hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Gələcəyə bir sözümüz də Qarabağdır...

Gələcəyə bir sözümüz də Qarabağdır...

İki əsrdən çoxdur ki, erməni millətçilərinin və onlara himayədarlıq edən kənar güclərin günahı ucbatından Cənubi Qafqazda zaman-zaman meydana çıxan qanlı toqquşmalar minlərlə insanın həyatına son qoyur.

XX əsrin əvvəllərindən yeni xarakter almış erməni hücumları, onların qədim Azərbaycan torpaqlarını zəbt etmək siyasəti insan faciələrinin miqyasını daha da böyütdü. 1920-ci ildə bolşeviklərin köməyi ilə Azərbaycanın Zəngəzur mahalını ələ keçirmiş Ermənistan daha da şirniklənərək SSRİ dağıldığı illərdə Qarabağ bölgəsini qamarlamağa girişdi. Bu ərazilərdə etnik təmizləmə aparılmış, kəndlər, qəsəbələr yandırılıb, Moskvanın himayəsi və Xankəndindəki 366-cı alayın köməyi ilə bəşər tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımı törədilib. Bu müddətdə Dağlıq Qarabağdan əlavə Azərbaycanın daha yeddi rayonu işğal edilmiş, bir milyondan çox insan yurd-yuvasından didərgin salınıb.

Həmin əraziləri işğaldan azad etmək üçün Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində 30 ilə yaxın müddətdə səbr və təmkinlə diplomatik danışıqlar aparsa da, ermənilərə özünüidarə üçün ən yüksək muxtariyyət razılığı versə də Qarabağ separatçılarının şıltaqlığı ucbatından bu danışıqlar heç bir nəticə verməmişdir. Əksinə, Ermənistan Aərbaycana, onun dövlət suverenliyinə qarşı təxribatlarını davam etdirib. Nəhayət, bu təxribatlara son qoymaq üçün Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də əks hücuma keçərək Ermənistanın işğalçı hərbi birləşmələrini darmadağın edib, işğal altnda olan əraziləri düşmən tapdağından qurtarıb.

Bütün bunlar Aərbaycan dövlətinin şərəfli tarixi, onun müstəqillik uğrunda mübarizəsinin parlaq epizodlarıdır. Bəs bu Qarabağ savaşına aparan tarixi-siyasi şərait, çətin diplomatik danışıqlar, Aərbaycanın haqq səsinin dünyaya çatdırılması bizim mediamızda, yazılarımızda, publisistikamızda necə işıqlandırılır? Bu tarix gələcək nəsillərə necə çatdırılır?

Bu suallar ağlıma tanınmış qələm sahibi, ciddi elm adamı və nüfuzlu söz sahibi, professor Qulu Məhərrəmlinin “Gələcəyə ön söz” kitabını oxuyub bitirdikdən sonra gəldi. Kitab ayrı-ayrı vaxtlarda “Ayna” qəzeti və eyniadlı saytda getmiş məqalələr toplusundan ibarətdir və ötən il “Altunkitab” nəşriyyatında buraxılıb. Kifayət qədər poetik adı olan kitabda fərqli mövzular işıqlandırılıb, ictimai-siyasi və mənəvi həyatımızın müxtəlif problemlərinə işıq salınıb, o cümlədən media məsələləri və televiziya verilişləri haqqında söz açılıb. Amma mən “Gələcəyə ön söz”də aparıcı mövzu kimi Qarabağ problemini, onun ayrı-ayrı çalarlarının ifadəsini gördüm. Ümumiyyətlə, bir jurnalist və siyasi təhlilçi kimi Azərbaycan-Ermənistan problemi Q.Məhərrəmlinin yazılarının və çıxışlarının nüvəsində dayanır. Yazılarında da, teleradio çıxışlarında da həmişə bu mövzunu gündəmdə saxlayıb. Yeri gəlmişkən, vaxtilə AzTV-də rəhbərlik etdiyi “Səhər” proqramında da Qarabağ mövzusuna tez-tez müraciət olunması təsadüfi deyildi.

