hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Gürcüstanda Qamsaxurdiya səhvi - Şərh

Gürcüstanda Qamsaxurdiya səhvi - Şərh

Tofiq Abbasov: “Bu təxribatlar daha çox Salome Zurabişvilinin prezidentliyi ilə əlaqədardır” 

Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastr kompleksinin yerləşdiyi hissəsində gürcü vətəndaş fəalları toplaşaraq aksiya keçirməsi iki ölkə arasında münasibətlərə ciddi zərbə kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, Gürcüstan hökumətinin Azərbaycana qarşı təxribatçı hərəkətlərə mane olmaması ciddi təhlükəli nəticələrə gətirib çıxara bilər. Xatırladaq ki, fəallar əl-ələ tutaraq monastr kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini canlı zəncirlə əhatəyə alıb. Fəalların bildirdiyinə görə onların məqsədi kompleksin Gürcüstanın tərkibində olduğuna dair Azərbaycana mesaj verməkdir. Aksiyada iştirak edənlər gürcü milli mahnıları oxuyublar. Onlar bir neçə kilometr piyada yol qət edərək monastr kompleksinə gəlib. Gürcü sərhədçiləri aksiya iştirakçılarına mane olmayıb. Aksiyanı "Güc birlikdədir" adlı hərəkat təşkil edib. 

Hərəkatın rəhbəri David Katsarava bildirib ki, onlar belə aksiyaları müntəzəm olaraq təşkil edəcəklər. Xatırladaq ki, Keşikçidağ monastr kompleksi ilə bağlı məsələ aprelin 25-də Azərbaycan sərhədçilərinin gürcü ziyarətçilərinin kompleksə ziyarətini məhdudlaşdırmasından sonra gündəmə gəlib. Daha sonra iki ölkə xarici işlər nazirlikləri məsələni yoluna qoyublar və sərhədlərin demarkasiyasına dair danışıqlara hazır olduqlarını bildiriblər.

Keşikçidağ monastrı ətrafında baş verənlərin Azərbaycana qarşı ərazi iddiası olduğunu deyən politoloq Tofiq Abbasov hesab edir ki, Gürcüstan tərəfi belə hallara şərait yaratmaqla eks-prezident Zviad Qamsaxurdiyanın siyasi səhvlərini yenidən təkrarlayır: 

“Mən bu prosesləri daha çox Salome Zurabişvilinin prezident olması ilə əlaqələndirirəm. Çünki o, hələ özünün seçki kampaniyası dövründə, xüsusilə də ermənilərin kompakt yaşadığı Samsxe-Cavaxetiya bölgəsində azərbaycanlıları şərləməyə çalışdı. Eyni zamanda, Zurabişvili türklərin Gürcüstanda yaşaması və fəaliyyət göstərməsi ilə bağlı çox təhqiramiz ifadələr işlətmişdi. Demək olar ki, Zviad Qamsaxurdiyanın acı təcrübəsi Gürcüstanda özünü yenidən büruzə verir. Əslində, belə hallarda iki həmsərhəd dövlət bir-biri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdirsə, bu əməkdaşlıqdan böyük imkanlar əldə edirsə, həmin yaxınlıqdan inteqrasiya problemlərini həll edirsə, o zaman belə təxribatyönlü hərəkətlərə bəraət qazandırmaq çətindir. Fikrimcə, bu kortəbii şəkildə baş vermiş bir hərəkat deyil. Bunun arxasında siyasi qüvvələr dayanır. Həm beynəlxalq mətbuatda, həm sosial şəbəkələrdə Gürcüstanın keçmiş siyasətçilərinin iddialı fikirlərinə nəzər saldıqda onun arxasında böyük bir məkrli planın yer aldığını görürük. Gürcüstan və Azərbaycan arasında sərhədlərin demarkasiyası başa çatmadan siyasi ehtirasları coşdurmaq, təhqiramiz formada aksiyalar keçirmək, şüarlar səsləndirmək bu prosesin təxribat məqsədi daşıdığını təsdiq edir. Ola bilər ki, hansısa ictimai, siyasi qruplar ola bilsin ki, bu hadisədən dividend əldə etmək istəyir. Amma həmin ərazilərin 90 faizi hələ Sovet dövründə müəyyən edilmiş sərhədlərə görə Azərbaycana aiddir, 10 faizi isə Gürcüstan tərəfinin payına düşür. Belə olan halda hay-küy salmaq məntiqə sığmayan davranışdır. Əslində, rəsmi Bakı ilə Tiflisin münasibətlərdə narazılıq yoxdur, siyasi dialoq normal tərzdə davam edir. Ola bilsin ki, Gürcüstandakı ermənilər və gürcüləşmiş ermənilər bundan Azərbaycana qarşı təxribat məqsədilə sui-istifadə etməyə çalışır. Artıq Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi ilə Gürcüstanın polis rəisi arasında görüş keçirilib və tərəflər problemin dinc yolla həll edilməsi barədə razılığa gəlib. Gərək Gürcüstan Azərbaycanla münasibətlərdə öz xeyrini risk altına salmasın. Çünki Azərbaycan Gürcüstana ən çox investisiya qoymuş dövlətdir. Bu vəsaitin həcmi 4 milyard dollar təşkil edir. Azərbaycan orada xeyli sayda iş yeri açıb. Gürcüstanın dövlət büdcəsi Azərbaycanın neft və qaz ehtiyatlarının hesabına hər il yüksək həcmdə gəlir əldə edir. Ona görə də Gürcüstanın siyasi elitası belə vəziyyəti gərək nəzərə alsın və həmin təxribatların qarşısını alsın. Çünki bu daha çox Gürcüstana ziyan gətirə bilər. Fikrimcə, bəzi qüvvələr Azərbaycanla Gürcüstanın münasibətlıərini gərginləşdirməyə çalışır”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1882