hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Gəncədə başlayan, İstanbulda bitən sənətkar ömrü

Gəncədə başlayan, İstanbulda bitən sənətkar ömrü

Novator rejisor Hilal Həsənovun əziz xatirəsinə

Deyirlər ki, ömrü verən də uca yaradan özüdür, vaxtı çatarkən onu alan da. İnsan oğlu torpaqdan xəlq edildi elə sonda torpağa da qayıtmalıdır. Ancaq elə şəxslər var ki, onların bu fani dünya ilə vidalaşması vaxtından və zamanından asılı olmayaraq hər an insanın qəlbini göynədir. Bu itkinin ağırlığı qarşısında aciz olsan da, həyat həqiqətilə barışmaq çətin olur. Sənətkar ömrü isə yaşanan illərlə deyil, görülən əməllərlə ölçülür. Belə sənətkarlardan biri də istedadlı rejissorlardan biri olan Hilal Həsənov idi. O, Hilal Həsənov ki, böyük sənət məktəbindən bəhrələnərək qısa zaman kəsiyində öz sənət məktəbini böyük uğur və müvəffəqiyyətlə yarada bilib. Onun haqqında yazmağı hər zaman düşünürdüm. 

Ancaq fani dünyanın belə tez vaxtda onu sıralarımızdan aparacağını heç düşünməzdim. Onun vəfatı xəbəri məni çox sarsıtdı. Çünki onun yaradıcılığına uşaqlıq illərimdən Gəncə Dövlət Dram Teatrından tanışam. Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub. 1959-cu ildə 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımcı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963-1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib. Hətta təhsil aldığı müddət ərzində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Atif Zeynallı və bəstəkar Nəriman Məmmədovun “Məmmədəli kurorta gedir...” pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun “Sevindik qız axtarır” pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub. rejissorun bu teatrın səhnəsində olan fəaliyyəti haqqında sənətşünaslıq doktoru, professor İlham Rəhimli yazır: “Hilal Həsənov diplom müdafiəsinə tamaşa hazırlamaq üçün Musiqili Komediya Teatrına göndərilib. O, əvvəlcə burada kollektivin yaradıcılıq prinsip və özəlliklərini öyrənə bilib. Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun “Toy kimindir?” musiqili komediyasının quruluşu ona tapşırılıb. O, rəssam Adil Quliyev və dirijor Kamal Abbasovla birlikdə tamaşanı 1970-ci il iyulun 4-də uğurla təhvil verə bilib”.  

