t Gürcüstanda lider axtarışı: Saakaşivilinin hakimiyyətə yolu açılır - ŞƏRH
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Gürcüstanda lider axtarışı: Saakaşivilinin hakimiyyətə yolu açılır - ŞƏRH

Gürcüstanda lider axtarışı: Saakaşivilinin hakimiyyətə yolu açılır - ŞƏRH

Gürcüstan siyasi hakimiyyəti hələ də “Gürcü Arzusu” partiyasının rəhbəri Bidzina İvanişvili diktəsi ilə idarə olunur. 

Son prezident seçkilərində də İvanişvilinin dəstəklədiyi və iddialara görə müdaxilə olunan səsvermə nəticəsində Salome Zurabaşvilinin qalib gəlməsi ölkənin siyasi durumunda bir qədər fərqli mənzərə yaradıb. Ekspertlər düşünür ki, getdikcə reytinqini itirən hazırkı Gürcüstan hakimiyyəti bu il keçiriləcək parlament seçkilərində son sınağını verəcək. 

Qeyd edək ki, Gürcüstanda bu ilin oktyabrında keçiriləcək parlament seçkilərinə 42,8 milyon lari (14,8 milyon dollar) vəsait ayrılacaq. Gürcüstan Mərkəzi Seçki Komissiyası bu barədə qərar qəbul edib. Qərar layihəsində bildirilir ki, vəsaitin 19,5 milyonu əməkhaqlarının ödənilməsinə sərf ediləcək. Seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq təlimlərə 1 milyon 061 min, seçki subkeyktlərinin televizayada reklamı üçün isə 2 milyon 111 min 674 lari vəsait nəzərdə tutulub. Seçki subyektlərinin maliyyələşdirilməsinə 7 milyon 238 min 050 lari yönəldiləcək.

Ekspertlərin fikrincə, ayrılan vəsait seçki ərəfəsində artırıla bilər. Builki seçkilərin də majoritar və proporsional seçki sistemləri üzrə keçirilməsi planlaşdırılır. Lakin müxalifət seçkilərin yalnız proporsional sistem üzrə keçirilməsini təklif edir və bununla bağlı iqtidar-müxalifət danışıqları davam edir. İqtidar isə majoritar deputatların sayının azaldılmasını təklif edir. Əgər seçkilər hər iki sistem üzrə keçirilərsə, bəzi dairələrdə təkrar seçkilər qaçılmaz olacaq. Bu səbəbdən də seçkilər üçün yeni vəsaitin ayrılması zərurəti yarana bilər.

Məsələnin siyasi tərəfinə gəlincə isə gündəmdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili var. Saakaşvili hazırkı bir dönəm prezidenti olduğu ölkəyə girə bilmir. Hazırkı hakimiyyət onun Gürcüstana girişinə qadağa qoyub. Ekspertlər isə hesab edir ki, bu ilin payızında keçiriləcək parlament seçkilərində Saakaşvilinin hakimiyyətə gəlmək şansı böyükdür. Bunu isə mövcud hakimiyyətin nüfuz itirməsi və Gürcüstan üçün Saakaşvilinin alternativsiz siyasətçi olması ilə əlaqələndirirlər.

Maraqlıdır, Saakaşvili revanş götürə və növbəti inqilabı reallaşdıra bilərmi?

Politoloq Natiq Miri Cebhe.info-ya şərhində bildirib ki, hazırkı İvanaşvili iqtidarı artıq gürcü ictimaiyyətində öz etimadını itirib:

“Mövcud hakimiyyət ona verilən mənəvi kapitalı xərcləyib qurtarıb. Bunda sonra İvanişvili hakimiyyətin Gürcüstan dövlətinə, gürcü ictimaiyyətinə verə biləcəyi bir şey qalmayıb. Artıq bu məsələ Gürcüstan ictimaiyyətinin böyük hissəsində oturuşmuş rəyə çevrilib. Ona görə də seçki vasitəsilə İvanişlinin qalib gəlmə ehtimalı çox aşağıdır”.

Saakaşvilinin yenidən hakimiyyətə qayıtmaq məsələsinə gəlincə isə N.Miri bildirib ki, Saakaşvili bir siyasi fərd olaraq Gürcüstan ictimaiyyətində o qədər də böyük reytinqə sahib deyil:

“Ancaq bu gün gürcü ictimaiyyəti onu da yaxşı başa düşür ki, siyasi dairələrdə, çevrələrdə Saakaşvilidən yaxşısı da yoxdur. Yəni bu gün Saakaşviliyə alternativ olmadığı üçün yenidən gürcü ictimai rəyində nüfuz qazanmağa başlayıb. Bu, Saakaşvilinin daha yaxşı olması ilə bağlı deyil. Bu gün gürcü siyasətində hələlik Saakaşviliyə alternativ siyasi fiqurun ortalığa çıxmaması ilə bağlıdır. Düşünürəm ki, Saakaşvilinin rəhbərlik etdiyi siyasi təşkilatın yenidən hakimiyyətə gəlmək ehtimalı çox böyükdür.

Əgər seçkidə İvanişvili hakimiyyəti tərəfindən seçkilərdə total saxtakarlıq olarsa, Saakaşvilinin yenidən inqilab edəcəyi də istisna deyil. Gürcü ictimaiyyəti əgər özünün siyasi taleyinə sahib çıxarsa, o zaman təbii ki, yeni bir inqilabın baş vermə ehtimalı da böyük olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2124