hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Güneyli fəallar azadlığa buraxılıb

Güneyli fəallar azadlığa buraxılıb

Güney Azərbaycan Milli Hərəkatının liderlərindən biri, mərhum Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü ilə əlaqədar saxlanılan siyasi  fəallardan Vəhid Əbhəri, Məhəmməd Mərdi və Fərhad Pakruh noyabrın 2-də müvəqqəti olaraq azadlığa buraxılıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Vəhid Əbhəri ötən həftə ildönümü mərasimi ilə əlaqədar saxlanılan fəalların arasında olub.  Məhəmməd Mərdi və Fərhad Pakruh isə oktyabrın 28-də mərasimlə bağlı saxlanılan fəallar azadlığa buraxıldığı zaman onları qarşıladıqları üçün saxlanılıb. Məhəmməd Mərdi və Fərhad Pakruhun 50 milyon tümənlik mülki vəsiqə (girov) qarşılığında sərbəst buraxıldığı bildirilir. 

Qeyd edək ki, oktyabrın 25-də mərhum Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar Təbrizdə Vəhid Əbhəri, Yusif Rəzəvi, Cəlil Bəyməhəmmədi, Şəhruz Bərzgər, Şahin Bərzgər, Babək Hüseyni, Hüseyn İsmaili və Behnam adlı fəallar ETTELAAT  əməkdaşları tərəfindən saxlanılıb. Vəhid Əbhəri istisna olmaqla adıçəkilən fəallar ötən bazar ertəsi günü mülki vəsiqə qarşılığında Təbriz həbsxanasından sərbəst buraxılıb. 

Xatırladaq ki, milli fəal mühəndis Qulamrza Əmani 2008-ci il oktyabrın 24-də Cəfər və Kərim adlı qardaşları ilə birlikdə müəmmalı  yol qəzasında vəfat edib. O, Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər həbs olunub və ağır işgəncələrə məruz qalıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 562