hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Geri qayıtmayan milyardlar: İran defolta gedir

Geri qayıtmayan milyardlar: İran defolta gedir

İranın qeyri-neft ixracı üzrə 40 milyard dollar gəlirinin 30 milyard dolları ölkəyə geri qayıtmayıb. 

Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Hüseyn Mir Şucaiyan deyib. Onun sözlərinə görə, İran hökuməti sanksiyalara görə neft satışında problemlər yaşayır və bu vəziyyətdə ölkə ciddi təhlükə ilə üz-üzə qalıb. Ona görə, də xarici ticarətin artması üçün özəl sektor dəstək olmalıdır. Nazir müavini bildirib ki, valyuta nağd formada və ya ölkənin tələbatı olan birinci növ məhsullar şəklində ölkəyə geri qayıtmalıdır. Halbuki İranın ixracdan əldə etdiyi 40 milyard dolların 30 milyard dolları nə nağd formada, nə də hər hansı məhsul kimi ölkəyə qayıtmayıb.

ABŞ-ın İrana sanksiyaları isə davam edir. Ümumiyyətlə, rəsmi Tehran 30 ildir müxtəlif sanksiyalara məruz qalır. ABŞ-in İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar reallıqda rəsmi Tehran, təhlükə altına alıb. Əsasən, İranı iqtisadi sanksiyalarla zəiflətməyə çalışan ABŞ-ın daha sonra cənub qonşumuza hərbi müdaxilə edə biləcəyi ehtimal olunur. Görünən odur ki, İrana iqtisadi müstəvidə ciddi zərbə vurduqdan sonra ABŞ bu ölkəyə hərbi müdaxiləyə hazırlıq görür. İndilikdə isə əsas məqsəd İranı iqtisadi cəhətdən mümkün qədər çökdürməkdir. Ekspertlər hesab edir ki, ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarının davamı gələrsə, cənub qonşumuz daha ciddi iqtisadi çətinliklər məngənəsində qalacaq. Bu isə ölkənin bütövlükdə sosial və iqtisadi partlayışa məruz qalması deməkdir. Bu arada İranın ixracdan əldə etdiyi 40 milyard dolların 30 milyardının ölkəyə geri qayıtmaması İranı defolt təhlükəsi ilə üz-üzə qoymuş olur. 

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, qeyd olunan sərmayənin İrana geri qayıtmaması bank sektoruna qoyulan qadağalarla əlaqədardır:

“Çünki ABŞ-ın yeni sanksiya dalğası əsasən, bank sektorunu əhatə etdiyi deyə İrana pul köçürmələrin xeyli dərəcədə ləngiməsinə səbəb oldu və həmin hesabların dondurulması ilə nəticələndi. Ona görə də təbii ki, İranın valyuta ehtiyacı kəskin artır və bu vəsaitin ölkəyə daxil olmaması, eyni zamanda qonşu ölkənin həmin vəsaitdən istifadə etmək imkanının olmaması milli valyutaya kəskin şəkildə mənfi təsir göstərir. Məhz bu səbəbdəndir ki, real dünyada ən çox dəyərdən düşən valyutalardan biridir. Eyni zamanda İranda inflyasiya prosesləri xeyli dərəcədə sürətlənib. Yəni qiymət artımı son 1 ildə İran tarixində olmadığı həddə sürətlənib. Nəticə etibarilə bu uzun müddət belə davam etsə, ölkənin maliyyə böhranı təhllükəsini yüksəldir. Burada başqa bir məsələ də var ki, İranın defolt elan olunması və özünü elan etməsi üçün ödəniş qabiliyyətinin sıfıra düşməsi lazımdır. Amma əslində, bu, belə deyil. İranın arqumenti ondan ibarət olacaq ki, dünyanın müxtəlif ölkələrində və bankllarında vəsaiti var. Sadəcə o vəsaitlərdən istifadə etmək imkanları yoxdur. Məhz bu səbəbdən İranın defolt elan olunması bir qədər mücərrəd görü-nür. Amma iqtisadi çətinliklərin davam etməsi, iqtisadiyyatda daha dərin və ciddi problemlərin yaşanması ehtimalı çox yüksəkdir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1079