hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Generalı savaş təhdidi: Müharibəyə kim təhrik edir?

Generalı savaş təhdidi: Müharibəyə kim təhrik edir?

Xəlifə Həftərin rəhbərliyi altındakı Liviya Milli Ordusu ölkədə atəşkəs rejimi elan edilməsi barədə prezidentlər Putin və Ərdoğanın təklifini rədd edib. 

Ordu təmsilçilərinin “Bloomberg” agentliyinə verdiyi xəbərə görə, Həftərin silahlıları Tripoli, Sirta və Misrata rayonları üzrə nəzarəti genişləşdirmək niyyətindədir. Türkiyə və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmaya uyğun olaraq tərəflərə hərbi əməliyyatları dayandırmaq barədə çağırış edilib. Ankara və Moskva Liviyada hərbi əməliyyatların 12 yanvar 2020-ci ildən dayandırılmasını və münaqişəni danışıqlar yolu ilə aradan qaldırmağı təklif edib. 

Xatırladaq ki, Liviyada 2014-cü ildən vətəndaş müharibəsi gedir.

Hazırda Baş nazir Fayez Sərracın rəhbərlik etdiyi Milli Birlik Hökuməti və Abdulla Əbdulrəhmanın rəhbərlik etdiyi “Şərq hökuməti” arasında ölkəyə nəzarət uğrunda döyüşlər gedir. Əbdulrəhmana Liviya Milli Ordusunun komandanı Xəlifə Həftər dəstək verir. Paytaxt Tripolini ələ keçirməyə çalışan Həftəri Rusiya, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir də dəstəkləyir. Fayez Sərrac hökumətini isə ABŞ, Britaniya, Türkiyə, Qətər və digər ölkələr legitim hesab edir. General X.Həftərin atəşkəs təklifini rədd etməsindən sonra Liviyada döyüşlər yenidən güclənə bilər. Bu halda münaqişənin həllində Rusiyanın mövqeyi həlledici rola malik olacaq. Çünki qiyamçıların hücumlarının genişlənməsi paytaxt Tripolini zəbt etmək baxımından Rusiyanın maraqlarına cavab verir. Bu isə Fayaz Sərrac hökumətinin devrilməsi deməkdir. Rusiya X.Həftəri hakimiyyətə gətirməklə Liviyanın Aralıq dənizi sahili boyunca Tripoli, Tobruk və Benqazidə hərbi bazalar yerləşdirmək və SSRİ-nin vaxtilə mövcud olduğu strateji nöqtələri yenidən geri qaytarmaq imkanı qazana bilər. Üstəlik, Kreml dünyanın ən böyük “qara qızıl” ehtiyatlarına malik ölkələrindən biri olan Liviyanın Aralıq dənizi ilə dünya bazarına çıxışı yollarına nəzarəti ələ keçirmək istəyir. Rusiya buy olla dünya eneri bazarındakı qiymətlərə, eləcə də Avropanın təbii qazla təminatına təsir göstərəcəyinə ümid edir.

Bu həm də Rusiyanın isti sualara çıxışı baxımından, Rusiya üçün mühüm geostrateji əhəmiyyət daşıyır. 

Lakin hazırda Suriyada müttəfiq olduğu Türkiyə ilə Liviyada qarşıdurmaya getmək rəsmi Moskvanın maraqlarına cavab vermir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” ordusunun komandanı Qasim Süleymaninin öldürülməsindən sonra ABŞ-ın mövqeləri Yaxın Şərqdə güclənməyə başlayıb. ABŞ-ın İraqda və Suriyada başladığı hərbi əməliyyatlar İranın geosiyasi dayaqlarını zəiflədib. Bu səbəbdən, Türkiyə ilə münasibətlərin soyuması Rusiyanın müttəfiqlərinin itirməsinə gətirib çıxara bilər. Ona görə də Putin yanvarın 8-də Ankaraya səfəri zamanı Liviya problemi ilə bağlı Prezident Ərdoğanla atəşkəs barədə anlaşmaya nail olmağa çalışdı. Təbii ki, tərəflər hələlik maraqlarını uzlaşdırmaq üçün ortaq “yol xəritəsi”ni tapa bilməyib. Ancaq atəşkəsə çağırış Anakara ilə Moskvanın Liviyada qarşıdurmadan çəkinmək niyyətindən xəbər verir. Hər iki ölkə buna nail ola bilsə, növbəti mərhələdə kompromis variantların əldə edilməsi mümkün ola bilər. 