Daha sonra o, 1971-1975-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor olaraq çalışıb. 1975-1977-ci illərdə Moskvada Vaxtanqov adına Akademik Dram Teatrında təcrübə keçib. Təcrübə müddəti başa çatdıqdan sonra Gəncə Dövlət Dram Teatrına gəlib, 1986-cı ilə kimi burada aktyor və rejissor kimi fəaliyyət göstərib. 1979-cu ilin payızında Gəncə Dövlət Dram Teatrının bazasında yaradılan “Zərrabi” Nizami Poeziya Teatrının 1979-1990-cı illər ərzində repertuar zənginliyinin təmin olunmasında məhz rejissor olaraq Hilal Həsənovun xidmətləri əvəzsiz olub. Bu teatrın səhnəsində Nizami Gəncəvinin əsərləri əsasında özünün səhnələşdirdiyi “Xarəzm gözəli haqqında əfsanə”, “Ədalət sorağında”, “Qılıncla gələn, qılıncla ölər” pyeslərinə uğurlu səhnə həyatı bəxş etməklə müasir və maraqlı rejissor traktofkası ilə diqqəti cəlb edə bilib. 1986-cı ilin sonlarında isə Gəncədə rejissor Hilal Həsənovun rəhbərliyi ilə yaradılan “Simurq” Kukla Teatrı fəaliyyətə başlayıb və bu teatrın bazasında Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən, Gəncə Dövlət Kukla Teatrı yaradılıb. Bu tarixi hadisədən sonra Hilal Həsənov 1986-cı il noyabr ayının 12-də yaradıcısı olduğu Gəncə Dövlət Kukla Teatrının baş rejissoru, direktoru təyin olunub və 1991-ci ilədək burada fəaliyyət göstərib. 1993-cü ildən isə qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Böyük şəhər Bələdiyyəsi Göstəri Sənətlər Mərkəzi Kültür A.Ş. və Fateh Universitetində eləcə də İstambul Böyük şəhər Bələdəiyyəsi Teatrında pedaqoq və rejissor olaraq fəaliyyətini davam etdirib. Onun qardaş Türkiyə Cümhuriyyətində rejissor olaraq fəaliyyəti hər zaman böyük əks səda yarada bilirdi. Belə ki, 750 metr torpaq, qum sahəsi olan bir səhnədə 840 aktyor heyətilə 3000 min tamaşaçının iştirakı ilə Kərbəla faciəsindən bəhs edən möhtəşəm bir tamaşanı hazırlamağa müvəffəq olub. Hilal Həsənov yaradıcılığında islam dininin cəhalət dönəmində Məhəmməd Peyğəmbərin vaxtına qədər olan zamanlarda dünyaya gələn qız uşaqlarının diri-diri torpağa basdırılması faktı böyük tənqid hədəfinə çevrilirdi. Bu gün rejissor Hilal Həsənovu xatırlayarkən sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti, rejissor Xəzər Gəncəli onun haqqında xatirələrini belə dilə gətirir: “Mən yaradıcılıq məqsədilə 2002-ci ildə qardaş Türkiyə Cümhuriyyətinə getdim. Burada mənə ən böyük yardımçı olan şəxs mərhum Hilal Həsənov oldu. Yaxşı yadımdadır ki, hətta 2008-ci ildə “Dədə Qorqud” dastanının motivləri əsasında dramaturq Altay Məmmədovun qələmə aldığı “Dəli Domrul” iki hissəli qəhrəmanlıq komediyasında Əzrayıl obrazını oynamağı mənə həvalə etdi. Çox səmimi bir insan idi. Həm də mərd insan kimi xatirələrimdə yaşayır. Heç vaxt unuda bilmərəm səkkiz illik Mərmərə Universitetində belə olan fəaliyyətimə böyük yardımçı olan da məhz Hilal Həsənov olub. İstambul kimi böyük bir şəhərdə mənə maddi və mənəvi yardımını əsirgəməyib. Onun haqqını heç zaman unuda bilmərəm. 2014-cü ilə kimi bir yerdə çalışmışıq. Ruhu şad olsun”.

Qeyd etdiyim kimi 1977-ci ildə Gəncə Dövlət Dram Teatrına gələn Hilal Həsənov burada səhnə fəaliyyətinə aktyor olaraq başlayıb. Belə ki, H. Cavidin “Səyavuş”da Birinci məmur, C. Cabbarlının “Nəsrəddin şah”da İkinci silahlı, Ə. Məmmədxanlının “Şərqin səhəri”də Fəhlə, A.Məmmədovun “Həmyerlilər”də Gənc, Ə.Yusiflinin “Ürək sevərsə”də Poçtalyon, İ.Coşqunun “Komsomol poeması”da Şahsuvar, Y.Əzimzadənin “Anacan”da Qulu və başqa obrazlarını böyük ustalıqla yarada bilib.

Gəncə Dövlət Dram Teatrının səhnəsində uğurlu rejissor traktofkası ilə diqqəti cəlb edən quruluşlardan biri də U. Şekspirin “III Riçard” iki hissəli faciəsidir. Təbii ki, klassik əsər güclü aktyor ansamblının, fərdi aktyor və rejissorların yetişməsi, maraqlı tamaşaların yaranması üçün başlıca amillərdəndir. U. Şekspirin “III Riçard” faciəsi ən az səhnə təcəssümü tapan mürəkkəb konfliktli bir pyesdir. Quruluşçu rejissor Hilal Həsənovun bu faciəyə müraciətinin başlıca səbəbi isə saray münaqişələrilə kapitalist dünyasının yüksək vəzifəyə çatmaq istəyi, müasir riçardların riya, yalan, zalım və zülmü arasındakı paralelliyi, zalımları yaradan ictimai mühitin eybəcərliklərini göstərmək arzusudur. Məhz bu quruluşda Hilal Həsənov müəllifin ideyasını və mövzunun ana xəttini dəqiqliklə saxlamaqla iki hissəli, təzadlı, gərgin hadisələrlə dolu səhnə variantını uğurla yarada bilib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz Hilal Həsənovun quruluş verdiyi bu tamaşa “III Riçard”ın Azərbaycan teatrında ilk səhnə təfsiridir. Bu baxımdan onun axtarışlarında cəsarətli tapıntılar, maraq doğuran bədii-estetik məqamlar özünü göstərə bilirdi. Tamaşanın ilk səhnə təqdimatı 11 sentyabr 1984-cü ilə təsadüf edir. Qeyd edim ki, pyesi tərcümə edən Əliağa Kürçaylı və quruluşçu rəssamı isə Gürcüstan Respublikasının xalq artisti Dmitri Tavadze olub. Tərcümə dilinin poetik olması ilə bərabər eləcə də səhnə dilində danışığın daha səlistliyi, həmçinin rəssamın uğurlu səhnə tərtibatı quruluşçu rejissor Hilal Həsənovun uğurlu səhnə traktofkasının əsası kimi dəyərləndirilməlidir. 

