hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Eyni gündə döyüş, eyni gündə şəhidlik: “Statusunda məzar şəkli paylaşmışdı, 5 dəqiqə sonra...” - FOTOLAR + VİDEOLAR

Eyni gündə döyüş, eyni gündə şəhidlik: “Statusunda məzar şəkli paylaşmışdı, 5 dəqiqə sonra...” - FOTOLAR + VİDEOLAR

Torpaqlarımıza qanı və canı ilə azadlıq gətirənlərin sırasında onun da imzası var.

25 yaşlı şəhid gizir Tərlan Amanəliyevin... 44 günlük Vətən savaşında qəhrəmanlığı, şücaəti və qorxmazlığı ilə düşmənə sinəsini sipər edən Tərlan Ağdərə döyüşlərində tarix yazaraq şəhidlik zirvəsinə ucalıb.

Cebhe.info şəhid Tərlan Amanəliyevin yaşadığı doğma ocağında, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində olub. 52 gündür şəhid olan qəhrəmanımızın ocağına yaxınlaşanda izdihamla qarşılaşdıq. Yaxınları, doğmaları və qonşuları şəhidini xatırlamağa toplaşmışdı. Yaş dolu gözlər hələ də Tərlanın otaq böyüklüyündəki fotosuna zillənmişdi...

“Boynu bükük gəzməyəcəyinə söz ver...”

Həyat yoldaşı Ülviyyə Amanəliyeva Cebhe.info-ya igidinin qəhrəmanlıq dolu xatirələrini bölüşüb və Tərlana verdiyi sözü tutaraq qürurla ondan bəhs edib:

“Tərlan yetimliklə böyüyüb. Tərlan min bir əziyyətlə ev qurdu və içinə girdik. Özünün çox çətin həyatı olub. Anasını 6-7 yaşlarından itirib... Atası isə ona sahib çıxmayıb, heç bir məsələdə yanında olmayıb. Dayısının köməkliyi və dəstəyi ilə ayaqda qalıb. Uşaq yaşlarından işləyib və özünü dolandırıb. İndi məni yandıran da bax bunlardır... Min bir əziyyətlə ayaqda duran Tərlanımın gedişi... Amma fəxr edirəm... Öyünürəm onunla... O, sağlığında da şərəfli idi, heç kimə əyilmirdi. Ölümü də şərəfli oldu və ən ali zirvəyə ucaldı...”

“Polad Həşimovun qisasını almağa tələsirdi...”

Tərlan və Ülviyyə Amanəliyevanın evliliyndən 2 il keçir. Övladları yoxdur. Ağızdolusu Tərlanın qayğıkeşliyindən söz açan 23 yaşlı Ülviyyə təklikdən gileylənmir:

“Döyüşə gedən gündən danışırdıq. Bilirdi ki, onsuz yemək yemirdim. Telefonda anamdan yemək yediyimi soruşurdu, narahatlığını gizlətmirdi. Günlərim ağlamaqla keçirdi. Sanki özümü onsuz qalacağıma hazırlayırdım...

General Polad Həşimov şəhid olandan sonra evdə qərar tutmurdu. Onun ölümünə çox üzülmüşdü və qisasını almağa tələsirdi. Hər gün evdə bu barədə danışırdı. Döyüşlər başlayan gün könüllü olaraq adını yazdıqmağa gedibmiş. Amma evdə deməmişdi, xəbərsiz idim. Sadəcə, getdiyi gün xəbərim oldu. Sevincinin həddi-hüdudu yox idi. Mənimlə son dəfə görüşəndə və ondan sonrakı telefon danışıqlarımızda da yeganə sözü “Boynu bükük gəzməyəcəyinə və ayaqda duracağına söz ver” oldu. Sentyabrın 27-si Şamaxıya şəhid gəlmişdi. İşdən yorğun və ac gəlmişdi. Xəbəri eşidən kimi dostu Zahirlə şəhidi qarşılamağa getdilər. Dedim ki, yeməyini ye, gedərsən. Dedi, nə danışırsan, şəhid gəlib, yemək yeyə bilərəm? Elə həmin günün səhəri hərbi komissarlığa gedib, döyüşlərdə iştirak etmək üçün adını yazdırıbmış. Getdiyi gün mənimlə görüşməyə evə gəldi. Sadəcə, 5 dəqiqə danışa bildik, uzaqlaşana kimi gözlərimə baxmadı. Döyüşlərdə olduğu günlərdə hər şeyin yaxşı olduğunu və salamat qayıdacağını deyirdi. Döyüş yoldaşları ilə birlikdə düşmənin xeyli tankını məhv etmişdi. Ağızdolusu uğurlarından danışırdı və hələ “Bundan da irəli gedəcəyik” deyə sevincini bölüşürdü. 10 gün sonra, oktyabrın 9-da şəhid xəbərini aldıq. Ağdərə uğrunda gedən döyüşlər zamanı boynundan snayper gülləsi almışdı...

