hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Hüquq müdafiəçiləri Mehman Hüseynovun iddialarını cavablandırdı: “Açıqlamalar hamısı özü ilə razılaşdırılmışdı”

Hüquq müdafiəçiləri Mehman Hüseynovun iddialarını cavablandırdı: “Açıqlamalar hamısı özü ilə razılaşdırılmışdı”

Azadlığa çıxan bloqqer Mehman Hüseynov həbsdə onunla görüşən hüquq müdafiəçiləri ilə bağlı bəzi fikirlər səsləndirib.

Deyib ki, onunla görüşən hüquq müdafiəçiləri barəsində ictimaiyyətə düzgün məlumat verməyiblər:

“Onlar çöldə bildiriblər ki, Mehmanın şəraiti yaxşıdır. Mənim tələbim o deyildi ki, həbsxanaya PlayStation gətirsinlər, kabab versinlər. Tələbim o idi ki, mənə qarşı olan haqsızlıq aradan götürülsün. Mənimlə görüşən hüquq müdafiəçiləri isə çöldə bunu çatdırmırdılar. Bəli, içəridə onlar dedikləri kimi şəraitim yaxşı olub. Mən öz şəraitimi özüm pisləşdirirdim və deyirdim ki, haqsızlıq aradan qalxmazsa, ölənə qədər ac qalacağam”.

Mehman Hüseynovla görüşdə iştirak edən hüquq müdafiəçisi Rauf Zeyni Cebhe.info vasitəsilə bu ittihama cavab verib. Bildirib ki, Mehman Hüseynovun bu cür açıqlama ilə çıxış etməsi anlaşılan deyil, çünki onlar Mehman Hüseynovun heç bir fikrini təhrif etməyiblər:

“Mən bilmirəm niyə elə çıxış edib. Amma nə demişiksə hamısı güzgü kimi göz qabağındadır. Mehman Hüseynov biz hüquq müdafiəçiləri ilə görüşündə nə tələb qoyubsa, təklif irəli sürübsə, biz onun hamısını ictimaiyyətə düzgün çatdırmışıq. Hüquq müdafiəçiləri olaraq ölkə Prezidentinə onun cinayət işinə xitam verilməsi ilə bağlı müraciət etmişik. Ölkə Prezidenti də dərhal bu məsələyə öz müsbət münasibətini, dəstəyini bildirib və göstəriş verib. Bununla da Respublika Prokurorluğu Mehman Hüseynovun cinayət işinə xitam verilməsini həll edib. Bizim də məqsədimiz ondan ibarət olub ki, o, müddəti başa çatanda, yəni martın 2-də azadlığa buraxılsın. Biz dediklərinin hamısını yerinə yetirdik. Mətbuata Mehman Hüseynovla bağlı nə açıqlama vermişiksə, hamısını çox səmimi demişik. Heç bir təhrifə də yol verməmişik. Bunu da ictimaiyyət çox yaxşı bilir. Bizim də dediklərimiz hamısı oldu. Mehmanın cinayət işinə xitam verildi və martın 2-də azadlığa çıxdı. Burada başqa söhbət ola bilməz”.

Görüşdə iştirak edən digər hüquq müdafiəçisi Sahib Məmmədov də məsələyə münasibət bildirib:

“Mehmanın mətbuat konfransına baxdım. Onun nə qədər təzyiq altında olması aşkar görünürdü. O ki qaldı mənim şəxsən onunla görüşə getməyimə, bu barədə artıq demişəm. Biz əvvəldən ona baş çəkməli idik. Özü də qəflətən və xəbərdarlıqsız. Sadəcə, onu istintaq təcridxanasına köçürdülər deyə onunla istintaq orqanının razılığı ilə görüşə bilərdik. Əslində mənim həmin gün görüşdə olmağım təsadüf oldu, çünki dövlət qulluğuna qəbulda müsahibə aparırdım. Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatına işə qəbulla bağlı. Razılıq alınandan sonra Səadət xanım zəng edib getməyi təklif edəndə hələ gedə biləcəyimi bilmirdim. Elə alındı ki, müsahibəyə gəlməli olanlardan biri gəlmədi və mən müsahibəni vaxtından əvvəl bitirdim. Gedəsi oldum. Mehman indi azadlıqdadır. Mən onunla bağlı KİV-lərə nə açıqlama vermişəmsə hamısını özü ilə razılaşdırmışam. Deyib ki, mənim son məsələdə günahım yoxdur, onu çatdırmışam. Deyib ki, yeganə istəyim azadlığa çıxmaqdır, anamın məzarını tikməkdir, onu da demişəm. Deyib ki, maye qidalar qəbul edirəm (əsasən süd, qatıq, kəsmik, yoqurt) onu demişəm. Əgər mən nəyi isə artıq demişəmsə, buyursun gəlsin, araşdıraq. Kimi istəyir gətirsin. Ona izah edilib ki, icazə verməsə, şəklini yaymayacağıq. Deyib ki, əksinə, istəyirəm şəkillərim yayılsın. Deyib ki, mən istəyirəm müraciətimi müvafiq orqanlara çatdırasınız, özü də olduğu kimi. Bunun üçün videomüraciət etmək istədiyini bildirib. Rəhbərlikdən icazə alıb bütün görüşü videoya çəkmişik və videoçəkilişin əvvəlidə özü deyir ki, çəkiliş olsun. Şəxsən mən ona ziyan olacaq və onun əleyhinə işləyəcək heç bir fikir səsləndirməmişəm. Yəni, onunla görüşdən sonrakı açıqlamalarımda. Aclığı dayadırmaqla bağlı ərizəsi olub və var. Atasının ərzaq gətirməsi ilə bağlı izahatı var. Sadəcə, bunu yaymağa lüzum yoxdur. Mehman mətbuat konfransında mənə toxunacaq heç nə deməyib. Baxmayaraq ki, ona provokativ suallar verilirdi. Mehman yəqin həm də əmin oldu ki, onun bu tədbiri də başqa birinin layihəsidir. Mən ona tövsiyə edərdim ki, bundan sonra öz layihələrini icra etsin”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 9686