hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

Gürcüstan siyasi təlatümə doğru: "Vəziyyət daha da gərginləşəcək" - ŞƏRH

Gürcüstan siyasi təlatümə doğru: "Vəziyyət daha da gərginləşəcək" - ŞƏRH

"Ermənistanla yanaşı Gürcüstanda da siyasi xaos davam edir. Gürcüstanın əsas müxalif partiyası olan Vahid Milli Hərəkatın sədri Nika Melia həbs edilib. Polis əməkdaşları Melianı partiyanın baş ofisində həbs edərkən bibər qazından istifadə ediblər".

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politolo Elxan Şahinoğlu deyib.


O qeyd edib ki, Nika Melianın həbsi vəziyyət daha da gərginləşəcək:

"Melianın həbsinə hazırlıq bir neçə gün əvvəl baş nazirin istefasına səbəb oldu. Demək, hakimiyyətdə həbslə bağlı yekdil qərar yox idi, çünki nəticənin ölkəni qarışdıracağı ehtimalı az deyildi. Gürcüstanda siyasi hərarətin artacağı gözlənilən idi. Çünki müxalifət parlament seçkilərindən sonra hakimiyyəti saxtakarlıqda ittiham etdi və mitinqlərə başladı. Müxalifət etiraz əlaməti olaraq parlamentin iclaslarına qatılmadı.

Çıxış yolu varmı? Müxalifət yenidən parlament seçkilərinin keçirilməsini tələb edir. Hökumət bunun əleyhinədir. Baş nazir vəzifəsinə irəli sürülən İrakli Qaribaşviili də növbədənkənar parlament seçkisinin keçirilməsinin əleyhinə çıxış edib. Çünki bu halda hakimiyyət zəif görünəcək. Digər tərəfdən növbədənkənar parlament seçkisinin də qaşıdurmaya son qoyacağını vurğulamaq çətindir. Müxalifətin yeni seçkinin də saxtakarlıqla müşahidə edildiyini irəli sürməyəcəyi istisna deyil.

Bu vəziyyətdə müxalifət siyasi hərarəti getdikcə artırmağa çalışacaq. Nika Melianın həbsi vəziyyəti daha da gərginləşdirəcək

E.Şahinoğlu qeyd edib ki, digər tərəfdən Mixail Saakaşvili Ukraynadan Gürcüstandakı tərəfdarlarına çağırışlarını artıracaq:

"Necə ki, Ermənistanın müxalifət liderləri baş nazir Nikol Paşinyanı devirməyə çağırırlar, oxşar çağırışları Saakaşvili Gürcüstan üçün edir. Gürcüstanın iqtisadi durumu da ağırlaşıb. Bu ölkənin əsas gəlir mənbələrindən biri turizm idi, koronavirus hər yerdə olduğu kimi Gürcüstanda da bu sahəni çökdürüb.

Bu arada, baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdəki çıxışında deyib ki, ilk xarici səfərini Azərbaycana edəcək. Təqdirəlayiqdir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Bunu Qaribaşvili də xüsusi olaraq qeyd edib. Ancaq Qaribaşvilinin çıxışındakı “sərhədlə bağlı Azərbaycan tərəfi ilə səmərəli danışıqlar aparacam” cümləsini xüsusi vurğulaması müəyyən suallar doğurur.

Sərhədlə bağlı ikitərəfli komissiya işləyir. Gürcüstanda hakimiyyətə gələnlər anlamalıdırlar ki, Azərbaycan komissiyanın başı üzərindən güzəştə getməyəcək. Biz erməni separatizmi ilə işi tam bitirmədən bir basqa istiqamətdə torpaq güzəştinə gedə bilmərik. Qaribaşvili sərhəd məsələsini ön plana çəkməkdənsə, Azərbaycanla regional layihələri müzakirə etsə daha faydalı olar. Gürcüstan şirkətlərinin işğaldan azad olunmuş torpaqlarda fəaliyyətinə də qapılarımız açıqdır. Ancaq Tiflisdə bu barədə danışan yoxdur".

Cebhe.info


Oxunma sayı: 496