hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Gürcüstan Rusiyanın ağuşuna itələnir

Gürcüstan Rusiyanın ağuşuna itələnir

Gürcüstan və Rusiya arasında birbaşa aviareyslərin yaxın altı ay ərzində bərpa olunacağı gözlənilir. 

Bunu Gürcüstanın Hava Limanları Birliyinin direktoru Georgi Çoqovadze deyib. Onun sözlərinə görə, Rusiyadan uçuşların azaldılması onlara böyük ziyan vurub: “Lakin eyni zamanda Avropa İttifaqı istiqamətində uçuşlar artıb. Rusiya ilə aviareyslərin bərpası barədə dəqiq tarix deyə bilməsək də, bu, altı ay ərzində mümkündür”.

Çoqovadze Kutaisi Beynəlxalq Hava Limanının Avropa istiqamətində işləyəcəyini və yalnız Gürcüstan deyil, həmçinin Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya vətəndaşlarına xidmət edəcək aşağıbüdcəli bir mərkəzə çevirilməsi üçün konsepsiya hazırlandığını qeyd edib. Əlavə edib ki, Kutaisidən Avropanın onlarla istiqamətinə uçuş etmək mümkün olacaq.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Gürcüstana uçuşların bərpa olunacağını demişdi.

Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər iyul ayının 8-dən etibarən dayandırılıb. Gürcüstanda baş qaldıran və kəskin xarakter alan anti-Rusiya akisiyaları Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsi ilə nəticələnib. Aviareyslərin dayandırılması ölkəyə Rusiyadan turistlərin gəlməsinin qarşısını alıb. Baxmayaraq ki, Gürcüstanda turizmin inkişafının artım tempi bu ilin yay mövsümündə də yüksəlməkdə davam edib, amma bu amil ölkənin turizminə, eləcə də ümumilikdə iqtisadiyyatına təsirsiz ötüşməyib. Qeyd edək ki, ölkədə baş qaldıran ixtişaşlar nəticəsində  200-dən çox insanın yaralandığı da bildirilib.

Bir sıra ekspertlər hesab edirlər ki, ABŞ-İran münasibətlərinin kəskinləşməsi Rusiyanın regionda güclənməsini zərurətə çevirir. İranda hərbi əməliyyatlar başlanacağı təqdirdə, Rusiya üçün bölgədə hərbi gücə malik olmaq vacibdir. Bölgədə isə yalnız Ermənistan ərazisində Rusiya ordusu mövcuddur. Təqribən 16-17 minlik şəxsi heyəti olan ordunun müasir silahlarla təchizatı üçün quru yolunun olması vacibdir. Azərbaycan öz ərazisindən Ermənistana silah-sursatın daşınmasına icazə verməyəcəyinə görə, yeganə yol olaraq Gürcüstan ərazisindən istifadə oluna bilər. Bu isə əlaqələrin bərpasının zəruriliyini ortaya çıxarır.  Qeyd olunur ki, ordunun təhcizatının hava yolu ilə aparılması qeyri efektiv olmaqla yanaşı, həm də baha başa gəlir.

Gürcüstan və Rusiya arasında birbaşa aviareyslərin bərpa olunması ölkələr arasında münasibətlərin yumşalmasının göstəricisi ola bilərmi? Bundan sonra proseslər hansı istiqamətdə davam edəcək?

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, Rusiyanın maraqları digər dövlətlərin, konkret olaraq keçmiş Sovet dövlətlərin istiqaliyyətinin üzərində bərqərar olmaqdan ibarətdir: 

“Tiflisdə baş verən məlum hadisə zamanı Rusiyaya qarşı ədalətli davranış nümayiş olunub, amma Gürcüstan aviareyslərin dayandırılması, turistlərin ora getməsinin qarşısının alınması kimi sanksiyalarla cəzalandırılıb. Gürcüstanın indiki hakimiyyəti isə Rusiyanın layihəsidir. Amma millətin iradəsi fərqli yöndədir. Ölkədə mübarizə də millətin iradəsi ilə Rusiyanın tabeçiliyində olan, diktəsi ilə işləyən bir hakimiyyətin arasında gedir”.

Zəlimxan Məmmədli hesab edir ki, aviareyslərin bərpa edilməsi vəziyyəti dəyişməyəcək:

“Əvvəlki status-kvo bərpa olunur. Yəni 3 ay bundan əvvəl aviareyslər mövcud olan zaman hansı vəziyyət var idisə, indi həmin vəziyyət bərpa olunur. Bununla Gürcüstan “çiçəklənəsi” deyil.  Amma indiki hakimiyyət uzun müddət qalarsa, bu cür basqılarla Gürcüstanı Rusiyanın tərkibinə apara bilərlər. Bu cür durum isə nə Gürcüstanın, nə də Azərbaycanın milli maraqlarına uyğun deyil. Milli siyasət yürüdülməlidir, milli  qüvvələr bu yöndə cəsarətli, iradəli olmalıdırlar, alternativlər taparaq, Gürcüstanın ayaq üstə qalmasını təmin etməlidirlər. Əks halda, Rusiyanın diktəsi ilə aparılan oyunlar mahiyyət etibarı ilə Gürcüstanın müstəqilliyinin itirilməsi ilə nəticələnə bilər”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 628