Kitabda verilmiş məqalələr müəllifin Qarabağ probleminə müxtəlif rakurslardan yanaşmasını göstərir. Təkcə bu məqalələrin adları “ermənilərin öz müqəddaratını təyin etməsi” adı gizlədilmiş məsələnin mahiyyəti haqqında oxucuya çox şeyi deyir: “Qarabağda sivilizasiyalar yox, siyasi maraqlar toqquşur”, “Şuşa, Berlin və ... bayram duyğuları”, “Qürbət ölkədəki əsgərin ağrıları”, “Göz yaşlarında islanan Qarabağ problemi”, “Qarabağ danışıqlarında “model” axtarışı”, “Krım böhranı Qarabağın sonudurmu?”, “Qarabağ problemində beş rayon illüziyası”, “Virtual Qarabağ şikəstəsi”, “Frau Merkelin bir cümləsi” və s.

Adlarını çəkdiyimiz məqalələrdə təkcə problemin mahiyyətindən bəhs edilib onun ümumi mənzərəsi yaradılmır, həm də bu lənətlənmiş problemdən çıxış yolları, o cümlədən məsələnin məğzini dünyaya çatdırmaq məsələlərindən bəhs edilir. Bu baxımdan “Göz yaşlarında islanan Qarabağ problemi” məqaləsi diqqətimi daha çox cəlb etdi. Müəllif burada “özümüz deyib, özümüz eşidirik” prinsipinə qarşı çıxaraq problemin dünya miqyasına çıxarılmasının müasir metod və üsulları barədə danışır, mövcud təbliğat işindəki nöqsanları tənqid, bu sahədəki yenilikləri də təqdir edir. O göstərir ki, müasir dünya vizual informasiyaya meyillidir. Adiovizuallıq isə zamanın dilidir, ifadə vasitəsidir.

“Etiraf etmək çox acıdır, amma bu faktdır ki, milli problemlər kontekstində Azərbaycanın son dövr tarixini əks etdirən yığcam və dolğun sənədli filmlərimiz, demək olar ki, yoxdur. Uzun-uzadı filmlər isə eyni məzmunlu qalın kitablar qədər mənasız və darıxdırıcıdır. Məsələn, iki il əvvəl Xocalı soyqırımının yad edildiyi günlərdə Azərbaycanın 300 mindən çox məktəblisi BMT-yə müraciət ünvanladı. Gecikmiş olsa da, bu addımın mahiyyətində yenilik, ümid və işıq var. Biz hamımız, nağıllarda deyildiyi kimi, bu işığı tutub getməliyik”.

Bəli, indi işığı tutub getmək zamanıdır, öz problemlərimiz haqqında dünya ilə onun anladığı müasir dildə danışmalıyıq. Məsələn, artıq Qarabağda öz tarixi ərazilərini işğaldan azad etmiş Azərbaycan indi Xankəndində rus sülhməramlılarının himayəsi altında separatizmin yeni və daha qorxulu dalğası ilə üzləşib. Biz bu yeni tendensiyanın təkcə ölkəmiz üçün deyil, Avropa və bütün dünya üçün də təhlükə olduğunu beynəlxalq hüququn dili ilə nəql etməliyik, çünki dövlət suverenliyi məsələsi bu gün dünya ölkələrinin əksəriyyəti üçün aktualdır.

İnformasiya və hüquq savaşı aparan ölkədə davamlı maariflənmənin olması vacibdir. Bu məqsədlə yığcam videofilmlər çəkilməli, maarifləndirici vizual materiallar hazırlanmalı, mahiyyəti yığcam ifadə edən kitablar yazılmalıdır. Həmin kitablar təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də problemləri bilmək baxımından çox faydalıdır. Bu mənada Q.Məhərrəmlinin özündə Qarabağ hekayətlərini də əks etdirən “Gələcəyə ön söz”ünü sabaha önəmli mesajlar kimi qiymətləndirmək olar, çünki bizim gələcəyə bir sözümüz də məhz Qarabağdır.

Arzu İSAYEVA filologiya üzrə fəlsəfə doktoru


Oxunma sayı: 1651