t Hökumət qərar verdi: Evlər ucuzlaşa bilər
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Hökumət qərar verdi: Evlər ucuzlaşa bilər

Hökumət qərar verdi: Evlər ucuzlaşa bilər

Nazirlər Kabineti “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında qərar verib.

Qərarda həmin xidmətlərə görə, müxtəlif məbləğlər müəyyən olunub. Məsələn, dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi üçün 1000 manat, göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dək olduqda 1000 manat, göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dən çox olduqda 1000,0 + 500 m2 -dən çox olan hər kvadrat metr üçün 2,0 (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) və s tariflər nəzərdə tutulur.

Maraqlıdır, qərarın mənzillərin qiymətinə təsiri gözlənilirmi?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli Cebhe.info-ya açıqlamasında bildirib ki, əvvəllər ümumi qiymət cədvəli yox idi:

“Tikinti şirkəti hər hansı “qapını döyən” zaman sövdələşmələr aparılırdı və şirkətin xərci artırdı. İndi isə vahid qimətlər cədvəli işlənib hazırlanıb. Cədvələ uyğun olaraq tikinti şirkətinə əvvəlcədən məlum olur ki, nə qədər xərci çıxacaq. Qərar tikinti şirkətlərinin işini asanlaşdırmağa xidmət edir. Məlumdur ki, artıq şirkətlər Şəhərsalma və Arxitektira Komitəsinin xətti ilə tikintiyə icazəni “bir pəncərə”-dən alır. Bunun üçün elektron formalı müraciətdən də istifadə edə bilirlər. Bu zaman onlara tariflər də təqdim olunacaq”.

Ekspert deyir ki, sənəd tikintinin maya dəyərinin azalmasına yönələnib:

“Həm maya dəyəri, həm də icazə müddəti azalır. Qərar mənzillərin qiymətinin azalmasına təsir edə bilər. Bunu əvvəlvcədən iddia etmək də doğru olmazdı, çünki qiymətlər həm də bazarın aktivliyindən asılıdır. Aktivliyin indiki səviyyədə qalacağı təqdirdə qiymətlərin azalması mümkündür. Aktivliyin artacağı təqdirdə isə qiymətlər bahalaşa bilər. Digər tərəfdən isə tikinti şirkətlərin işinə əngəl yaradan başqa bir səbəb ortalığa qoyulmazsa, bu maya dəyərinin azalmasına yönəlmiş bir addıma çeviriləcək”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2971