, toxunduğunuz problemin ən böyük səbəbi əsasən iqtisadi və maddi böhrandır. Həmçinin, insanın təməl təlabatlarının ödənməməsi də aqressiyaya səbəb olur. Təbii təlabatlara yuxu, qida, cinsi istəklər daxildir.

Əgər deyilən təməl təlabatlar ödənmirsə, bu, aqressiya yaradır və səbəbli - səbəbsiz partlamağa mütləq ki, bir yer tapacaq. Təbii ki, problemin kökündə iqtisadi böhran və ya maddi sıxıntılar varsa, bu vəziyyət həmin insanın yuxusunu da ərşə çəkəcək, ağız dadını da qaçıracaq. Nəticə etibarilə təməl təlabatlar ödənməmiş olur.

Belə olduqda, insan həmişə gərgin, narahat olur, elə düşünür ki, hər kəs onun haqqına girir. Həm də düşünür ki, yetərincə özünü müdafiə edə bilmir. Elə insanların bilmədən ayağını yüngül tapdalasanız, yaxud da qoluna toxunsanız, artıq üsyan baş verir. Çünki elə düşünür ki, qarşı tərəf onun şəxsi ərazisinə girib, rahatlığını əlindən almaq istəyir.

Belə davranış özünümüdafiə xarakteri daşıyır. Belə insanların cəmiyyətdə daim düyünlənmiş qaşla, fikirli gəzdiyini, hətta tanışının yanından keçdikdə belə onu fərq etmədiyini də görürük. Çünki həmin zaman artıq beyində problemləri vur- çıx edir.

- Təməl prinsiplərin içərisində qida, cinsi, yuxu təlabatlarının olduğunu dediniz. Maraqlıdır, bu təlabatların ən çox hansı yetərli olmayanda aqressiya daha güclü olur?

- Amerikalı psixoloq Abraham Maslova görə yuxu, qida və seksual təlabatlar eyni pillədədir. Yəni bunların hansı önəmli, hansı önəmsizdir deyə bir şey yoxdur. Üçü də eyni dərəcəlidir. Əgər təlabatlardan biri ödənmirsə, bu zaman digərlərinə basqı yaranır. Məsələn, yuxu təlabatını ödəməyən insan daha çox qidalanmağa meyilli olur.

Belə şəxslərdə qida pozuntusu yaranır. Yaxud seksual təlabatı ödənməyən insan daha çox yatmağa meyilli olur. Bu təlabatların biri itdikdə digərinin gücünü, təlabatını daha da artırır, bir növ itirilmişi kompensasiya edir. Bu da çox yemək, çox yatmaq pozuntusu yaradır.

- Azərbaycan ailə modelində nə qədər söz- söhbət, əsasən də maddi problemlər olsa da, buna o qədər də önəm verilməyib. Yəni problemlər düşündüyümüz kimi aqressiya yaratmayıb, indiki kimi sosial şəbəkələrə çıxarılmayıb. Sizcə, buna səbəb nədir?

- Keçmiş ailələr indiki ailələrlə o zaman müqayisə edilə bilərdi ki, həmin ailələrin də əlində sosial şəbəkələrdən istifadə imkanları olardı. Keçmişdə insanlar ancaq bir televiziya kanalına baxardı. Bu gün vətəndaşdan soruşsanız ki, harada yaşamaq istəyir, o, Avropa ölkələrinin birinin adını çəkəcək.

Əgər Avropada yaşamaq bu qədər rahat və gözəldirsə, niyə Avropanın müəyyən qaydalarını burada yaşatmayaq ki?! Amma pis nə varsa, bunu Avropaya, yaxşı nə varsa, öz mentalitetimizə yazırıq.

Bunun özü belə qeyri- sağlam düşüncə deyilmi? Təbii ki, bizim mentalitetimizin , Avropa dəyərlərinin də yaxşısı və pisi var. Biz o zaman müqayisə edə bilərik ki, keçmişdə də hər şey, xüsusən qeyd etdiyim kimi sosial şəbəkələr olardı. Keçmişdə bunların heç biri yox idi, son on ildə bunlar rezonans yaradıb.

Keçmişdə sosial şəbəkələr yox idi, əvəzinə qeybət, qonşulara gedib ailənin sirrini yaymaq var idi, iki böyük nəsildə böyük xaos yaradılırdı. Hamı belə ailələrin problemlərini əzbər bilirdi. Keçmiş dövrdə cinsi problem olan ailədə cinsi doyumsuzluq olanda, istər qadın, istərsə də kişi bunu səsləndirməyi ayıb bilirdi.

