hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Günəş altında işləyənlər var, amma şikayət yoxdur: “Əgər şikayət olarsa, yaxud KİV yazarsa...” - RƏSMİ

Günəş altında işləyənlər var, amma şikayət yoxdur: “Əgər şikayət olarsa, yaxud KİV yazarsa...” - RƏSMİ

“Temperatur 40 dərəcədən yuxarıya qalxırsa, hökumət bütün yerlərdə, xüsusilə də açıq iş şəraitində çalışanların işləməsini qadağan etməli, yaxud da təcili vaxt dəyişikliyinə getməlidir”.

Bunu millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, insan həyatı ilə risk etmək olmaz:

“Müşahidə edərəm ki, bir çox yerlərdə iş rejimi əvvəlki qaydada davam edir, necə deyərlər, içəridə kondisener altında oturan ağanın nə vecinə, nökərin çöldə canı çıxır. Son günlər temperatur 42-43 dərəcədən aşağı düşmür, ancaq normal açıqlama da verən yoxdur. Adamlar nicat yolunu artıq milli balıqların belə üzə bilmədiyi çirkli dənizimizdə sərinləməkdə tapırlar. Vətəndaşın sağlamlığından vacib heç nə ola bilməz”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynur Osmanqızı Cebhe.info-ya açıqlamasında bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır:

“İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İşəgötürənlər yay mövsümündə havanın temperaturunun 41 dərəcə Selsidən çox olduğu günləri nəzarətdə saxlamalı, gün ərzində havanın temperaturunun 41 dərəcə Selsidən çox müşahidə olunduğu saatlarda açıq hava şəraitində və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsini dayandırmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələrin verilməsini təmin etməlidirlər. Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər”.

Mətbuat katibi qeyd edib ki, əmək qanunvericiliyinin tələbləri nəzərə alınmadıqda, işçilərin əmək hüquqlarının pozulması halları qeydə alınarsa, bununla bağlı qanunvericiliyə uyğun olaraq Xidmətə şikayət daxil olarsa və ya media tərəfindən işıqlandırılarsa, dərhal fakt rəsmi qeydiyyata alınır və araşdırılır:

“Müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq araşdırılıb cavablandırılır. Əmək qanunvericiliyinin tələbələrini pozan işəgötürənlər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Əlavə olaraq qeyd edim ki, ötən 2 ayda işçilər tərəfındən bu faktla bağlı Xidmətə şikayət daxil olmayıb.

Əmək hüquqları pozulan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]), sosial şəbəkələr vasitəsilə və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2069