Eyni gündə döyüşə getdilər və eyni gündə də şəhid oldular...

Ülviyyə Amanəliyeva ilə söhbətimiz zamanı məlum oldu ki, həyat yoldaşı uşaqlıq dostu Zahir Manafovla eyni gündə döyüşə gedib və eyni gündə də şəhid olublar:

“Hər ikisinin şəhid xəbərini eyni gündə aldıq. Zahirin həyat yoldaşı Şahnazla sinif yoldaşı olmuşuq. Zahir isə Tərlana qardaşdan da artıq olub. Şəhidlik zirvəsinə də birgə ucaldılar.

Ölümündən bir gün əvvəl anam və mən Tərlanla danışdıq. O qədər əhval-ruhiyyəsi yüksək, şən idi ki... Anasını uşaqkən itirdiyi üçün anama bağlı idi, həddindən artıq çox istəyirdi, üstündə əsirdi. Bir dəfə anam bərk xəstələnmişdi. Həkimə apardı və qurban boyun oldu ki, anama nəsə olmasın, yoxsa ikinci dəfə yetim qalar... Son dəfə anamla danışanda da döyüşlərdə irəliləmələri üçün ondan xeyir-dua istədi. Sonra mənimlə danışdı və məni belə uğurladı: “Heç vaxt boynubükük gəzmə, ayaqda dur, güclü ol. Səni çox istəyirəm”. Səsində təsvir olunmayacaq qədər sevinc var idi. Hər səhər danışırdıq. Hər gün olduğu kimi o səhər də zəngini gözlədim. Saat 7, 8 , yaxud 9-da, 3 saat ərzində zəng edirdi. Gözlədim, gördüm zəng gəlmir. Yenə gözlədim... Saat 12:00 idi. Nömrəsindən zəng gəldi. Sevinə-sevinə telefona qaçdım. Əlaqəni kəsib özüm zəng etdim ki, konturu bitməsin. Amma tanımadığım bir səs cavab verdi... Zahirin də səsinə bənzəmirdi...Tanımadığım səs soruşdu :

- Bacı, Tərlan Amanəliyev adlı yaxınınız var?
- Həyat yoldaşımdır...
-Bəs Zahir Manafov nəyinizdir?
-Yoldaşımın dostudur, qardaşımdır.

Dedi, siz Zahirin ailəsinə deyə bilərsiz ki, şəhid olub? Ayaqlarım, əllərim əsdi, dilim söz tutmurdu. Zahir mənə qardaş kimi idi. Qışqırıq səsimə bacımla qardaşım gəldi. Danışa bilmirdim, boğulurdum... Soruşdum ki, bəs Tərlan necədir? Dedi yaxşıdır, narahat olmayın. Söruşdum bəs özü niyə danışmır? Dedi ki, bu telefon Zahirin cibindən çıxıb, Tərlan qulluqdadı... Xahiş etdim ki, telefonu Tərlana versin... “Yox, yox, başqa yerdəyəm” deyib, telefonu söndürdü... Sən demə, məndən əvvəl Tərlanın dayısına şəhid olduğu barədə xəbər gəlmişdi...”

Hərbi geyimi hər gün əynimdə olur...

“İndi Tərlandan mənə ən qiymətli hədiyyəsi olan hərbi geyimi qaldı... Formanı əynimə geyəndə Tərlanımı hiss edirəm... Başını uca tut, əyilmə, mən cənnətdəyəm” sözlərini dediyini sanki eşidirəm”,-deyir Ülviyyə...

Söhbətimizi Tərlanın sosial şəbəkədəki son statusu ilə bitirir:

“Ölümündən bir həftə əvvəl statusunda məzar şəkli paylaşaraq, altında bu sözləri yazıbmış: “Ana, səni bir dəfə görmək üçün bütün dünyanı verərdim... Mən statusu görməmişdim. Anam zəng etdi ki, Ülviyyə nəsə olub? Dedim, yox, niyə ki? Dedi, Tərlanın statusundan narahat qaldım...Sən demə, Tərlan statusu 5 dəqiqə saxlayıb.... Anamın narahatlığını hiss edib, silmişdi. Amma arzusuna yetdi və anasını görməyi seçdi...”

Digər şəhid Zahir Manofov barədə isə növbəti sayımızda...

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 22595

Bizim Telegram səhifəmizi izləyin