Reallıq isə sülh barədə danışmağın hələ çox çətin olduğunu göstərir. Çünki Liviya yalnız Rusiya və Türkiyənin deyil, supergüclərin maraqlarının toqquşduğu qarşıdurma meydanına çevrilib. Bu döyüş meydanında müxtəlif tərəflərin öz mövqelərini uzlaşdırması vacib şərtə çevrilib. Ona görə də tərəflər arasında barışığın tapılması üçün Almaniya kansleri Angela Merkelə ümidlər artıb. Belə ki, xanım Merkelin yanvarın 11-də Moskvaya, yanvarın 24-də isə Ankaraya səfərinin gündəliyində duran əsas məsələlərdən birini məhz Liviyada sülhün bərpası təşkil edəcək.

Türkiyə mediasının yazdığına görə, atəşkəsin təmin edilməsi və Liviyada siyasi həll yolu axtarılması üçün Berlin konfransının keçirilməsinin ideyasını irəli sürən Berlin nəticələrin boşa çıxmasını istəmir. Bu baxımdan, Türkiyə parlamentinin Liviyaya qoşun göndərmək barədə qərar qəbul etməsindən sonra Berlinin Ankaradan ən azı liderlərin zirvə görüşünə qədər gözləməsini istəyəcəyini təxmin etmək olar. Lakin Prezident Ərdoğan Liviya ilə dənizdə hüququi zonalarının delimitasiyası ilə əlaqədar bir razılaşma əldə etməklə nəinki vacib addım atıb, eyni zamanda Liviya masasında ən fəal oyunçulardan biri olmağa yaxınlaşıb.

Əslində, Türkiyə və Rusiya Suriyada eyni yolu tutub. Əvvəl Astana, sonra Soçi prosesləri var idi. Liviyada, prosesi idarə etmək Suriyadakından daha çətindir. Yəni, tərəflərin üstünlüyünü və təsirini təmin edən prosesi aparmaq demək olar ki, mümkün deyil. Ancaq prosesi istiqamətləndirmək qaçılmaz bir zərurətə çevrilib. Daha əhəmiyyətlisi, Türkiyə və Rusiya Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Fransanın son planlarını məhv etdi. Atəşkəsə bənzər çağırışların Avropadan da olacağını gözləmək olar. Nəticədə, bu çağırış da onlardan biri olacaqdır. Bu baxımdan, Liviya müharibəsində Moskvanın nümayəndəsi olan “Vaqner qrupu” nun dəstəyini alan Həftərin çağırışa qulaq asmayacağını təsəvvür etmək mümkün deyil. Berlinin qoşulması ilə Liviya Türkiyə, Rusiya və Almaniya arasında əməkdaşlıq sahəsinə çevriləcək. Bunu regional enerji sahəsində yeni bir alyansın qurulması üçün bir platforma da adlandırmaq olar. Çünki Türkiyə və Almaniya Rusiya ilə Avropa qitəsində enerji sahəsində əməkdaşlıq edən iki vacib ölkədir. Ərdoğan və Putinin İstanbulda açdığı “Türk Axını” buna ən bariz nümunədir. Digər oxşar bir nümunə Rusiya qazını Almaniya vasitəsilə Avropaya çatdıracaq “Şimal axını-2” layihəsidir.

Vaşinqton Avropa Birliyinin enerji sektorundakı Rusiyadan 40 faiz asılılığını daha da gücləndirəcəyini iddia edərək boru kəmərinin inşasında iştirak edən şirkətləri təhdid edir. ABŞ Avropadan Rusiya qazının əvəzinə istehsal etdikləri şist qazını almasını istəyir. Merkel, Avropanın ən vacib oyunçusu olaraq, ABŞ Prezidenti Trampın təhdid mesajlarına qətiyyətlə qarşı çıxaraq qaz boru kəmərinin tikiləcəyini söyləyib. Almaniya Liviya sahəsində də fəal rol oynayır və bu günə qədər aktiv siyasət yürütməyə müvəffəq olmadığı Şərqi Aralıq dənizindəki mübarizəyə qoşulmağa hazır olduğunu nümayiş etdirir. Bu məqsədlə Almaniya, ilk növbədə, Liviyaya sülh gətirməyi hədəfləyən Berlin konfransının uğur qazanacağına güvənir. Almaniya uzun müddətdir ki, Türkiyə və Rusiyanın yanvarın 12-si gecə yarısından bəri tələb etdiyi Liviyada atəşkəs qurulmasını istəyir. Atəşkəsə çağırış imkanı yalnız Almaniyanın deyil, eyni zamanda Sarrac hökumətini Berlin Konfransı öncəsi ayaqda saxlamaq üçün mübarizə aparan Ankaranın da əlinə keçib”. 

Müşfiq Abdulla 

Cebhe.info


Oxunma sayı: 7019