hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Generalların baharı: Onların siyasi səhnəyə kim çıxarır?

Generalların baharı: Onların siyasi səhnəyə kim çıxarır?

Vüqar Zifəroğlu: “Əlcəzairdə, Liviyada və Sudanda baş verən hadisələr ümumi  ssenarinin tərkib hissəsidir”

Sudanda hakimiyyəti ələ keçirən hərbi şuraya müdafiə naziri Avad Məhəmməd Əhməd ibn Auf başçılıq edəcək. Son aylar birinci vitse-prezident postunu tutmuş Ayad Auf iyirmi altı ilə yaxın ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırıldığını bildirib. Qeyd edək ki, Auf 2000-ci illərdə hərbi kəşfiyyata, daha sonra Sudan Silahlı Qüvvələrinin Baş qərargahına rəhbərlik edib. O, 2010-cu ildən sonra qısa müddət Sudanın Omandakı səfiri vəzifəsində çalışıb. 2007-ci ildə Auf Amerikanın sanksiya siyahısına salınıb. Onun İranla yaxşı münasibətləri Vaşinqtonun xoşuna gəlməyib. Bundan başqa, general şimali Darfur münaqişəsində dinc əhalini amansızcasına cəzalandırmaqda şübhəli bilinir.

Hərbi şurada Aufun köməkçisi general-leytenat Kamal Əbdül Murof əl Mahi olacaq. Sonuncu Sudan Silahlı Qüvvələrinin Baş Qərargahına başçılıq edib. 

General Auf Sudanda növbəti prezident seçkilərinin iki ildən sonra keçiriləcəyini deyib. Onun bu açıqlaması Vaşinqtonda etirazla qarşılanıb. ABŞ Dövlət Departamenti hakimiyyətin tezliklə mülki hökumətə ötürülməsini tələb edir. Vaşinqton, həmçinin, dinc və demokratik Sudanı dəstəklədiyini qeyd edib. 

Lakin Sudanda diktator Ömər əl-Bəşirin devrilməsinə baxmayaraq, etiraz aksiyaları səngimir. Sudan müxalifəti də hərbçilərin planlarına qarşı çıxıb. Onlar yeni seçkilərin tez bir zamanda keçirilməsini tələb edir. Hərbçilərin ölkədə komendant saatı elan etməsinə baxmayaraq, müxalifət tərəfdarları böyük şəhərlərin küçələrini tərk etməyib.

Ekspertlər isə bölgədə baş verən geosiyasi qarşıdurmaların Sudana təsirsiz ötüşmədiyini bildirir. Sudanın geostrateji mövqeyi və zəngin neft ehtiyatlarına malik olması da böyük dövlətlərin proseslərə müdaxilə imkanlarını artırır. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, son zamanlar Afrikanın ərəbdilli ölkələrində baş verən siyasi hadisələr bir-birilə əlaqəlidir. Ona görə də Sudandakı hakimiyyət dəyişikliyinin arxasında müxtəlif dövlətlərin geosiyasi maraqları dayanır: 

“Bu gün Sudanda, Liviyada və Əlcəzairdə baş verən siyasi proseslər bir-biri ilə əlaqəlidir. Yəni bu olaylar bir ölkə ilə məhdudlaşmır. Ona görə də belə hadisələr digər ölkələrə də öz təsirini göstərir. Sudan, Liviya və Əlcəzair kifayət qədər strateji əhəmiyyətə malik ölkələrdir. Bu, həmin ölkələrin Afrikanın şimalında-Afrika ilə Avropanın qovşağında yerləşməsi, strateji əhəmiyyətə malik limanlara malik olması ilə bağlıdır. İkinci mühüm məqam həmin ölkələrin zəngin neft və qaz yataqlarına malik olmasıdır. Liviyanın geostrateji mövqeyi yalnız Afrikanın ən zəngin neft ehtiyatlarına malik ölkə olması ilə bağlı deyil. Liviyada və Sudanda həm də ciddi siyasi qarşıdurmaları əlavə etmək olar. 2011-ci ildə Qərb “Ərəb baharı” prosesini başlatdı. Lakin bu inqilablara start verənlər istədikləri nəticəni əldə edə bilmədi. Məsələn, Misirdə “İxvan ül-muslimin” hakimiyyətə gəldi. Bir ildən sonra isə Misirdə Məhəmməd Mursi iqtidarı general Əl-Sisi tərəfindən devrildi. “Ərəb baharı” ilə gələn, hesablanmamış nəticələrin hərbçilərin əli ilə dəyişdirilməsi baş verdi. Bu proses hazırda həm Sudanda, həm də Liviyada gedir. İyirmi ildən artıq hakimiyyətdə olan bir diktator hakimiyyətdən salındı. Onun səlahiyyətlərini müdafiə naziri olan bir general öz üzərinə götürüb. Eləcə də Liviyada 2011-ci ildə Müəmmar Qəddafi devrilir və öldürülür, müxalifət hakimiyyəti ələ keçirir, 2014-cü ildə isə müxailf qüvvələrin öz arasında parçalanma baş verir. Son dövrlər isə general Həftər dünyəvi baxışlara malik olduğunu və radikal islamçılara qarşı mübarizə apardığını bəyan edir. Beləliklə, general Həftərin başçılıq etdiyi “Şəfəq“ və müxalifətin “Liviya şəfəqi” adlı koalisiyaları arasında hərbi qarşıdurmalar gedir. Bu da 2014-cü ilə başlanmış münaqişənin nəticəsidir. Əgər Misirdə “Müsəlman qardaşları” hərəkatını əsasən, Türkiyə və Qətər dəstəkləyirdi. Əbdülfəttah əl-Sisini də ABŞ, Fransa, Səudiyyə Ərəbistanı dəstəkləyirdi. ABŞ bu gün general Həftəri dəstəkləyir. Rusiya isə “Ərəb baharı”ndan sonra Yaxın Şərqdə itirdiyi strateji mövqeləri geri qaytarmağa çalışır. Ona görə də Rusiya Suriyada sona qədər mübarizə apararaq qalmağa çalışır. İndi Rusiya Liviyada olıan bu prosesdən istifadə edib siyasi dividend əldə etmək, həmin ölkəyə qayıtmaq istəyir. Lakin bu, Rusiyanın Həftəri dəstəkləməsi anlamına gəlməməlidir. Sudanda da analoji proses gedir. Hərbçilərin çevriliş yolu ilə hakimiyyətə gəlməsi Qərbin ən çox istifadə etdiyi ssenaridir. 1960-cı illərdən bu yana hərbi çevriliş üsulundan istifadə edilib və bu da özünü doğruldub. Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş həmin liderlər “Ərəb baharı” ilə devrildilər və indi onları başqaları əvəz edir”.

Vüqar Zifəroğlu onu da bildirdi ki, “Ərəb baharı”nın yeni mərhələsi olan son hadisələrə “Generelların və ya hərbçilərin baharı” adını vermək olar. Yəni Əlcəzairdə, Liviyada və Sudanda baş verən hadisələr ümumi ssenarinin tərkib hissəsidir. Sudan geopolitik əhəmiyyətinə görə, özünəməxsus funksiyaya malikdir. Burada Qərbin maraqları ilə yanaşı, ərəb ölkələri, İran, Türkiyə amili, İsrailin təhlükəsizliyi məsələsi də mühüm rol oynayır.

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 2114