hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Güneyli siyasi fəal girov qoyaraq azadlığa çıxdı

Güneyli siyasi fəal girov qoyaraq azadlığa çıxdı

Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılan Cavad Əhmədi Yekanlı 20 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında məhkəmə tərəfindən müvəqqəti azadlığa buraxılıb. GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe. info-ya verdiyi məlumata görə, Əhmədi Yekanlıya göndərilən çağırış vərəqəsində onun iyunun 29-da saat 9:00-da Polis İdarəsinə müraciət etməsi tələb olunmuşdu.

Məlumata görə, təhlükəsizlik qüvvələri milli fəala qarşı təhqiredici və kobud sözlər istifadə edərək sərt rəftar ediblər. Əhmədi Yekanlı məmurlara onların davranışlarının, eləcə də məhkəmə qərarı olmadan təhlükəsizlik bölməsinə çağırılmasının qanunsuz olduğunu xatırladıb.
Milli fəalı sorğu-sual edən məmurlar ondan 2018-ci ilin iyul ayında keçirilməsi nəzərdə tutulan Babək qalası yürüşünə çağırışın Abbas Lisani tərəfindən irəli sürülüb sürülmədiyi haqda soruşublar.

Əhmədi Yekanlı isə cavabda "iki il keçməsinə baxmayaraq, hələ də cənab Lisanini ittiham etmək üçün heç bir sübutunuz yoxdur” deyərək öz istəyi ilə Babək qalasına getdiyini vurğulayıb.
Daha sonra milli fəal məmurların müşayiəti ilə Xoydakı İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə aparılıb. Məhkəmə türk fəalı “sosial şəbəkələrdə çağırış yaymaq və Babək qalası yürüşünə dəvət etməklə ictimai rəydə təşviş yaratmaq”da ittiham edib.

Milli fəal məhkəmə işinin bitməsinə qədər mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Əhmədi Yekanlı bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Aydın
Cebhe. info


Oxunma sayı: 771