hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Faiz dərəcələri o zaman düşəcək ki: ŞƏRTLƏR

Faiz dərəcələri o zaman düşəcək ki: ŞƏRTLƏR

Tez-tez dövlət rəsmilərinin, iqtisadçıların və müştərilərin kredit faizlərinin aşağı salınması barədə çağırışlarını eşidirik. 

İddia olunur ki, 12%-lə əmanət cəlb edib, 24%-lə kredit ayıran banklar yüksək qazanc götürürlər. “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov iddialara münasibət bildirib. Onun sözlərinə görə, kredit faizinə bankın sırf gəliri kimi baxılmamalıdır: “Kredit faizinin içərisində pulun maya dəyəri (cəlb edilməsinə ödənilən faiz - red), risk faktoru, əməliyyat xərcləri var. 

Risk faktoru və əməliyyat xərcləri o qədər də böyük pay təşkil etmir. Kredit faizində əsas pay pulun maya dəyərinə düşür. Azərbaycanda banklar kreditləri daha çox əhalidən cəlb etdikləri əmanətlər hesabına verirlər. Burada pulun maya dəyəri əmanətçilərə ödənilən faizdir. “AccessBank”da əmanətlər üzrə orta faiz dərəcəsi 10%-dir. Hətta bəzi banklar 13%-lə əmanət qəbul edirlər. Xərcləri də nəzərə alsaq, 13% -lə cəlb edilən pulu Bank daha yüksək faizlə satmalıdır ki, qazanc götürsün. Kredit faizlərinin düşməsi üçün ilk növbədə əmanət faizləri düşməlidir”.

Anar Həsənov əlavə etdi ki, “AccessBank”da pulun itirilməsi riskinin qiyməti kredit faizlərinin 2-3 bəndi qədərdir. Kredit faizinin böyük hissəsi əmanət faizi, işçi, filialların saxlanılması və digər xərclərdir. Bankir qeyd etdi ki, əmanətlərə verilən faizlərlə kredit faizləri arasındakı kəskin fərq əslində rəqəm olaraq mövcuddur. Əmanətçi bir ilinin sonunda pulunun 12%-i qədər qazansa da, bank kreditin 24%-i qədər qazanmır. Müştəri kredit borcunu azalan qrafik ilə qaytardığından bankın gəliri daha aşağı olur: “Kiçik kreditlərdə faizlər daha yüksək, məsələn 24% ola bilər. Orta və iri kreditlərdə isə faiz 14-15% civarındadır. Bu faizlər pulun maya dəyərinə çox yaxındır, banka cüzi gəlir qalır. Tutaq ki, müştəriyə 1 il müddətinə 24% ilə 1000 manat kredit ayrıldı. Müştəri hər ay qalıq əsas borcuna görə faiz ödəyir. Aylıq ödəniş azalan qrafiklə olduğundan müştəri 1000 manata görə, 1 ilin sonunda, təxminən 100 manat əlavə pul ödəyir. Yəni 1000 manatın 10%-i civarında, baxmayaraq ki, kredit 24%-lə ayrılmışdı.