Gəncə Dövlət Dram Teatrının səhnəsində Edvard Radzinskinin “Sokratla söhbətlər” iki hissəli pyesinin quruluşu teatrın tarixi ənənələrinə sadiq qalması, monumental əsərlərə tez-tez müraciətindən doğur. Tamaşanın ilk səhnə təqdimatı 21 noyabr 1985-ci ilə təsadüf edir. Qeyd etmək lazımdır ki, tamaşanın quruluşçu rejissoru və pyesi tərcümə edən Hilal Həsənovdur. rejissor öz tərcümə və quruluşu ilə yanaşı zamanın təzadlı faciələri içərisindən doğan, günəş tək parlayıb insanlara nur saçan dahilər içərisində böyük Yunan filosofu Sokratın yerinin əvəzsiz və təkrar olunmadığını göstərib. Məhz rejissor Hilal Həsənov bu quruluşu ilə bütün ömrünü bəşər övladlarına, onların xoşbəxtliyinə, sevincinə həsr edən böyük filosof, kamillik, xeyirxahlıq, vətən məhəbbəti, insanpərvərlik kimi fəlsəfi məvhumlar içərisində çırpınan və onları söhbətləri vasitəsilə insanlara paylamağa çalışan Sokratın həyatını maraqlı detallarla təqdim etməyə müvəffəq ola bilib. Həyat gerçəkliyini, tarixi hadisələri, təxəyyülünün süzgəcindən keçirərək elmi əsaslarla cilalayıb, incəsənətin gücü və dili ilə xalqa çatdıran böyük bir Sokratı təqdim edə bilib. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli Hilal Həsənovun quruluş verdiyi “Sokratla söhbətlər” pyesinin tamaşası haqqında yazır: “İlk dəfə 1970-ci illərin əvvəllərində Moskvadakı Mayakovski adına Akademik Dram Teatrında tamaşaya qoyulan “Sokratla söhbətlər” dramı böyük uğur qazanıb. Pyes eramızdan əvvəl yaşayan yunan filosofunun həyatından bəhs etsə də, sərt və kəskin dialoqların, Sokratın monoloqlarının sözaltı mənası, psixoloji dərinliyi və fəlsəfi gücü çağdaş dövrün mühüm ictimai-sosial problemləri ilə həmahəng səslənir. Tamaşa boyu söz fəlsəfi fikrin dramatizmini hərəkətə çevirməkdə həlledici vasitə kimi təqdim olunur”. 

İstedadlı rejissor Hilal Həsənovun Gəncə Dövlət Dram Teatrının səhnəsində V.Şukşinin “Diribaş adamlar”, İ.Coşqunun “Komsomol poeması”, S.Rəhmanın “Xoşbəxtlər”, S.Qədirzadənin “Gözəllik ondur...”, Q.Rəsulov və Ə.Şərifovun “Molla Nəsrəddin zarafatları”, Y.Əzimzadənin “Anacan”, M. Qorkinin “Qoca”, R.Əlizadənin “Doğmalar”, O.Zaqradnikin “Zəngli saat”, K.Vəliyevin “Üçtelli durna”, L.Rəşidzadənin “Toya üç gün qalmış”, C.Cabbarlının “1905-ci ildə”, İ. Şıxlının “Odlu çarpazlar”, F.Əlyarbəylinin “Qonşular”, N.Həsənzadənin “Atabəylər”, N.Gəncəlinin “Səadət yağış deyil” və digər quruluşları maraqla baxılan səhnə traktofkalarındandır. Hilal Həsənov 30 oktyabr 2019-cu il tarixində İstanbulda əbədiyyətə qovuşaraq orada dəfn olunub. Ruhun şad olsun, sözün əsl mənasında böyük insan və sənətkar.

Anar Bürcəliyev,teatrşünas
Cebhe.info


Oxunma sayı: 1970