hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Fərəc Quliyev: “Savaşdan sonra Prezident daha köklü islahatlar aparacaq” - MÜSAHİBƏ

Fərəc Quliyev: “Savaşdan sonra Prezident daha köklü islahatlar aparacaq” - MÜSAHİBƏ

“Milli birliyin yaranması, 50 siyasi partiyanın birlikdə ortaya mövqe qoyması mühüm məsələ idi”

27 sentyabrda Azərbaycanın erməni təxribatına qarşı başlatdığı əks-hücum əməliyyatı 44 gündən sonra Rusiya və Ermənistan da daxil olmaqla, bəyanat imzalanması ilə başa çatdı. Bəyanata əsasən, Ermənistan 1 dekabra qədər nəzərdə tutulan qrafiklə Ağdam, Kəlbəcər və Laçını boşaldacaq.

44 günlük müharibə Azərbaycan ordusunun gücünü, Ali Baş Komandanın qətiyyətini bütün dünyaya göstərdi. Torpaqlarımızın işğaldan azad olunması, qələbə eyni zamanda ölkəmizdə daxili həmrəyli və birliyi daha da möhkəmləndirdi. Ölkədə vətəndaş həmrəyliyi, siyasi birlik hökm sürür. Bu birliyin təməl prinsiplərindən biri də siyasi qüvvələr arasındakı uzlaşma, əməkdaşlıqdır.

Müharibədən əvvəl və müharibə getdiyi dönəmdə ölkənin 50 siyasi partiyası birmənalı mövqe ortaya qoydu və sona qədər Ordunun, Ali Baş Komandanın yanında olduqlarını bəyan etdi. Bu göstərir ki, Azərbaycanda sağlam siyasi sistem formalaşır. Dövlət başçısının tapşırığı ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu məsələnin müsbət nəticələnməsi üçün böyük və məsuliyyətli bir işi uğurla icra edir.

Cebhe.info bu mövzularla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyevlə söhbətləşib.

-Fərəc bəy, Qarabağ probleminin həlli ilə bağlı 10 noyabrda Azərbaycan, Rusiya Prezidenti və Ermənistan Baş naziri birgə bəyanat imzaladı. Bununla da müharibənin aktiv fazası bitmiş oldu. Bu bəyanatı siz necə dəyərləndirirsiniz?

-Bəzi yanaşmalarda insanlar ifrata varırlar. Azərbaycan tərəfi 44 gün müddətində 27 ildir həll olunmayan çox ciddi problemləri həll etdi. Ən maksimum nəticələri əldə etdik. Azərbaycan Ordusu, Ali Baş Komandan, xalqımız bunu zorla, qətiyyətlə aldı. Azərbaycan xalqı özünü təsdiq etdi. Əlbəttə, o bəyanatın Ermənistan tərəfinin tamamilə məhv olmasının qarşısını alan amil olmasına baxmayaraq, biz bütün geopolitik məsələləri də nəzərə almalıyıq. Bölgədə təkcə bizim maraqlarımız yoxdur. Amma hər halda nəticələrə görə danışmalıyıq. Nəticələr isə ondan ibarətdir ki, heç kim 27 sentyabrdan əvvəl bu gün Şuşanı bayram edəcəyimizi təsəvvür edə bilməzdi. Amma biz bu gün ərazilərimizi işğaldan azad etmişik. Bu faktdır. Digər tərəfdən, 10 noyabrda imzalanan bəyanatda bənd-bənd Azərbaycan torpaqlarının qaytarılacağı göstərilib. Ən mühüm məsələlərdən biri də odur ki, biz Laçını, Ağdamı, Kəlbəcəri dinc yolla qaytarırıq. Bu da bizim qazancımızdır. İşğaldan azad olunmamış ərazilərdə də artıq Azərbaycan hakimiyyəti bərqərar olacaq.

Əgər ermənilər orada yaşamaq istəyəcəklərsə, Azərbaycan pasportu alacaqlar. Heç bir statusdan söhbət getmir. Yəni nəticələr tam qaneedicidir. Hesab edirəm ki, bütün bunları bayram səviyyəsində qeyd etmək lazımdır. Bəzən bu bəyanata dırnaqarası baxanları görürük. Amma bir çox təzyiqlərin qarşısında Azərbaycan, xüsusilə də Ali Baş Komandan çox ciddi şəkildə dirəniş göstərdi. Mən bunu Prezidenti tərifləmək mənasında demirəm, baş verənlər hamımızın gözü qarşısında oldu. Şuşanın azad olunması xəbərini verəndə sona qədər danışa bilmədi, kövrəldi. Hesab edirəm ki, bir neçə gündən sonra bayrağımızı Xankəndidə sancacağıq. İfrat dərəcədə başqa güclərin bizi digər dövlətlərlə toqquşdurmaq, nəticələrimizi ləğv etmək, ordumuzu başqa ordularla üz-üzə gətirmək məramları var idi. Bu bəyanatla onların da qarşısı alındı.

