hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hansı sərfəlidir - İşləmədən alınan 190, yoxsa işləyib alınan 250 manat?

Hansı sərfəlidir - İşləmədən alınan 190, yoxsa işləyib alınan 250 manat?

“Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Məhz onun bu sözləri cəmiyyət tərəfindən etirazla qarşılanıb.

Məlumdur ki, pandemiyadan əvvəl də kəskin işsizlik problemi olan Azərbaycana koronavirusun gətirdiyi problemlərdən biri də iş yerlərinin qapadılması oldu.

İndiki şəraitində məşğulluq mərkəzlərinin vətəndaşlara təklif etdiyi işlər 250-300 manat dəyərində olur. 250 və 190 manatlıq müavinət arasındakı fərq nəzərə alındıqda isə vətəndaşlar haqlı durumda görünür.

Xüsusilə də insan sağlamlığına təhlükənin olduğu pandemiya şəraitində.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bildrib ki, vətəndaşlara təklif olunan 250 manat dəyərində olan işlər əsasən ictimai işlərdir:

“İctimai iş yerləri üçün ayrılmış vəsaitlərin dəyəri 250 manatdır ki, bu da ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı dəyərindədir. Bəzən bu iş yerləri arasında 300-400 manat təklif olunan işlər də olur. Görünür ki, yüksək əməkhaqqı olan iş yerləri yoxdur və ya onların sayı azdır. Pandemiya dövründə iş yerləri qapanır, açılmır. İnsanların bu cür iş yerlərini seçməkdənsə, müavinət üçün müraciət etməsinin bir neçə səbəbi var. Bu insanların arasında elə insanlar var ki, onlar ümumiyyətlə, işaxtaran deyil, indi bir şans düşüb və bunu alıb, müəyyən qədər ehtiyaclarını ödəmək istəyirlər. Bu cür iş yerlərindən intina edilməsinin digər bir səbəbi əməkhaqqının aşağı olmasıdır. Bir çox hallarda təklif olunan iş yerləri məsafə baxımdan uzaqda yerləşir və vətəndaş yol haqqı və digər xərcləri nəzərə alaraq, alacağının ən azı yarısını sərf edəcəyini və bundansa evində oturaraq, təsərrüfatı ilə məşğul olmağı üstün seçir”.

Sahib Məmmədovun sözlərinə görə, vətəndaşlar həm də bu cür iş yerlərini seçməkdənsə, ünvanlı dövlət sosial yardım almağa cəhd edir:

“Vətəndaş düşünür ki, sosial müavinət həmin maaşın yarısı qədər olsa belə, yenə də sərfəlidir. Məsələn, kənd yerində yaşayanların təsərrüfatı da olur, üstəlik dövlətdən yardım da alaraq, onu müəyyən ehtiyaclarına yönəldir. Ümumiyyətlə, ünvanlı sosial yardımın ələbaxanlıq və tənbəlik yaratması barədə çox fikirlər söylənilir, amma bu bir sosial tədbirdir ki, həyata keçirilir və indiki dövrdə bunun dayandırılmasını tələb etmək doğru deyil”.

Liqa rəhbəri deyir ki, ictimai iş yerlərində az maaşa qane olmayanlar arasında əvvəllər qeyri-leqal sahələrdə çalışan, indi isə iş yerləri qapadılan qrup da var:

“Məsələn, bəziləri tikinti-təmir sahələrində çalışırdı, kimsə karyerdə daş atırdı, kimsə ticarət mərkəzlərində çalışırdı, onların əmək bazarı daralıb, onlar isə gözləyirlər ki, şərait yaransın və yenə öz işləri ilə məşğul olsunlar. Amma maddi şəraitlərini bir qədər yaxşılaşdırmaq üçün 190 manat üçün müraciət edirlər”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 4841