hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Fransa tarixi səhvə imza atacaq? - Parlamenti erməni yanlışından çəkindirəcək iki faktor

Fransa tarixi səhvə imza atacaq? - Parlamenti erməni yanlışından çəkindirəcək iki faktor

Fransa parlamentinin deputatı Fransua Pupponi yaxın zamanlarda Milli Assambleyaya qətnamə layihəsi tədqim etməyə hazırlaşır.

Sənəd Dağlıq Qarabağın Fransa parlamenti tərəfindən müstəqil dövlət kimi tanınmasını nəzərdə tutur. Bu barədə Fransua Pupponi özünün “Twitter” hesabında yazıb. Oktyabrın 14-də isə 6 min nəfərdən artıq erməni Fransa Milli Assambleyasının qarşısına toplaşaraq Dağlıq Qarabağaın müstəqil dövlət kimi tanınması tələbi ilə mitinq keçirib. Fransa parlamentinin sözügedən qətnaməni qəbul etməsi təbii ki, Azərbaycanla münasibətlərə ciddi zərbə vura bilər.

Hətta Prezident İlham Əliyev bildirib ki, hər hansı dövlət Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, Azərbaycan həmin ölkə ilə diplomatik əlaqələri kəsəcək.

Politoloq Elşən Manafovun sözlərinə görə, Fransa parlamentinin və hökumətinin Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu ölkənin öz üzərində götürdüyü öhdəliyin mahiyyətinə etinasız yanaşmasından irəli gəlir:

“Ya da Fransanın bu addımı “bacı dövlət” kimi Ermənistanı nəyin bahasına olur-olsun qorumaq və ona havadarlıq etmək istəyi ilə bağlıdır. Fransanın məsələyə münasibəti beynəlxalq hüquq normaları ilə bir araya sığımır. Çünki Fransa BMT-nin nizamnaməsinə, ATƏT-in Helsinki Yekun Aktına imza atıb. Bu mötəbər təşkilatların nizamnamə və prinsiplərində də qeyd olunur ki, dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət olunmalıdır. Dövlətlərin iradəsi olmadan sərhədlərin dəyişdirilməsinə baxıla bilməz. O ki, qaldı xalqların öz müqəddəratını təyinetmə prinsipinə, Fransalı deputatlar çox güman ki, bu prinsipi qabartmağa çalışacaq. Burada da beynəlxalq hüququn məsələyə münasibəti birmənalıdır. Xalqların müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyü əsasında həlini tapa bilər.

Doğrudur, erməni diasporu və lobbisinin Fransanın siyasətinə təsir imkanları böyükdür. Amma hesab edirəm ki, Fransa bu məsələnin Azərbaycanla münasibətlərə vura biləcəyi zərbəni, Türkiyənin atacağı əks addımları və Fransanın transmilli şirkətlərinin maraqlarını nəzərə alaraq belə bir qərar qəbul etməyəcək. Əks halda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq hüquqa hörmətsizlik göstərmiş olar. Düşünürəm ki, Fransanın özündə bu qətnamə layihəsinin qəbul olunmasının qarşısını alacaq sağlam siyasi qüvvələr tapılacaq.

Hazırda Fransada prezidentliyə digər namizəd Nikola Sarkozinin bu məsələyə münasibətdə mövqeyi fərqlidir. Digər namizəd Mari Le Pen də də kifayət qədər fərqli düşünür. Bütün hallarda Fransa parlamentinin erməni tərəfinin istək və arzularını yerinə yetirəcəyini və beynəlxalq hüquqa hörmətsizlik edəcəyini düşünmürəm.

Əks təqdirdə, Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılması və ümumiyyətlə, Minsk Qrupunun formatının dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin fikirləri yerinə düşəcək. Bu baxımdan, Azərbaycanın Fransa hökumətinə və parlamentinə qabaqlayıcı mesajlar göndərilməsi vacibdir”.

Qeyd edək ki, Fransanın Xarici İşlər naziri Jan İv le-Drian Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara ölkəsinin bitərəf mövqedən yanaşmasını təklif edib. Diplomatın bu sözləri Fransa hakimiyyətində fikir ayrılığı kimi də dəyərləndirilə bilər. Eyni zamanda, rəsmi Parisin ikili mövqe nümayiş etdirdiyi də istisna olunmur. Elşən Manafovun fikrincə, xarici işlər nazirinin açıqlaması Fransa istiblişmentində Ermənistan-Azərbaycan münaqişəsinə birmənalı olmayan münasibətdən irəli gəlir. Eyni zamanda, fransız siyasətçiləri erməni diasporasının təsir imkanlarını da nəzərə alır:

“Lakin düşünürəm ki, Fransa Azərbaycanla münasibətlərinin xarakterindən çıxış edərək belə bir addım atmayacaq. Ən azı Fransanın məhşur “Total” şirkəti Azərbaycanın neft konsorsiumunun üzvüdür. Fransanın büdcəsinin formalaşmasında “Total”ın geniş imkanları var. Bu mənada hesab edirəm ki, Fransanın şirkətləri və institutları ilə işləyərək münasibətləri günün reallıqları əsasında nəzərə almaqla rəsmi Parisin siyasətinə təsir göstərmək mümkündür. Fransada bu məsələdə bitərəf qalması belə Azərbaycanın maraqlarına cavab verir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6491

Bizim Telegram səhifəmizi izləyin