hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Gürcüstanda yaşayan soydaşlarımızın təhsillə bağlı problem həll olunacaqmı? - AÇIQLAMA

Gürcüstanda yaşayan soydaşlarımızın təhsillə bağlı problem həll olunacaqmı? - AÇIQLAMA

"Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Cebhe.info-ya açıqlamasında bunu Tiflisdə yaşayan azərbaycanlılara yönəlik ciddi konseptual islahatların tərkib hissəsi hesab etdiyini deyib:

“Azərbaycanın Gürcüstanla birgə ali məktəb yaratmaq fikrini “Borçalı” İctimai Cəmiyyəti 2010-cu ildə gündəmə gətirib. Azərbaycan dövləti soydaşlarımızla gürcü cəmiyyətinin qarşılıqlı inteqrasiyasında mühüm rol oynayacaq bir layihə həyata keçirmək istəyir. Gec də olsa, bunu alqışlayıram.

Hesab edirəm ki, Gürcüstan tərəfindən də bu təşəbbüs dəstəklənəcək. Bu həm də Azərbaycanı tanıyan, onun tarixinə və mədəniyyətinə yaxından bələd olan gənc gürcü elitasının da formalaşmasına yol açacaq. Digər tərəfdən bizim təklifimiz də nəzərə alınsa, yəni birgə ali məktəbdə iki dil, Azərbaycan və Gürcü dilləri əsas olsun, dövlət imtahanı və universitetə qəbul zamanı əsas fənlərdən biri sayılsın, o zaman gürcülərin də bizim dili bilməsinə və inteqrasiyasına şərait yaradacaq.

Yəni bu universtetin gələcək perspektivi ondan ibarət olacaq ki, ziyalılar ordusu formalaşaraq iki dövlət arasında canlı körpü olacaq, həm də gələcəkdə soydaşlarımızın Gürcüstan cəmiyyətinin aktiv siyasi-ictimai həyatında yer almasına şərait yaradacaq. Azərbaycan milli dövlət olaraq dünyanın hər yerində yaşayan soydaşlarımızı ağuşuna almalıdır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1541