Kiçik kreditlərdə faizin yüksək olması hər bir kredit üzrə eyni xərcin çəkilməsidir. Kiçik sahibkarın banka təqdim etməsi üçün audit yoxlaması, biznes planı yoxdur. Biz öz işçimizi sahibkarın ünvanına göndəririk. İşçi yarım gününü sərf edib müştərinin təsərrüfatına baxır, yazır-pozur. Sonra müştəri kredit komitəsində qiymətləndirilir. Tutaq ki, ertəsi gün müştəriyə 24%-lə 1000 manat kredit ayrılır. Müştəri bu 1000 manata görə, yekunda banka 240 manat deyil, təxminən 100 manat əlavə pul ödəyir. Burada nəzərə almaq lazımdır ki, 1000 manatlıq kreditlərdən ibarət portfeli yığmaq bank üçün daha xərclidir: İşçinin maaşı, nəqliyyat xərcləri, kredit komitəsi üzvlərinin maaşları və s. Kredit faizləri rəqəm olaraq böyük görünür, əslində bank üçün böyük gəlir yoxdur. 1 nəfərə 1 milyon manat kredit verməklə, 1000 nəfərə hər birinə 1000 manatdan olmaqla 1 milyon manat kredit vermək tamamilə ayrı-ayrı xərclər tələb edir. Bank 1 nəfərə 12%-lə ayırdığı 1 milyon manatdan daha çox qazanır, nəinki 24%-lə 1000 nəfərin hər birinə ayırdığı 1000 manatlıq kreditlərdən. 1 müştəriyə 1 milyon manat kredit ayrılan zaman bankın işçisi cəmi 1 ünvana gedir, 1 müştərini araşdırır. 1 milyon manat 1000 müştəriyə verilən zaman bankın işçisi 1000 ünvanda olur və 1000 müştəri araşdırılır. Başqa sözlə, 1 milyon manat kreditin verilməsi üçün xərc bir dəfə deyil, eyni xərc min dəfə çəkilir”. “AccessBank”ın İdarə Heyətinin sədri vurğuladı ki, illik faiz dərəcəsi 15%-dək olan milli valyutadakı əmanətlərin sığortalanmasına baxmayaraq, banklarda əmanət faizləri daha aşağıdır: “Bazarda əmanət faizləri ortalama 10-12% civarındadır. Mən əmanət faizlərinin orta hesabla 8-9%-ə düşəcəyini gözləyirəm”. (Marja). 

Görünən odur ki, kredit faizlərindən əhali də narazıdır, banklar da. Bəs, hər iksini razı salmaq ucun nə etmək olar?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bankları da başa düşmək olar: 

“Xarici banklarda əmanətlər 1-2 faiz, kreditlər isə 5-6 faizdir. Bankın aradakı qazancı maksimum 3-4 faizdir. Azərbaycanda isə əmanəti 10-12 faizlə qəbul edirlər, krediti ən azı 20 faizlə verirlər. Nəticədə banklar, təxminən 8-10 faiz gəlir əldə edirlər. Kreditin faiz dərəcələri əsasən bankların risklərinə görə, müəyyən olunur. Azərbaycanda qanunlar işləmir, icra məmurları süründürməçiliklə, məhkəmələr də ədalətsizliklə məşğuldur. Nəticədə bankların rəsmi xərcləri artır. Banklar bəzən illərlə məhkəmə aparırlar, bəzən də qeyri-rəsmi qaydada yəni, işləri rüşvətlə görürlər. Buna görə də kredit faizləri yüksəkdir. Bu baxımdan ortaq məxrəcə gəlmək məsələsi bir az çətindir. Nə qədər ki, Azərbaycanda qanunlar işləməyəcək, təəssüf ki, bu problemlər də qalacaq”.

Ekspert bir müddət əvvəl faiz dərəcəsinin qanunla məhdudlaşması ilə bağlı Milli Məclisə verilən təklifə də toxunub: 

“Banklar faiz dərəcəsinin qanunla tənzimlənməsinə yol vermədi. Təəssüf ki, kredit faizlərinin tənzimlənməsini sırf qanunla etmək mümkün deyil. İlk növbədə burada bazar olmalıdır. İyulun 12-nə olan məlumata görə, Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsi 8.5 faizdir. Amma məsələ burasındadır ki, Mərkəzi Bank ayrı-seçkilik edir, bütün banklara o krediti vermir. Krediti, ancaq kimdən xoşu gəlirsə, o banklara verir. Həmin banklar əmanətlər, şirkətlər və yaxud da xaricdən cəlb etdiyi pullar hesabına fəaliyyət göstərir. Bu da banklara baha başa gəlir, ona görə də riskləri nəzərə alıb faiz dərəcələrini yüksək edirlər. 

Əgər Mərkəzi Bank bütün banklara ucuz kredit versə, faiz dərəcələri düşəcək. Çünki banklar arasında sağlam rəqabət olacaq. Bu amil də var ki, Mərkəzi Bankın ucuz kredit verdiyi 5-6 bank da kredit vermir. Təəssüf ki, bunu qanunla tənzimləmək mümkün deyil. Burada əsas rol Mərkəzi Bankındır, o da öz vəzifəsini düzgün icra etmir. Bir sözlə, banklara qarşı qeyri-obyektivlik var”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1046