hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

HÖKUMƏTƏ TƏKLİF VAR: Dərmanlar da tibbi sığorta paketinə salınacaq?

HÖKUMƏTƏ TƏKLİF VAR: Dərmanlar da tibbi sığorta paketinə salınacaq?

Məlum olduğu kimi, gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanacaq.

Artıq icbari tibbi sığortanın sisteminin necə fəaliyyət göstərəcəyi və hansı sahələri əhatə edəcəyi, icbari tibbi sığortanın məbləği ilə bağlı müəyyən informasiyalar yayılıb. Qeyd edək ki, dərman təminatının bu sistemə daxil ediləcəyi ilə bağlı hər hansı bir rəsmi məlumat verilməyib. Amma bir çox mütəxəssislər hesab edirlər ki, bir sıra xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da dərman təminatı icbari tibbi sığorta paketinə daxil edilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu mövqedədir.  

Azərbaycanda səfərdə olan Təşkilatın  Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq misiyanın nəticələrinə dair tədbirdə deyib ki, Azərbaycanda dərmanlarla təminat da icbari tibbi sığorta paketinin xidmətlər paketinə daxil olmalıdır. Onun sözlərinə görə, bu dərmanlar ilkin səhiyyə xidmətlərinə aid olmalıdır: "Hesab edirik ki, ilkin olaraq, 20-30 adda dərman bu paketə daxil ola bilər. Bunlar əsasən ilkin səhiyyə xidmətlərində istifadə edilən dərmanlar olmalıdır. Paketə qan təzyiqini aşağı salan, şəkər xəstəliyi üçün nəzərdə tutulan, uşaqları infeksiyadan, xüsusilə tənəffüs yolları infeksiyalarından qoruyan antibiotiklər, hamilə qadınlar üçün folik asid və dəmir əlavə edilə bilər. Lakin bununla bağlı hesablama aparılmalıdır".

M.Jakab hesab edir ki, dərmanların paketə daxil edilməsi insanların maliyyə yükünü azaldar. Məlumdur ki, ölkəmizdə dərman preparatlarının qiyməti kifayət qədər yüksəkdir. Hətta bəzi hallarda xəstələr məhz bu səbəbdən həkimə üz tutmaqdan imtina edirlər ki, bu da təhlükəli xəstəliklərin vaxtında üzə çıxmasını əngəlləyir. Bu baxımdan da dərman preparatlarının icbari tibbi sığorta sisteminə daxil edilməsi bu sahədə vəziyyəti xeyli dəyişə bilər.  

Həkim terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, xarici ölkələrdə çox böyük dərman çeşidləri tibbi sığortada istifadə olunur: “Azərbaycanda isə hazırda bəzi şirkətlərin həyata keçirdiyi tibbi sığortaya nəzər salsaq, görərik ki, şirkətlər özləri geniş tərkibli dərmanların xəstəyə yazılmasının qarşısını alırlar. İcbari tibbi sığorta isə çox güman ki, müəssisələrin sığortasından daha zəif olacaq. Çünki adətən, müəssisələr də məhdud sahədə sığorta prosesi olan zaman geniş çeşidli tibbi prosedurlar həyata keçirirlər, sığorta prosesi əhatəli olduğu zaman isə tibbi prosedurları məhdudlaşdırırlar. Nəzərə almalıyıq ki, icbari sığorta bütün ölkə əhalisini əhatə edəcək.  İcbari tibbi sığorta sisteminə  bütün tibb sahələrinin salınmaması da müsbət hal deyil. Ölkə əhalisi ən çox onkoloji, eləcə də göz xəstəliklərindən əziyyət çəkir. Amma dövlət xəstəxanaları olsa belə, həmin xəstəxanaları tibbi sığortanın əhatə dairəsinə salmayıblar”.

Rasif Bağırov deyir ki, hazırda Azərbaycanda bir sıra preparatlar, o cümlədən də arterial təzyiqlə bağlı olan dərmanların qiymətləri ucuzdur: “Əslində həmin preparatların tibbi sığortaya salınmadan da əldə edilməsi ciddi problem yaratmır. Geniştərkibli dərman təhcizatı tibbi sığortaya salınarsa, bu əhalinin ümumi yaşayış səviyyəsinə müsbət təsir göstərər. Amma güman etmirəm bu mümkün olsun. Çünki hazırda dərmanlar çox bahadır və bunda maraqlı olan insanlar var. Onlar buna mane olacaq”.

Digət tərəfdən həkim deyir ki, tibbi sığortaya salınacağı təqdirdə dərmanların keyfiyyəti ilə bağlı məsələ də sual altına düşə bilər: “Hazırda dərmanların keyfiyyətinin aşağı olmasında gömrük sistemində olan özbaşınalıqların da böyük rolu var. 

Telefonların bəzilərində dərmanların barkodunu oxuyan proqramlar var. Onlar vasitəsilə yoxlayan zaman bəzi dərmanların barkodları normal görünür, digərləri ilə bağlı isə hər hansı məlumat üzə çıxmır. Bu həmin dərmanların saxta yolla ölkəyə gətirilməsi deməkdir. 

Axı gömrük məntəqələrinin hamısında onları oxuyan sistemlər var. Deməli, qanun pozuntularına yol verməklə bu işi həyata keçirirlər. Əgər bunu həyata keçirməyə maraqlı insanlar varsa, deməli sığortaya salınan zaman qanun pozuntuları daha da geniş vüsət alacaq. Bu dərmanlar xəstələrə havayı veriləcək deyə, münasibət də fərqli olacaq. Hansı dərmanın alıcısı olmayacaqsa, onu sığortanın tərkibinə salacaqlar. Əslində isə, bu insanların sağlamlığı, taleyi ilə bağlı məsələdir və buna çox ciddi yanaşılmalıdır”.
Mütəxəssis deyir ki, dərmanların tibbi sığorta paketinə salınmasına dövlət büdcəsinin imkanları də yol verməlidir.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2223