Bunun nəticəsində nə yaranırdı?! Kişi xəyanət etməyə başlayırdı, ya da qadında deyingənlik, razı qalmamaq kimi problemlər yaranırdı. Adətən elə ailələr haqqında deyirlər ki, gözəl ailə idi, amma bunların axırı belə oldu. İndi isə əksər insan bu kimi problemləri açıq şəkildə dilə gətirir, səsləndirir, çıxış yolu axtarır.

Hər şey göründüyü kimi çox gözəl deyil. Bu gün kənardan ideal cütlük təəssürat yaradan ailələr bəzən toya - bayrama gələndə necə gözəl göründüyünü deyirik, amma buna rəğmən onların ailəsində nə baş verdiyini heç bir zaman bilmirik.

- Vurğuladığınız ailələr var ki, bəzən keçmiş düşüncəni indiki dövrdə yaşadırlar. Məsələn, birgə yaşayır, toy- bayrama birgə gedir, amma bir - birinə uyğun partnyor deyillər. Sanki belə yaşamağa məcburdular. Keçmiş qırılsa da, zərbə, aqressiya yenə ailəyə dəyir. Çıxış yolu nədir?

- Səbəb budur ki, keçmiş nəsillər hələ də yaşayır axı… Biz onların tərbiyə etdiyi övladlarıq. Nə qədər də dəyişim etməyə çalışsaq, tərbiyə şah damara daha yaxındır. Çətinliyə düşən kimi özümüz öyrəndiyimiz kimi deyil, bizə öyrədilən kimi davranırıq. Sonda tərbiyə öz yerini göstərir. Bu standart biz sağlam övladlar yetişdirən zaman qırılacaq. Uşaqlarımıza öz əşyamız kimi deyil, fərd kimi yanaşaraqsa, zəncirlər qırılacaq.

- Təməl prinsiplərdən əlavə, cəmiyyətdə aqressiyanın artmasına başqa hansı problemlər səbəbdir?

- İnsanın istəklərinin yerinə yetməməsi, təbiətinə uyğun yaşaya bilməməsi, tərbiyəsi ilə təbiəti arasında ziddiyyətin olması da aqressiya yaradır. Məsələn, şəxs təbiətənisakit, təmkinlidirsə, ona tərbiyə verən insan deyib- gülən, şən biridirsə, “Sən özünə qapalısan” deyə həmişə qarşısındakını qınayacaq.

Ya da əksi olur, şən uşağa “bəsdir”, “ağır ol”, “sakit dur”, “çox danışma”, “çox gülmə”, “ayıbdır” kimi sözlər deyilir. Yəni, bu nümunələr tərbiyə və təbiət arasında olan ziddiyyətlərdir. İnsanların çevrəsini xarakterinə uyğunlaşdıra bilməməsidir. Çünki adam bilmir ki, hansı özüdür. Elə adamlar daxilində həmişə ikili xarakterdə yaşayır.

Bu da o yerədək gətirib çıxardır ki, insan gələcəkdə düzgün həyat yoldaşı seçmir. Çünki bilmir ki, həyat yoldaşını tərbiyəsinə uyğun seçsin, ya təbiətinə uyğun. Həmin ailələrdə xoşbəxt olmaq, sevinmək, əylənmək olmur.

Hər şeyin var olduğu təqdirində yenə də onu qane etməyən şeylər mütləq ki, olur. Niyə? Çünki o, tam olaraq seçimini anlamır. Həmin şəxsin sahib olduğu şeylərə kimlərsə qibtə edir, lakin o, xoşbəxt deyilsə, deməli, seçdiyi həyat onun deyil. O, bunu istəmir. Belə insanın daxilində serotonin- xoşbəxtik hormonu öldüyü üçün həmişə gərgin, narazı olur. Təbii ki, belə olması onun ətrafını, ailə qurduğu insanı da narazı salır. Bir ömür epidemiya kimi bədbinlik, gərginlik paylaşılır.

- Pandemiyada ailədaxili gərginlik səbəbindən boşanmaların sayı da çoxaldı. Onlar və hazırda aqressiya içərisində olan ailələr siz deyən dəyişimi yarada biləcəklərmi?

- Mənim yanıma problemli və xoşbəxt ailələr gəlir. Sadəcə onu deyə bilərəm ki, pandemiya insanları bir- birinə daha yaxşı tanıtdı. Əslində pandemiyada insanlar daha çox necə biri ilə yaşadıqlarını gördülər. Həqiqətənmi, münasibətlərində özlərini tapıblar? İstər işdə, istər həyat yoldaşı, istərsə də dost olaraq fərq etmir, əgər bu pandemiyadan mutsuz çıxan insanlar oldusa, deməli, həmin insanlar istədiklərinə sahib deyillər. Əgər pandemiyadan xoş çıxdılarsa, deməli, öz sularında üzürlər.

Şəlalə Babayeva
Cebhe.info


Oxunma sayı: 6293