hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Gürcüstan azərbaycanlılarının vahid mövqeyi:Heykəl götürüləcəkmi?

Gürcüstan azərbaycanlılarının vahid mövqeyi:Heykəl götürüləcəkmi?

Fevralın 5-də Tiflisdə azərbaycanlıların etiraz aksiyası keçiriləcək. Gürcüstan Parlamentinin qarşısında baş tutacaq aksiyada iştirakçılar Abxaziyanın və Qarabağın işğalında iştirak etmiş separatçı erməni Mixeyil Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı etiraz edəcəklər. Belə ki, aksiyada “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Seperatçı Mixeyil Avaqyanın büstü götürülsün!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli “Cümhuriyət”ə açıqlamasında soydaşlarımızın mövqeyini doğru hesab etdiyini deyib: “Mərkəz, eləcə də yerli hakimiyyət aksiya iştirakçılarının tələblərini yerinə yetirməlidirlər. Burada soydaşlarımız haqlıdır, çünki qoyulan büstlə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirib, dostluğa, strateji tərəfdaşlığa kölgə salıblar və Azərbaycanın milli maraqlarını təhdid ediblər. Aksiyada çox sayda təşkilatların, millət vəkillərinin, gürcü siyasətçilərinin, aydınlarının, eləcə də gənclərimizin iştirakı gözlənilir. Bütün hallarda iştirakçılar haqlıdır.

Azərbaycanın da, bizim də, ayrı-ayrı qurumların da bu məsələdə vahid mövqeyini müşahidə edirəm, bu baxımdan Gürcüstan rəsmiləri bunu nəzərə almalıdırlar. Nəticə etibarilə tərəflər haqlıdırsa, onun yerinə yetirilməsi istiqamətində düzgün qərar verilməlidir. Gürcüstanın bu addımı atması ölkəyə hər hansısa formada aşağılıq gətirməyəcək, əksinə ölkələrarası münasibətlərə daha da dəstək verəcək”.

Z.Məmmədli əlavə edib ki, parlamentin qarşısında dinc aksiya keçiriləcək: “Aksiya iştirakçıları ora zəfər bayrağı sancmaq və müharibə etmək üçün getmirlər. Dinc aksiya keçiriləcək və siyasi şüar olmayacaq. Durumun siyasiləşdirilməsinə gəlincə, bunun əleyhinəyəm. Oradakı soydaşlarımızın da mövqeyi belədir. Ancaq, eyni zamanda bunun siyasi məsələ olduğunun da fərqindəyik, çünki Azərbaycan XİN bununla bağlı müraciət edib, diplomatik danışıqlar olub. Gürcüstan burada ağıllı qərar qəbul etməyə məhkumdur və həmin qərar büstün oradan götürülməsi olacaq. Hətta ola bilər ki, bu aksiya davamlı olsun. Bütün hallarda keçiriləcək aksiyada iştirakçıların elliklə, icma olaraq vahid mövqe ifadə etmələrini əhəmiyyətli hesab edirəm.

Bir daha əlavə edirəm ki, abidənin arxasında olan məkrli qüvvələr və mərkəzlər başqa hiylələr hazırlamayıblarsa, eləcə də bu sırf yerli hakimiyyət orqanlarının işi və Gürcüstandan aslıdırsa, bu məsələ bir gün içində də həllini tapa bilər. Belə ki, aksiyada rəsmi hakimiyyət orqanlarından kiminsə gəlib həmin yerdə çıxış etməsini də gözləyirəm”.

AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli isə qeyd edib ki, soydaşlarımız bu məsələdə prinsipial olmalıdır:

“Gürcüstan azərbaycanlıları bu məsələdə qətiyyətli olmalı və hökumətə sərt və əsaslı şəkildə etiraz bildirməlidirlər. Niyə də yüzminlik etiraz aksiyaları keçirilməsinə Niyə Gürcüstanda vəzifə sahibi olanlar, siyasi fəallar, ictimai təşkilatlar etiraz mitinqləri təşkil edib güclərini ortaya qoymasınlarə Əlbəttə ki, aksiyada iştirak edənlər ortaya mövqe qoymalı və hüquqi əsaslarla bunu hökumətə çatdırmalıdırlar. Əsas olan aksiyanın keçirilməsidir. Aksiyada insanların çox olması yaxşıdır, ancaq az olması da faciə deyil. Çünki hər bir aksiyanın məqsədi var. Bu gün keçiriləcək aksiyanın məqsədi ondan ibarətdir ki, əli Xocalıda insanlarımızın qanına bulaşmış bir terrorçu qatilin heykəli oradan götürülsün. Bu terrorçu vaxtilə gürcü xalqına da güllə atıb”.

R.Daşdəmirli əlavə edib ki, aksiya siyasi motivlidir, ancaq Gürcüstanda yaşayan soydaşlarımız hüquqi baxımdan da işlər görürlər:“Məndə olan məlumata görə onlar məhkəməyə də müraciət ediblər. Hətta ölkə prezidenti Salome Zurabaşviliyə, parlamentə, “Gürcü arzusu” Partiyasının sədri Bidzina İvanişvili cənablarına da müraciət ünvanlanıb. Həmçinin parlamentdə azərbaycanlı deputatlar bu məsələn müzakirəyə çıxaracaqlarını bildiriblər. Düşünürəm ki, Azərbaycanda yaşayan hər bir vətəndaşımız bu aksiyaya dəstək olur və məqsədimizə çatacağıq. Mövqe qoyulmadıqca, separatçı qüvvələr daha da addım atacaqlar”.

Qeyd edək ki, bu il yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatçı Mixeil Avaqyana abidə ucaldılıb. Belə bir şəxsə Gürcüstanda abidə qoyulması həm ölkə daxilində gərginliyin yaranmasına, həm də dost və qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasına zəmin yaradır. Ermənilər istisna olmaqla milli dini və siyasi mənsubiyyətindən asılı olmayaraq əksər Gürcüstan vətəndaşları separatçılığı kəskin pisləyərək M. Avaqyanın büstünün götürülməsini tələb edirlər.

Gürcüstanın azərbaycanlı icmasının fəalları da bu hadisədən ciddi narahatlıq keçirdiklərini deyirlər. Soydaşlarımız Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsi üçün bundan sonra da var gücləriylə çalışacaqlarını, amma Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş bir separatçıya abidə qoyulmasını qəbul etmədiklərini bildirirlər.

Hicranə İsmayılova

Cebhe.info


Oxunma sayı: 2395