hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

FES də təsirsiz oldu: Dollar "yumşalmır"

FES də təsirsiz oldu: Dollar "yumşalmır"

ABŞ-ın Mərkəzi Bankı Federal Ehtiyat Sistemi (FES) il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb. 

Bildirilir ki, tənzimləyici illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb.

Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb. FES bir qədər əvvəl də uçot dərəcəsini 0,25 faiz azaldaraq 2,25-2,5 faizdən 2-2,25 faizə endirib. 

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, FES kreditlər üzrə mərkəzi resurslara dair faiz dərəcəsini il ərzində növbəti dəfə azaldıb:

“Beləliklə, FES uçot dərəcəsi son 10 ildə ikinci dəfə azaldaraq 2 faiz həddində saxlayıb. Sentyabrda FES-in keçirəcəyi növbəti toplantıda baza faiz dərəcəsini aşağı salacağını qeyd etmişdim. Bunu adıçəkilən qurumun təxminən 2 ay öncə keçirdiyi sonuncu toplantısında uzun fasilədən sonra kəmiyyət möhkəmləndirməsi siyasətindən əl çəkməsi ilə əlaqədar söyləmək mümkün idi. Belə ki, 30-31 iyulda keçirilən toplantının yekununda 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsi 0,25 bənd azaldılıb, illik 2-2,25 faiz səviyyəsinə endirildi. Bu da təbii idi. Ona görə ki, ABŞ iqtisadiyyatında inkişaf tempi əvvəlki dinamikada deyil, üstəgəl, digər ölkələrlə də (xüsusən də, Çinlə) ticari və iqtisadi münasibətləri gərgindir”.

Ekspert FES-in sonuncu qərarından sonra qurum rəhbərinin keçirdiyi mətbuat konfransındakı çıxışına da diqqət çəkib:

“FES sədri qeyd edib ki, baza faiz dərəcəsinin bu cür azaldılması davamlı xarakter daşıya bilər. Lakin bir nüansa diqqət çəkim ki, FES-in iyul iclasının nəticəsi olaraq uçot dərəcəsini aşağı salması dollara təsir etmədi. Yəni bundan əvvəlki qərar nəticəsində ABŞ valyutası ucuzlaşmadı. Bu isə çox təhlükəli siqnal hesab olundu. Belə ki, hər hansı bir Mərkəzi Bank tərəfindən uçot dərəcəsi azaldılırsa, bunda məqsəd milli valyutanın dəyərini yumşaltmaqdan ibarətdir. Bu yolla yerli istehsal məhsulları ixracını stimullaşdırmaq siyasətinə dəstək verilir. Uçot dərəcəsinin endirilməsinin iqtisadi mahiyyəti məhz bundan ibarətdir”.

Pərviz Heydərov hesab edir ki, FES-in iyul qərarından sonra dolların ucuzlaşmamasını şərtləndirən əsas məqam qlobal iqtisadiyyatda mövcud vəziyyətin gərgin olmasıdır:

“FES-in iyulda faiz dərəcəsini aşağı salmaqda məqsədi dolların məzənnəsini yumşaltmaqdan ibarət idisə də, iqtisadi cəhətdən bu, baş vermədi. O səbəbdən ki, yalnız FES deyil, həm də bir çox ölkələrin Mərkəzi Bankları tərəfindən də eyni addım atılmaqdadır. Başqa sözlə, digər ölkələrdə də uçot dərəcəsinin aşağı salınması ABŞ dolların ucuzlaşmasının FES-in faiz siyasətindəki son iki dönüşünün təsir və təzyiqlərinin qarşısını alır, görünür almaqda da davam edəcəkdir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 925