hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hasilat və qazma işləri azalıb: Neft gəlirləri isə artır - SOCAR səbəbi açıqladı

Hasilat və qazma işləri azalıb: Neft gəlirləri isə artır - SOCAR səbəbi açıqladı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) qazma işlərini azaldıb.

Bu ilin III rübündə Şirkət 11 min metr həcmində qazma işləri həyata keçirib. SOCAR-ın qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 3,4 dəfə az olub. Hesabat dövründə ölkə üzrə qazma işlərinin həcmi 42 min metrə yaxın olub. Qeyd edək ki, ötən il də qazma işlərinin həcmində azalma olub. 2019-cu ərzində ölkə üzrə 291 min metr, Azərbaycan Dövlət Neft Şirkəti üzrə isə 151 min metrə yaxın qazma işləri həyata keçirilib.

Bu isə daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə SOCAR-ın qazma işlərini 9 min metr və ya 5,6% az həyata keçirməsi deməkdir. 2018-ci ildə SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilib.

Qazma işlərinin azaldılması nə ilə bağlıdır? Bu ölkəmizin neft hasilatının azaldılması strategiyasından irəli gəlir? Qazma işlərinin azaldılması neft gəlirlərinə necə təsir edir?

Dövlət Neft Şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, qazma işləri hasilatın artırılması və ya sabit saxlanılması məqsədilə həyata keçirilir:

“Amma məlumdur ki, bu ilin II rübündən pandemiya ilə əlaqədar neftə olan təlabat kəskin azaldığına görə OPEC+ sazişi çərçivəsində Azərbaycan da hasilatı azaltmaqla bağlı öz üzərinə öhdəlik götürüb. Məhz bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən şirkətlər, o cümlədən də SOCAR hasilatı azaldıb. Hazırda qazmanın işlərinin azaldılması da o deməkdir ki, biz könüllü olaraq, razılaşma çərçivəsində hasilatımızı azaltmaqdayıq”.

SOCAR sözcüsü deyib ki, qazma işlərinin azaldılmasına baxmayaraq, gəlirlər artıb:

“Məsələn, neft qiymətlərinin ən aşağı həddə endiyi aprel ayını götürsək, o zaman biz hələ hasilatı azaltmamışdıq, amma həmin ay bizim gəlirlərimiz hasilatı azaltdığımız iyul ayı ilə müqayisədə iki dəfə az idi. Yəni hasilatı, qazmanı azaldıb, daha baha qiymətə nefti satmaq bizim üçün sərfəlidir. Biz başqa ölkələrlə birlikdə bu sazişi icra etdiyimizə görə dünya bazarlarında neftin qiyməti artıb. Aprel ayında neftin qiyməti 15-16 dollar, bəzi markalarda isə 0-dan da aşağı düşmüşdü, amma indi 40 dolların üzərindədir. Yəni ən azı iki dəfə artqıdır. Buna görə də hazırda hasilat və qazma işlərininin səviyyəsi azaldılıb”.

İbrahim Əhmədov deyir ki, qazma işlərinin tədricən bərpa olunacağı nəzərdə tutulur:

“2021-ci ildən neft hasilatının daha yüksək səviyyədə olacağı gözlənilir. 2022-2023-cü ildən etibarən isə qazma işlərinin həcminin əvvəlki səviyyəyə qayıdacağı gözlənilir. Qazma işləri öz-özlüyündə gəlir göstəricisi deyil. Qazma bir vasitədir, əsas hasilatdır. Bəzi hallarda daha çox neft hasil etmək üçün daha çox qazmaya ehtiyac olmur. Çünki qazma əlavə xərc deməkdir. Bəzi hallarda isə çox neft çıxarmaq üçün daha çox qazmaya ehtiyac olur. Bizdə olan durumda daha çox neft çıxarmaq üçün daha çox qazmalıyıq. Bu baxımdan da qazma işlərini azaltmağımız müvəqətti xarakter daşıyır ki, bu da qeyd etdiyim kimi OPEC+ çərçivəsində olan öhdəlikləri yerinə yetirmək məqsədi daşıyır”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 19141

Bizim Telegram səhifəmizi izləyin