t Fevralın 1-dən: İri ticarət mərkəzləri yenə problem yaradacaq
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Fevralın 1-dən: İri ticarət mərkəzləri yenə problem yaradacaq

Fevralın 1-dən: İri ticarət mərkəzləri yenə problem yaradacaq

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. 

Əsas yeniliklərdən biri ticarət və iaşə müəssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır. Belə ki, ödənişi pos-terminallar (nağdsız) və nağd edənlər müvafiq olaraq ƏDV-nin 15 faiz və 10 faizini geri alacaqlar.

İqtisadiyyat Nazirliyinin 2019-cu ilin iqtisadi-sosial yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dövlət Vergi Xidmətinin rəsmisi İlkin Vəliyev bildirib ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin fevralın 1-dən başlanılması nəzərdə tutulur:

“Artıq ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasının texniki şərtlərinin hazırlanması prosesi gedir. Ən uzağı fevralın 1-nə qədər ƏDV-nin qaytarılması mexanizmi tam olaraq istehlakçılara təqdim edəcəyik. Məlumdur ki, “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində nəzarət-kassa aparatlarının quraşdırılması mövcud deyil. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlar pərakəndə ticarət qaydasında əldə etdikləri gəlirləri vergiyə cəlb olunmalıdır. Tək “Binə” və “Sədərək” Ticarət Mərkəzləri deyil, ümumi olaraq bütün yarmarka və bazarlarda nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam edəcək. 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrində, o cümlədən bazar və yarmarkalarda da nəzarət-kassa aparatlarının quraşdırılması tam başa çatdırılacaq. ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılması mexanizmi dörd mərhələdən ibarətdir. Artıq birinci-ikinci mərhələ 2019-cu ildə başa çatmışdı, üçüncü mərhələ 2020-ci ildə başa çatacaq, 2021-ci ildə isə tam olaraq bütün ticarət şəbəkələrini əhatə edəcək. Nəzarət-kassa aparatlarına keçid üçün xüsusi rejim yoxdur. Mövcud vergi qanunvericiliyinə uyğun olaraq vergilər ödəniləcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 1 il əvvəldən başlanılmalı idi:

“2019-cu ilin yanvarın 1-dən qanun var, amma onun tətbiqi ilə bağlı müddət uzadılır. Bunun strukturu, eləcə də texniki dəstəyinin hazırlanması üçün işlər 1 ildən artıqdır ki, uzanır. Ümid edək ki, fevralın 1-dən mexanizm işə düşəcək. Əslində, ƏDV-nin bir hissəsinin istehlakçıya qaytarılması çətin proses deyil. Bunu normal proqramların yazılması və tətbiqi ilə həll etmək mümkündür. Burada problem ondan ibarətdir ki, vergi ödəyicilərinin heç də hamısı qeydiyyatda deyil. Vergi ödəyiciləri rəsmi şəkildə vergi uçotuna alınmayıb. Bütün ticarət əməliyyatları “ağ” deyil, yəni Azərbaycanda nağdsız ödənişlərin həcmi kifayət qədər aşağıdır. Ölkəmizdə nağdsız ödənişlərin həcmi 10-15 faiz arasındadır, hansı ki, inkişaf etmiş ölkələrdə bu göstərici 90 faizə çatır. Azərbaycanda bütün bu problemlər var idi ki, ƏDV-nin qaytarılması prosedurları ilə bağlı qərarların yerinə yetirilməsi uzandı”.

Ekspert hesab edir ki, sözügedən mexanizmdə nağdı ödənişlərdə də ƏDV-nin qaytarılması məntiqsizdir: 

“Əgər nağdı ödənişlərdə ƏDV qaytarılacaqsa, onda bütün ticarət mərkəzlərində ƏDV-nin bir hissəsi tamamilə ləğv edilməlidir. Bu, daha məntiqli yanaşma olardı. Fikrimcə, ƏDV-nin qaytarılması ancaq nağdsız ödənişlərə tətbiq olunmalıdır ki, insanlarda stimul yaransın və nağdsız ödənişlərə keçid sürətlənsin. Əks halda, Azərbaycanda nağdsız ödənişlərə keçid hələ uzun zaman problem olaraq qalacaq. Bu da ümumilikdə, “kölgə iqtisadiyyatı”nın böyüməsinə səbəb olur”.

Natiq Cəfərlinin qənaətincə, “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində ƏDV-nin qaytarılması mümkünsüz olacaq: 

“Ümumiyyətlə, ölkəmizdə adıçəkilən ticarətə mərkəzləri kimi müəssisələr çoxdur. Buna görə də bu tipli ticarət mərkəzlərində ƏDV-nin qaytarılması mexanizmlərinin hazırlanması kifayət qədər problemlidir. Bunun strukturunun hazırlanmasının ən normal yolu ticarət dövriyyəsinin ağardılmasıdır. Bunun üçün də nağdsız ödənişlər təşkili sürətləndirilməlidir. Azərbaycan nağdsız ödənişlərin səviyyəsinə görə, hətta Afrika ölkələrindən də geri qalır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 18811