t Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq?
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq?

Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq?

İranda ötən ilin payızından başlanmış narazılıq, kütləvi etiraz aksiyaları yenidən şiddətlənib. 

Yanvarın 3-də  İslam İnqilabı Keşikçiləri Korpusu “Qüds” qolunun komandanı general Qasım Süleymaninin ölümündən sonra İran hakimiyyəti müvəqqəti də olsa, milli həmrəyliyə nail ola bildi. Lakin bu uzun sürmədi. Tehrandan Ukraynaya uçan  sərnişin təyyarəsinin İran ərazisində vurulmasından sonra molla rejimi yenə xalqın nəzərində suçlu duruma düşdü. Yanvarın 5-dən İranda narazıqlıq yenidən alovlanıb. 

Ölkədə idarəetmə böhranı aydınca görünür. 

Siyasi qarşıdurma etnik münaqişəyə keçə bilərmi? Güney Azərbaycan baş verəcək hadisələrə hazırdırmı? Rejim daxildən yenilənə, hansısa qüvvələr ali dini lider Seyid Əli Xamneyini başqa fiqurla əvəzləyə bilərmi? 

Mövzuya Güney azərbaycanlı siyasi fəal, Kanada Vəkillər Kollegiyasının hüquqi məsələlər üzrə məsləhətçisi Hüseyn Türkelli ilə aydınlıq gətirməyə çalışdıq. Hüseyn Türkelli hesab edir ki, mərkəzi hakimiyyət zəifləyən kimi bölgələrdə milli hərəkat güclənəcək:

“Qeyri-farslar yaşayan bölgələrdə onsuz da mərkəzdənqaçma meyilləri var idi. Bu proses son vaxtlar xeyli güclənmişdi. Güney Azərbaycanda milli azadlıq mübarizəsinin 100 illik tarixi var. Ərəblər yaşayan Əhvazda, Bəlucistanda da həmçinin. Mərkəzi hakimiyyət zəifləyən kimi bölgələrdə milli iradə ortaya çıxacaq. Lakin bəzi problemlər də var. Məsələn, Qərbi Azərbaycan bölgəsində bizə qarşı əsassız ərazi iddiası irləi sürən kürd silahlıları ilə qarşıdurma yaşaya bilərik”. 

Siyasi fəalın sözlərinə görə, Güney Azərbaycan milli hərəkatı vəziyyəti nəzarətdə saxlayır: 

“Milli hərəkat təşkilatlanmış struktur olmasa da, mərkəzi hakimiyyət zəifləyən kimi ortaya çıxacaq. 1945-ci ildə şah rejimi Azərbaycan üzərində nəzarət itirən kimi Demokrat Partiyası yarandığını elan etmişdi. 3-4 günün içərisində bu partiyaya 1 milyon insan toplamışdı. Başqa bir misal: 1979-cu ildə Müsəlman Xalq Partiyasına 3 gündə milyonlarla insan qoşulmuşdu. Millət hər şeyə qadirdir. Tarixi təcrübə göstərir ki, Güney Azərbaycan baş verəcək proseslərə hazırdır”. 

Molla rejiminin yenilənməsi ehtimalına gəlincə, Hüseyn Türkelli bunu real hesab etmir:

“İranın hazırki hakimiyyəti “vilayəti fəqih”, yəni molla diktaturasına əsaslanır. Millət isə bu sistemə nifrət edir. Rejimin yenilənməsi mümkün deyil. Amma “papağı dəyişib” hakimiyyəti saxlama cəhdləri var. Məsələn, Mehdi Kərrubi və sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Xamneyini istefaya çağırıb. Amma nə könüllü istefa, nə də devrilmə ehtimalı real deyil. Çünki silahlı qüvvələr, təhlükəsizlik orqanları ali dini liderə tabedir”.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 12541