hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Gürcü yepiskopun Zaqatala “istəyi”nə CAVAB: “Borçalı Cümhuriyyət dövründə də mübahisəli zona idi və müzakirə olunurdu”

Gürcü yepiskopun Zaqatala “istəyi”nə CAVAB: “Borçalı Cümhuriyyət dövründə də mübahisəli zona idi və müzakirə olunurdu”

Gürcüstanın Marneuli və Hujabi yeparxiyasının yepiskopu Giorgi Jamdeliani siyasi məsələlərə müdaxilə edərək, Marneulinin meri Zaur Darğallını tənqid edib.

Nəriman Nərimanovun büstünün sökülməli olduğunu bəyan edən yepiskop kilsədə dini moizə əvəzinə, çıxışını büstü bərpa etdirdiyi üçün Zaur Darğallını tənqid etməyə yönəldib. Həmin büstün sökülərək, zibilliyə atılmalı olduğunu bildirib. Həmçinin Zaur Darğallının qanunsuz hərəkətinə görə xalqdan üzr istəməli olduğunu deyib. Yepiskopun torpaq iddiasına söykənən fikirləri, xüsusilə Zaqatala ərazisinin Gürcüstana məxsus olmasını deməsi isə xüsusilə narazılıq doğurub:

"Marneuli Bələdiyyəsinin meri Zaur Darğallı bolşevik Nəriman Nərimanovun abidəsini bərpa etdi, baxmayaraq ki, yaxın gələcəkdə abidə qanunla sökülməli idi. Mən Nəriman Nərimanovun kim olduğunu xatırlatmaq istəyirəm, hansı ki, yəqin çox sayda azərbaycanlı və gürcü bunu bilmir. Bu şəxs Gürcüstanda doğulub və burada yaşayırdı.

Daha sonra, Azərbaycana getdi. O, bolşevik idi. İlk öncə Sovet mental maşını hansı ki, demokratik ölkə olan Azərbaycanı işğal etdi, daha sonra, 1920-ci ildə Gürcüstana hücum etdi. Onun əli bizim əcdadlarımızın, həmvətənlərimizin qanına batıb. Daha sonra, satqın, Filip Maxaraşvilinin imzası ilə Gürcüstanın qədim torpağı, Zaqatala bölgəsini ayıraraq, qonşu ölkəyə verib. Kimdir Nəriman Nərimanov? O həmin insandır ki, bizim ərazi bütövlüyümüzün pozulmasına, işğalına və torpağımızın itirilməsinə böyük töhvə verib. O, bizim dövlətçiliyimizin düşmənidir".

Keşikçidağ ətrafında yaranan və uzun müddət gərginliyə səbəb olan hadisədən sonra yepiskopun belə çıxışı etirazla qarşılanıb.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, Gürcüstan demokratiyasından çox danışılsa da, mövcud hakimiyyətin dövründə bu, sual doğuran məsələyə çevirilib:

“Azərbaycana qarşı bəzi hallarda düşünülmüş, bəzi hallarda isə ehtiyatsız, məkrli hərəkətləri görmüşük. Beynəlxalq konvensiyalara görə, dinin siyasətə qarışması yolverilməzdir. Gürcüstan yepiskoplarının zaman-zaman siyasətə müdaxiləsini müşahidə edirik və bunu təxribat hesab edirik. Doğrudur, Nəriman Nərimanov bolşevizmin Azərbaycanda yayılmasında, AXC-nin süqutunda müstəsna rolu olan bir şəxs olub, amma sonradan etiraf edib ki, həmin imperiya Azərbaycanın düşməni olub. Onun yaradıcılığını da dəyərləndirirəm. Şəxsən mənim mövqeyim də onun ideallaşdırılması ilə üst-üstə düşmür. Amma belə olmasına baxmayaraq, yepiskopun bu proseslərə qatılması qanunvericiliklə də yasaqdır. Zaur Darğalıdan izahat istəməsi yepiskopun səlahiyyətində deyil. O, siyasi proseslərdən kənarlaşmalıdır, əks halda bizim də söz demək imkanlarımız ola bilər. Bu zaman isə Gürcüstan-Azərbaycan münasibətləri gərginləşəcək ki, ondan da yararlanan bu iki dövlətdən heç biri deyil, Kreml olacaq. Burada Kremlin, “beşinci kalon”un fəallığını görürük. Yepiskopların da həmin mərkəzlərlə bağlılığını iddia edə bilərik”.

Zəlimxan Məmmədli deyir ki, bölgədə soydaşlarımız aktivdir, azərbaycanlı millət vəkilləri məsələyə münasibət bildirib, sosial şəbəkələrdə dirəniş var:

“Amma eyni zamanda bir aqresiya da var. Aqresiyanın cücərdilməsi iki dövlət arasında etimadsızlıq yaradır. Bu, Bidzina İvanaşvilinin maraqlarına uyğun ola bilər ki, o da kommunist ideologiyasını Gürcüstana gətirmək istəyən fiqurların başındadır”.

Zəlimxan Məmmədlinin fikrincə, tarix araşdırılarsa, bir çox məqamlar üzə çıxacaq:

“Tarixə baş vursaq, vaxtilə Borçalının Azərbaycanla bağlılığı, burada sultanlığın mövcud olması, zaman-zaman burada türk hökmdarlarının olması kimi məsələləri gündəmə gətirmək nə Gürcüstan, nə də Azərbaycanın milli maraqlarına uyğun olar. Amma Borçalı hətta Cümhuriyyət dövründə mübahisəli zona idi və məsələ masa üzərində müzakirə olunurdu. İmperiyanın bütün vasitələrlə qurduğu oyun xalqlarımız arasında birgə yaşayışı əngəlləməyə xidmət edib. Zaqatala heç zaman Gürcüstanın olmayıb. İddia edirlər ki, vaxtilə Qaxda knyazlıq olub, bunlar cəfəng iddialardır. Tarixdən spekulyativ məqsədlərlə istifadə etmək lazım deyil. Bu gün BMT-nin tanıdığı sərhədlər və sərhədlərin toxunulmazlığı prinsipi var. Aqresiyalar Cənubi Qafqazda yeni münaqişələr yarada bilər. Bundan isə Gürcüstan və Azərbaycandan deyil, ermənilər, PKK təmayüllü cərəyanlar, fars şovinizmi və Rusiya imperializmi bəhrələnə bilər”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 28645