hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Fransanın "ölü doğulan" Qarabağ arzusu: “ABŞ-ın əsas hədəfi Rusiyadır” - ŞƏRH

Fransanın "ölü doğulan" Qarabağ arzusu:  “ABŞ-ın əsas hədəfi Rusiyadır” - ŞƏRH

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian ABŞ-a səfəri çərçivəsində Qarabağ məsələsini müzakirə edib.

Cebhe.info-nun məlumatına görə, bu barədə Le Drian ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşdən sonra açıqlama verib.

Bundan başqa, Fransanın XİN rəhbəri ABŞ Prezidentinin Milli Təhlküəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan və Senatın bir neçə üzvü ilə görüşüb. Jan-İv Le Drian aparılan müzakirələrin məzmunu ilə bağlı geniş açıqlama verməyib.

“Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupunun sədri kimi birgə fəaliyyətimizdən danışdım”, - deyə fransalı nazir qeyd edib.

Lakin Le Drianın açıqlaması danışıqlarının predmetinin ATƏT-in Minsk qrupunun fəaliyyətini canlandırmaqdan ibarət olduğunu göstərir. Son günlər Ermənistanla dövlət sərhəddində və Qarabağda erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması Minsk qrupunun vasitəçilik missiyasını bərpa edilməsinə hesablanmış təxribat kimi qiymətləndirilir.

Siyasi müşahidəçilərin fikrincə, məqsəd keçmiş Dağlıq Qarabağ münaqişəsini yenidən bərpa etmək və bu yolla ATƏT-in Minsk qrupunun faktiki olaraq bitmiş vasitəçilik mandatını uzatmaqdır. Növbəti mərhələdə isə hədəf “Dağlıq Qarabağın statusu” məsələsini yenidən gündəmə gətirməkdir. ABŞ, Fransa və Rusiya səfirlərinin iyulun 11-də Şuşa şəhərinə səfərdən imtina etməsi də məhz Minsk qrupunun fəaliyyətini bərpa etmək niyyəti daşıyır.

Bu vəziyyət Ermənistanın da maraqlarına cavab verir. Azərbaycan Ordusunun mövqelərinin hər gün atəşə tutulması isə artıq münaqişə bitdiyinə görə Minsk qrupuna ehtiyac qalmadığını bildirən rəsmi Bakıya təzyiq məqsədi daşıyır. ABŞ və Fransanın vasitəçi kimi yenidən siyasi dövriyyəyə girməsi İkinci Qarabağ müharibəsindən sonra bölgədən Rusiya tərəfindən sıxışdırılmış hər iki ölkəyə mövqelərini möhkəmlətmək üçün lazımdır. Bu baxımdan, xüsusilə ABŞ-ın regiona qayıtması Rusiya üçün əlverişli deyil.

Lakin Minsk qrupunun bərpası Türkiyənin Qarabağda və Zəngəzur dəhlizi üzərində artmaqda olan təsirini azaltmağa çalışan Kremlin planları ilə üst-üstə düşür. Azərbaycan ərazisində Türkiyənin hərbi baza yerləşdirmək ehtimalı NATO ordusunun Rusiyanın cənub sərhədlərini əhatəyə alması deməkdir. Türkiyənin getdikcə artan fəallığı Azərbaycanda və Ermənistanda silahlı qüvvələr yerləşdirməklə hər iki ölkəyə təsir imkanları qazanmış Rusiyaya qarşı bölgədə alternativ güc mərkəzinin formalaşmasına səbəb olub. Bu isə yaxın perspektivdə Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsinə gətirib çıxara bilər. Ona görə də rəsmi Moskva ABŞ-ın və Fransanın Minsk qrupu çərçivəsindən kənara çıxmamaq şərtilə diplomatik fəallığının artmasına Türkiyənin bölgədə güclənən hərbi iştirakını neytrallaşdırmaq vasitəsi kimi baxır.

Eyni zamanda, Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan arasında imzalanacaq yekun sülh sazişində öz maraqlarının nəzərə alınmasına nail olmaq istəyir. Bu nöqteyi-nəzərdən Türkiyə hər üç ölkə üçün geosiyasi rəqib sayılır. Ermənistan isə sülh sazişinin əsas şərti kimi Qarabağdakı ermənilərə siyasi statusun verilməsini görür. Ancaq müharibədə qalib tərəf Azərbaycan olduğuna görə, sülh danışıqlarının şərtlərini diqtə edən əsas tərəf də rəsmi Bakı olacaq.

Həmçinin, Türkiyə amilini nəzərə almadan Minsk qrupunun və Ermənistanın öz maraqlarına uyğun şəkildə Azərbaycana yekun sülh müqaviləsini təqdim etməsi real görünmür.

Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən politoloq Əziz Əlibəyli hesab edir ki, bölgədə gərginliyin artması nəticə etibarı ilə Rusiyanın maraqlarına zərbə vura bilər:

“Qərbə bağlı olan Nikol Paşinyanın təxribatlara əl atması hazırda daha çox ABŞ və Fransa üçün əlverişlidir. Rusiya bölgədə öz hökmranlığını qurub. Paşinyan isə Avropaya və ABŞ-a bağlıdır. Atəşkəsin pozulmasının səbəblərini də bu kontekstdə axtarmaq lazımdır. Çünki atəşkəsin pozulması ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsini yenidən gündəmə gətirir.

Bu baxımdan, Ermənistan ABŞ-ın və Fransanın vasitəçilik rolunu aktivləşdirməyə çalışır. Rusiya üçün isə bu, qapanmış məsələdir. Rusiya Fransanın və ABŞ-ın bu prosesdə əvvəlki qədər fəal olmasını istəmir. Yəni meydanda Türkiyə kimi yeni bir oyunçu var. Rusiyanın da maraqları təmin olunub. Hər halda ABŞ-ın və Fransanın bölgədə maraqlarının qorunması Rusiya üçün sərfəli deyil.

Azərbaycan mövqeyi isə bundan ibarətdir ki, həm münaqişə, həm də status məsələsi bitib. Bunu cənab Prezident də bəyan edib. Belə olan halda ATƏT-in Minsk qrupunu yenidən fəallaşdırmağa ehtiyac qalmır. Amma Minsk qrupunun maraqları Paşinyanın baxışlarında üst-üstə düşür. ABŞ-ın və Fransanın maraqları da öz növbəsində fərqlənir. ABŞ Prezidenti Co Bayden bütün cəbhə boyu Rusiyaya zərbə vurmağa çalışır. Yəni ABŞ Rusiyanı istər Ukraynada, istər Qara dənizdə, Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada münaqişələrə cəlb etməyə çalışır.

Yəqin ki, yaxın vaxtlarda Baltik dənizində, Şimal dənizi istiqamətində və Kuril adaları tərəfdən də hansısa qarşıdurmalar baş verə bilər. ATƏT-in Minsk qrupu üzərindən də məhz iki ölkənin adının hallanması, ABŞ-ın və Fransanın adının çəkilməsi sıraf Paşinyan amili ilə bağlıdır. İkincisi, Türkiyənin bölgədəki mövqeyinin güclənməsi Fransanı narahat edir. Ona görə də Fransa fəallaşmağa çalışır. ABŞ-ın əsas hədəfi isə Rusiyadır”.

Ekspert bildirdi ki, Qarabağda atəşkəsin pozulması Rusiyanın sülhməramlı missiyasının pozulmasına xidmət edir:

“Rusiyanın əsas strateji marağı sülh sazişi bağlanmaqla Cənubi Qafqaza birgə nəzarət planıdır. Rusiya münaqişəli vəziyyətdən faydalanmaq istəmir. Rəsmi Moskva iki ölkə arasında sülh müqaviləsinə gətirib çıxaracaq razılaşmanın tərəfdarıdır. Bu halda regiona nəzarəti həyata keçirmək imkanı əldə edəcək. Çünki beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat-kommunikasiya xətlərinin açılması Rusiya üçün külli miqdarda vəsait deməkdir.

Bu gün kasıblıq yaşayan Rusiyanın büdcəsi üzərində Ermənistan böyük bir yükdür. Rusiya Ermənistandan xilas olmaq istəyir və bu yükü Azərbaycanın üzərinə qoymaq istəyir. Çünki potensialın hamısı Azərbaycana bağlıdır. Belə olan təqdirdə, ermənilərin üzərində nəzarəti də, iqtisadi diqtəni də Azərbaycan həyata keçirəcək. Bu da Rusiyanın maraqlarına zidd deyil. O halda Rusiya Ermənistanı itirmiş olur. Atəşkəsin pozulması, sülhməramlıların imicinin korlanması Rusiyanın strateji maraqlarına cavab vermir”.

Əziz Əlibəylinin sözlərinə görə, ABŞ-ın və Fransanın ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək səyləri baş tutmayacaq:

“ABŞ Avropada sabitlik və təhlükəsizlik məsələsini qabardır. Avropada sabitliyə və təhlükəsizliyin təminatına cavabdeh olan qurum ATƏT-dir. ABŞ Fransa ilə birlikdə sülhə təhlükə yaradan tərəf kimi Rusiyanı təqdim edir. Bu yolla Minsk qrupunun fəaliyyətini qabardır. Nə Azərbaycan, nə də Rusiya Minsk qrupunun aktivləşməsinə tərəfdar deyil. Belə olan halda ABŞ-ın və Fransanın bəyanat verməkdən başqa yolu qalmır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6095