hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Güney Azərbaycanın boğulan səsi: Abbas Lisaniyə qarşı niyə laqeyidik?

Güney Azərbaycanın boğulan səsi: Abbas Lisaniyə qarşı niyə laqeyidik?

Faiq Ələkbərli: “Etiraz aksiyaları keçirilməlidir”

Aqil Camal: “Güney Azərbaycanın hər bir gənci bir Abbas Lisanidir”

İyunun 10-da Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı  Abbas Lisani Ərdəbilin İnqilab Məhkəməsində mühakimə olunub. 

Fəal aclıq aksiyasının 15-ci günündə onlarla polis və mülki geyimli ETTELAAT əməkdaşlarının əhatəsində əl-ayaqları qandallı şəkildə məhkəməyə aparılıb. Hakim Xudadadinin sərdrliyi ilə keçirilən məhkəmə iclasında fəalın vəkili cənab Fəqihi də iştirak edib, məhkəmə prosesi 4 saatdan çox davam edib. 

Fəalın səhhəti bundan əvvəlki aclıq aksiyaları və budəfəki aclığa görə ağır vəziyyətdədir, onun təxminən 20-25 kq arası çəki itirdiyi bildirilir.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxıb. O təxminən 5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. 

Tanınmış fəal məhkəmə prosesinin gedişinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

Abbas Lisaninin müdafiəsi ilə bağlı Quzey Azərbaycanda, Türkiyədə, Avropada hansı işlər görülür? AMEA-nın böyük elmi işçisi, Bütöv Azərbaycan Ocaqları İdarə Heyətinin üzvü Faiq Ələkbərli Cebhe.info-ya deyib ki, məsələ BAO-nun toplantısında müzakirə olunub: 

“BAO-da bu barədə müzakirələr aparılıb və işlər davam edir. BAO olaraq hər zaman Azərbaycanın güneyində baş verənləri diqqətdə saxlamışıq. O cümlədən, Abbas Lisani məsələsini də. İndi də bu məsələ ilə bağlı müzakirələr aparırıq. Biz bu yaxınlarda da Abbas Lisani ilə bağlı tədbir keçirdik. Bu günlərdə Abbas Lisani ilə bağlı atacağımız addımları mətbuata bildirəcəyik. Bu addımlardan biri də piketin keçirilməsi məsələsidir. Ancaq hələ, son qərar verilməyib. Ancaq mənim şəxsi mövqeyim odur ki, piket keçirilməlidir. Aclıq aksiyasının keçirilməsi məsələsi də gündəmdə var. Azərbaycan ziyalıları arasında Abbas Lisaniyə dəstək üçün imzalar toplanmalıdır”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, İran rejimi Abbas Lisaniyə təzyiq etməklə Milli Hərəkatı boğa bilməyəcək:

“İran rejimi bu qədər beynəlxalq təzyiqlərin, ağır embarqoların qarşısında əsir qaldığı bir vaxtda azərbaycanlı milli fəallara divan tutmaqda davam edir. Abbas Lisani illərdir ki, mənsub olduğu millətin İran Konstitusiyası ilə təsbit olunmuş haqlarını dilə gətirir. Bu haqlar, eyni zamanda Tanrıdan gələn haqlarıdır. Bir çox hallarda bu haqlar İran parlamentinin kürsüsündən, millət vəkilləri tərəfindən də bəyan edilir. Amma Tehran rejimi bu tələbləri dinləmək əvəzinə, millətin sözünü deyən fəalları həbs edir, işgəncə verir. 100 illik assimilyasiya, milli kimliyi məhvetmə siyasəti heç bir nəticə vermədi. Bu gün Abbas Lisani bir fərd kimi qabarıq görünə bilər. Amma Tehran rejimi nəzərə almalıdır ki, bu gün Güney Azərbaycanda və ümumən İran adlanan ölkədə yeni nəsil Azərbaycan gəncliyi hər biri bir Abbas Lisanidir. Ona görə də bizlər də güneyli soydaşlarımızın haqq səsinə qoşuluruq. Abbas Lisaniyə qarşı qeyri-insani rəftarı pisləyirik. Və dərhal Abbas bəyin sərbəst buraxılmasını tələb edirik”.

Aydın
Cebhe.info


Oxunma sayı: 5006