Xankəndidə 58 jurnalisti bilə-bilə saxlamışdılar, ermənilər isə yolu bağlamışdı ki, onlar çıxa bilməsin. Onlar bilə-bilə orada muzdluların əli ilə qətliam törətmək istəyirdilər ki, bizim üzərimizə gəlsinlər. Ermənilərin bu planı da baş tutmadı. Biz 27 ildə əldə edə bilmədiklərimizi bu gün əldə etmişik. Mən xalqımızı təbrik edirəm.

-Bu proses ərzində kifayət qədər müsbət məqamların şahidi olduq. Ölkədə həmrəylik, siyasi birlik yarandı. Müxalif partiyalar dəstək bəyanatları, birlik mesajları verdi. Sizcə, bu birlik davam edəcəkmi?

-Birmənalı şəkildə bu birliyin davam etməsi çox vacibdir. Baxın, müharibə bitməyib. Əldə olunan sülh sazişi deyil, atəşkəs bəyanatıdır. Əgər sabah qarşı tərəf bu razılaşmanı pozarsa, müharibə yenidən aktiv fazaya keçə bilər. Biz hələ torpaqlarımızı tam olaraq işğaldan azad edib qurtarmamışıq. Qarşı tərəfin də riyakarlığı və fitnəkarlığı davam edəcək. Ona görə də bu gün həmin birliyi qoruyub saxlamağımız çox vacibdir. Yəni müharibə tamamilə bitəndən sonra belə Ermənistan müxtəlif sferalarda savaş aparacaq. Hesab edirəm ki, kimin nə deməsindən asılı olmayaraq, Ali Baş Komandan birmənalı şəkildə müdafiə olunmalıdır. Diplomatiyamız bəzən manevr edəndə hərə bir formada ortaya etiraz qoymalı deyil. Məsələn, 10 oktyabrda ilk humanitar atəşkəs razılaşmasında insanlarda bir qırıqlıq yarandı. Hamı hesab edirdi ki, bu doğru deyil. Amma bir müddət keçdi, hər kəs gördü ki, düşündükləri kimi deyil. Biz beynəlxalq ictimai qınaqdan qaçdıq, dünyaya Ermənistanın günahkar olduğunu göstərə bildik.

Onlar atəşkəsi pozdu və cavablarını aldı. Yəni hər bir detalı diplomatiyamız insanlara izah etməli deyil. Çünki izah olunan düşmənə də bəyan olunmuş olur. Ona görə də bəzi manevlər, yeni siyasi konfiqurasiyalar, şəkilləndirmələr olanda, cəmiyyət bunu qəbul etməlidir. Hesab edirəm ki, son 44 gündə Ali Baş Komandan özünün vətənpərvərliyi, qətiyyəti, bütün mənalarda bir addım belə geri çəkilməməsi, xalqa bağlılığı ilə cəmiyyətə açıldı. Ona görə də əgər biz etimad göstəririksə, tam olmalıdır, yarımçıq yox. Rusiyanın sülhməramlılarının gəlməsini kimsə istəməyə bilər, amma dövlət maraqları var və atılan addımları biz qəbul etməliyik. Yəni siyasi partiyalar, cəmiyyət öz dəstəyini birmanalı şəkildə davam etdirməlidir. Bu, həm də qələbənin səbəblərindən biridir. Göstərdiyimiz monolitlik, birlik dünya tərəfindən də yaxşı mənada təəccüblə qarşılandı. Biz bunu qorumasaq, düşmən bundan çox ciddi şəkildə istifadə edə bilər.

-Fərəc bəy, biz artıq qalib ölkəyik. Bundan sonra bir çox sahələr kimi, siyasi sferada da dəyişikliklər gözlənilir. Perspektivdə nələrin dəyişəcəyini gözləyirsiniz?

