hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: “Bu, İranın yaralı yeridir, istənilən vaxt...”

Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: “Bu, İranın yaralı yeridir, istənilən vaxt...”

Xəbər verildiyi kimi, xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatik korpusun nümayəndələri fevral ayının 6-da işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

İkinci dəfə baş tutan səfərə İran səfiri qatılmayıb. Diplomatik nümayəndələrin tərkibində işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər edən İngiltərənin Azərbaycandakı səfiri Ceyms Şarp Araz çayının şəklini paylaşaraq sosial şəbəkə hesabında “Salam İran” yazıb. İranın Azərbaycandakı səfiri Abbas Musəvi isə ingilis səfirə cavab olaraq, “İrandan salam” yazıb.

Bu “yumşaq” cavab iranlılar tərəfindən narazılıqla qarşılanıb və iranlı səfirin mövqeyində zəiflik nümayiş olunduğu bildirilib. İran səfiri bu reaksiyalara ikinci “tvit”lə cavab verib:

“Narahat olmayın. Bütöv və güclü İranın parçalanmasını heç vaxt, heç yuxularında da görə bilməyəcəklər”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən “Zəfər Paradında” “Arazı ayırdılar” bayatısını səsləndirməsi də İranı xeyli narahat etmişdi.

Maraqlıdır, xüsusən ABŞ-da Co Bayden iqtidarı dönəmində Cənubi Azərbaycan məsələsi İrana qarşı təzyiq aləti kimi, beynəlxalq müstəviyə çıxarıla bilərmi?

“Dünya bilir ki, Azərbaycan ən azı iki yerə bölünüb”

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan məsələ ilə bağlı “Cümhuriyət” açıqlamasında deyib ki, ingilis səfirin Araz çayının sahilindən paylaşdığı “Salam İran” tviti təsadüfi deyil:

“Özü də bunu Araz çayı sahilində İrana ünvanlaması fikirləri bir az da qətiləşdirir. Dünya bilir ki, Azərbaycan ən azı iki yerə bölünüb. Bunun yarısı cənubdadır və Cənubi Azərbaycan adlanır. Digər yarısı isə şimalda müstəqil Azərbaycan Respublikasıdır. Hələ ola bilsin ki, ingilis səfir perspektivdə Dərbəndə, Borçalıya, İrəvana da salam göndərə bilər. Bunu anlamayan yeganə hakimiyyət İrandakı rejimdir. İran səfirinin ingilis səfirin mövqeyi ilə bağlı əks- reaksiyası ilk deyil. Yəni İran təmsilçiləri Cənubi Azərbaycana edilən hər hansı işarədən həmən narahat olurlar.

Xatırladaq ki, bizim keçirdiyimiz qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Arazı ayırdılar” bayatısını səsləndirməsi də İranı açıq narahat etmişdi. 2000-ci illərdə Rusiya Prezidenti bəyan etdi ki, İranda 20 milyondan çox Azərbaycan türkü var. Ondan əvvəl isə sabiq ABŞ Prezidenti Bil Klinton elan etdi ki, İranda 20 milyondan çox azəri (Azərbaycan türkü nəzərdə tutulur-S.S) yaşayır.

Yəni Azərbaycan türkünün Cənubi Azərbaycanda yaşaması dünyaya sirr deyil. Məsələn, Çinin 2 milyarda yaxın əhalisi var. İstəyir ki, təxminən 40 milyona yaxın Uyğur türkünü müxtəlif yollarla assimilyasiya etsin, amma edə bilmir. Amerika rəhbərliyi də Uyğur və Tibet məsələsini rəsmi Pekinin diqqətinə çatdırır ki, bu məsələlər Çinin problemidir, həll etsin. Çin isə bunları həll etməkdənsə, hay-küy salır ki, Amerika Çinin ərazi bütövlüyünü parçalayır. Ola bilər ki, sabah İran hakimiyyəti də ingilis səfirin mesajından da narahat olub, elan edə bilərlər ki, İngiltərə İranın ərazi bütövlüyünü parçalamaq istəyir. Amma bir salamla ölkə ərazisi parçalanmaz”.

“Dünya bundan təzyiq mexanizmi kimi istifadə edir”

Ekspert hesab edir ki, perspektivdə İranda milli mədəniyyətlərin assimilyasiyası məsələsi də gündəmə gələcək:

“O ki qaldı dünyanın bu kimi məsələlərdən istifadə etməsi, ona təbii yanaşmaq lazımdır. Məsələn, Böyük Britaniya Avropa İttifaqından çıxdı. Elə həmin vaxt Fransa ilə Almaniya, Şotlandiya və Şimali İrlandiya məsələsini gündəmə gətirdi. Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması üçün keçirdiyi referendumun nəticələri dilə gətirildi. Perspektivdə Şimali İrlandiya ilə İrlandiyanın birləşməsi, yaxud İspaniyada basqılar məsələsi gündəmə gətirildi. Deməli, dünyada təzyiq aləti olaraq bu kimi məsələlərdən istifadə edilməsi nümunəsi var. Dünyada bir dövlət digərinə təzyiq etməsi üçün onun yaralı yerini əzir. Güney Azərbaycan məsələsi də İranın yaralı yeridir. Çünki o yaralar hələ sağalmayıb.

Nə Məşrutə (Kontitutsiya) Hərəkatı dövründə (1905-1907), nə 1920-ci il “Azadistan” yaradılan zaman, nə 1945-46-cı illərdə Milli Hökumət məsələsi, nə də 1979-cu il İslam İnqilabı zamanı Azərbaycan türkünün öz haqqını ala bilməməsi məsələsi öz həllini tapıb. 2006-cı ilin may hadisələri də eyni vəziyyətdədir. Deməli, Azərbaycan türkünün yarasından qan axır. Oxşar yaralar Rusiyada, Ukraynada da var. Bu yaralar sağalmadığı üçün dünya bundan təzyiq mexanizmi kimi istifadə edir və istənilən vaxt bu məsələlərə toxuna bilər. Məsələn, İranın nüvə proqramı ilə bağlı məsələlərə görə, ona təzyiqlər edilir. 2008-ci ildə İranda milli haqların və insan haqlarının pozulması ilə bağlı məsələ gündəmə gəldi. Deməli, İranın atom- nüvə proqramı dünya üçün nə dərəcədə əhəmiyyətlidirsə, milli və insan haqları da o dərəcədə əhəmiyyətlidir. Ola bilər ki, İranda milli mədəniyyətlərin assimilyasiyası məsələsi perspektivdə gündəmə gəlsin. Bunun gündəmə gələcəyini də istisna etmirəm”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 11705