hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Gürcüstan yeni “Məxməri inqilab”ın astanasında: Böhran dərinləşir - Şərh 

Gürcüstan yeni “Məxməri inqilab”ın astanasında: Böhran dərinləşir - Şərh 

Qabil Hüseynli: “Hakimiyyət “boz kardinal” Bidzina İvanişvilinin diktaturası altındadır” 

Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq edib. Lakin siyasi müşahidəçilər hesab edir ki, sabiq baş nazir Mamuka Baxtadzenin istefasından sonra yaranmış hökumət böhranının qarşısını almaq asan olmayacaq. Bu isə daha çox hakim “Gürcü Arzusu” Partiyasının lideri Bidzina İvanişvilinin Nazirlər Kabinetinin işinə tez-tez müdaxilə etməsi ilə bağlıdır. Mamuka Baxtadzeninin istefasına da məhz B.İvanişvili ilə arasında yaranmış fikir ayrılığının səbəb olduğuna dair məlumatlar ortaya çıxıb.

Müxalifət nümayəndələrinin əksəriyyəti bildirir ki, Baxtadzenin Baş nazir postunda qalması və ya istefası əhəmiyyətli dəyişikliyə səbəb ola bilməzdi. Onlar hökumətin rəhbərini “baş nazir olmayan, sadəcə onun kabinetində oturan şəxs”, “nominal fiqur”, “saxta post”, “getmədi, getdilər”-deyə xarakterizə edir. Müxalifətin mövqeyinə görə, gələcəkdə baş nazirin xələfinə qarşı da, çox güman, eyni sözləri söyləməli olacaqlar. Çünki Gürcüstan parlamentli respublika olsa da, Bidzina İvanişvili baş nazirin səlahiyyətlərinə həddindən artıq müdaxilə edir. Baş nazirin səlahiyyətləri isə formal xarakter daşıyır. Bu gün Gürcüstanda ali icra hakimiyyətinin başçısı faktiki olaraq, baş nazir deyil, B.İvanişvilidir. Səlahiyyətsizlik hökumət başçısı postunu tutan şəxsləri narazı salır. Mamuka Baxtadzenin də qeyd edilən səbəbdən istefa verməsi ehtimalı yüksəkdir. Sabiq baş nazir Georgi Kvirikaşvilinin tutduğu postu ötən il tərk etməsi də İvanişvili ilə arasında yaranmış fikir ayrılığı ilə bağlı olmuşdu. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, hazırda “Gürcü Arzusu” Partiyasının fəaliyyəti hökumətin səlahiyyətlərindən üstün tutulur. Bu isə Gürcüstan Konstitusiyasının pozulması deməkdir:

“Yeni Baş nazir Georgi Qaxariyanın seçilməsi çox qəribə bir prosedurla baş verdi. O, bildirdi ki, “Gürcü Arzusu” Siyasi Şurasının yığıncağında mənim namizədliyimi müzakirə etdilər, səsə qoydular və baş nazir seçdilər. Gürcüstan özünü demokratik dövlət elan edib və Qərbə inteqrasiya etməyə çalışır. Dünyanın heç bir ölkəsində baş nazirin namizədliyini hakim partiyanın siyasi şurasında müzakirə edib təsdiq etmirlər. Bu çox qəribə hadisədir. Hətta keçmiş baş nazir Baxtadzenin sərt tənqidi də “Gürcü Arzusu” Partiyasının iclasında olub. Zahirən belə görünür ki, partiyanın sədri Bidzina İvanişvili sakit dayanır, ancaq onun əlaltıları içdən çıxarılmalı olan kadrı tənqid edirlər. Eləcə də vəzifəyə təyin edilməli olan şəxsi tərifləyir, onun yüksək keyfiyyətlərindən söz açırlar. Yəni Gürcüstan müəyyən qədər demokratik yolla irəliləsə də uzun illərdir hakimiyyətin “boz kardinalı” Bidzina İvanişvilinin diktaturası altındadır. Bu baxımdan, İvanişvilinin “boz kardinal”lığı ilə həyata keçirilən idarəçilik rejimi siyasi böhran yaşayır. Nəticədə, Gürcüstanda milli gəlirin həcmi 2019-cu ildə ötən illə müqayisədə 12 faiz aşağı düşüb. Bu azalma meyili getdikcə artır. Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi, şərab ixracının dayandırılması Gürcüstan büdcəsinə ciddi ziyan vurub. Əhalinin gəlirləri azalır və Gürcüstanda hökumətə inamsızlıq artır. 2018-ci ilin dekabr ayında keçirilmiş prezident seçkilərində Salome Zurabişvili çox çətinliklə seçilə bildi. O, 600 min nəfərə kredit borcunu ödəyəcəkləri barədə vəd verdikdən sonra səs toplaya bildi. İndi məlum olur ki, həmin vədlərin bir hissəsi yarımçıq şəkildə yerinə yetirilib. Əksər kreditlər isə ödənilməyib. Belə bir şəraitdə siyasi böhranın əlamətləri özünü göstərir. Bu proses pik həddə çata və hətta “Məxməri inqilab”la nəticələnə bilər. Bidzina İvanişvilinin və onun komandasının siyasi vəziyyəti yaxşı deyil”. Qabil Hüseynlinin sözlərinə görə, parlamentli respublika olan Gürcüstanda hökumətin fəaliyyəti “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasında müzakirə edilir və Bidzina İvanişvilinin siyasi direktivləri əsasında formalaşır. Ona görə də hökumətin idarəetmə sistemini öz üzərinə götürməsi üçün real imkan yoxdur. “Hər şey İvanişvilinin şəxsi göstərişlərinə bağlıdır. Ona görə də Qərb Gürcüstanda ciddi və prinsipial demokratiyanın olmasına şübhə ilə yanaşır”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2080