-Biz bu gün Vətən müharibəsinin içindəyik. Amma hesab edirəm ki, bu gün əldə olunan nəticələr bu günə qədər aparılan siyasi islahatlardan çox asılı oldu. Buna qədər milli birliyin yaranması, 50 siyasi partiyanın birlikdə ortaya mövqe qoyması, ortaq davranış nümayiş olunması, kənar güclərin burdakı maşalarının neytrallaşdırılması, xaricdən gələn söyüş kampaniyasına cəmiyyətin birlikdə etiraz etməsi mühim məsələlər idi. Hesab edirəm ki, vəziyyət bir qədər sabitləşəndən sonra siyasi islahatlar daha da dərindən aparılacaq. Əlbəttə, onda bizim də şüarlarımız xeyli dərəcədə dərinləşəcək, tələblərimizi, istəklərimizi və təkliflərimizi ortaya qoyacağıq. Proporsianal seçki sisteminə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması, siyasi yeniləşmələr, siyasi mübarizəyə şəraitin yaradılması və digər məqamlar səslənəcək. Düşünürəm ki, bunlar üçün siyasi iradə var. Hesab edirəm ki, savaşdan sonra ölkə Prezidenti daha ciddi, köklü şəkildə islahatlar aparacaq.

-Belə demək olarmı ki, biz qələbəni həm də siyasi birliklə, həmrəyliklə qazandıq?

-Bu birmənalıdır. Baxın, Azərbaycan əsgəri öndə döyüşür. O, bizim ailənin üzvüdür. O, bizim ailədən çıxıb ön cəbhəyə gedib. Yəni ailədəki vəziyyəti bilir. O, arxa cəbhədə birliyi, mehribanlığı, hər kəsin onun arxasında dayandığını görməsə, orada döyüşə bilməz. Əsgər görsə ki, arxa cəbhədə hamı didişir, hakimiyyət, “yorğan davası” edir, öndə savaşa bilməyəcək. Amma Azərbaycan ordusu hər şeylə təmin olunmasına baxmayaraq, hər kəs əlinə keçəni cəbhə bölgəsinə aparırdı. Kim nə bacarırdısa, edirdi. Bu, mənəvi dəstək idi. Yəni arxa cəbhədəki birlik, cəmiyyətin bir ailə kimi davranışı ön cəbhəyə təsir edən amildir və bu, danılmaz faktdır.

-Fərəc bəy, bu dönəmdə diplomatiyamızın fəaliyyətini necə qiymətləndirirsiniz?

-Müharibəyəqədərki dönəmdə diplomatik uğurlarımız olmasaydı, biz sahədə uğur qazana bilməzdik. Xeyli basqılar var idi, amma əvvəldən qazandığımız diplomatik uğurlar onların qarşısında bufer kimi dayandı. Söhbət ondan gedir ki, bu diplomatik uğurların bir çoxu birbaşa Prezidentin adı ilə bağlıdır. Çünki bir çox səfirliklər işinin öhdəsindən gələ bilməmişdi, Xarici İşlər Nazirliyinin işində bir çox yarıtmazlıqlar vardı. Amma bütövlükdə biz ona nail ola bilmişdik ki, 1993-cu ildə artıq BMT-də qəbul olunan qətnamələri qüvvədən salmağa çalışanda bacarmadılar. İngiltərə veto hüququndan istifadə etdi, Qoşulmama Hərəkatı bizə dəstək verdi. Ermənilər çalışırdı ki, müharibəni müsəlman-xristian qarşıdurması kimi təqdim etsinlər. Amma bizə müsəlman ölkəsi olmayan Ukrayna, Moldova, Gürcüstan, Macarıstandan dəstək gəldi. Türkiyənin adını başqalarına qatmadan xüsusi olaraq çəkmək istəyirəm. Bu, tam fərqli, bir ailə münasibəti idi. Biz də ömrümüzün sonuna qədər təbii ki, Türkiyənin bir çətinliyi olarsa, yanında olacağıq.

Pakistan bizə açıq dəstək verdi. Bütün bunlar diplomatik uğurlarımızın nəticəsidir. Hesab edirəm ki, arxayınlaşmaq olmaz. Bundan sonra bu sahələrdə daha çox açılışmalı, daha çox potensialımızı ortaya qoymalıyıq. Biz bütün potensialımızdan istifadə etməmişdik. Parlamentin özü o dönəmdə də, indi də çox ləng davrandı. Bir neçə üzvdən başqa hamısı yatmaqla məşğul oldular. Mən özüm ermənilərin atom elektrik stansiyası ilə bağlı müxtəlif yerlərə, ermənilərin burada törətdikləri ilə bağlı 750-yə qədər Avropa parlamentarisinə müraciət etdim. Amma hamı bu fəaliyyəti göstərmidi. Mən özünü qəhrəman kimi təqdim etmirəm. Amma bundan sonra da arxayın olsaq ki, hər şey yaxşıdır, uduza bilərik. Ona görə də bu sahədə daha ciddi çalışmağımız lazımdır.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 19977

Bizim Telegram səhifəmizi izləyin