hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Həbs dalğası “birincilər”ə çatacaq: “İstintaq taktikası ilə əvvəl “kiçik balıqlar"ı tutub ifadə alırlar ki...” - Hüquqşünas

Həbs dalğası “birincilər”ə çatacaq: “İstintaq taktikası ilə əvvəl “kiçik balıqlar"ı tutub ifadə alırlar ki...” - Hüquqşünas

Sabiq məmurların həbs dalğası ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənir.

Fəaliyyətində nöqsanlara yol verən, rüşvət, korrupsiya amilləri, dövləti cinayətlər törədən məmurlar bu və ya digər şəkildə məsuliyyətə cəlb olunur. Bu prosesin davamlı olacağı açıq şəkildə görünür.

Amma hələlik məsuliyyətə cəlb olunan, həbs edilən məmurların əksəriyyəti qurumlarda ikinci, üçüncü dərəcəli rəhbər olmuş şəxslərdir.

Məsələn, son günlər Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı- Mövlam Şixəliyev və Nizami Şirinov həbs olunaraq istintaqa cəlb olundu. Adıçəkilən şəxslərin həbsi həmin dönəmlərdə onların çalışdığı qurumların rəhbərləri- sabiq Bakı meri Hacıbala Abutalıbov və keçmiş nazir Eldar Mahmudovun həbsini gündəmə gətirib.

Prosesin gedişi onu göstərir k, yaxın zamanlarda “birincilərə” də növbə çatacaq. Hələlik “birincilər”dən həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlidir.

Digər sabiqlərin vəzifədə olduğu müddətdə qurumda yüksək vəzifədə çalışanların həbsini də nəzərə alsaq, onların da istintaqa cəlb olunacağı istisna deyil. Məsələn, keçmiş nazirlər Ziya Məmmədov, Fazil Məmmədov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov və Əli Abbasovun vəzifədə olduğu müddətdə rəhbərlik etdiyi qurumlarda həbslər həyata keçirildi, dövləti cinayətlər aşkarlandı. İstintaq prosesinin davam etdiyini nəzərə alsaq, növbəti həbs dalğası məhz sabiq nazirləri, yəni birinciləri əhatə edə bilər.

Qeyd edək ki, sabiq nazirlərin əksəriyyəti “oliqarx məmur” statusunda olan şəxslərdir. Onlar vəzifədə olduqları müddətdə böyük biznes imperiyasına rəhbərlik ediblər.

Qanunla məmurun bizneslə məşğul olması birmənalı olaraq qadağan edilir. Digər tərəfdən, tabeikdə olan şəxslərin həbsi onlara rəhbərlik edənlərin məsuliyyətə cəlb olunmasına əsas yaradır.

Hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, bütün hallarda baş verən cinayətlərdən “birincilər”in xəbəri olur:

“İlk növbədə hər kəs özünə cavabdehdir. Kimsə cinayət törədibsə, cavabını da özü verməlidir. İndi onun rəhbərinin həmin işdə əlbirliyi varsa, təbii ki, o da məsuliyyətə cəlb olunmalıdır. Burada da bir neçə variant ola bilər. Ola bilər ki, işçi həqiqətən rəhbərinin xəbəri olmadan cinayət törədib. Belə hallar praktikada çox olmasa da, olur. Aydındır ki, dövlət orqanlarında bir qayda olaraq rəhbərin xəbəri olmadan kiminsə daimi əsaslarla maliyyə cinayəti etməsinə rast gəlinmir. Digər variant odur ki, rəhbərin törədilən cinayətdən xəbəri olub, amma özü heç bir sənədə imza atmayıb. Hər yerdə işçinin imzasıdır. Amma bütün hallarda böyük pullardan söhbət gedirsə, rəhbər də hansısa sənədə imza çəkməlidir. Bu da yoxdursa, şahid ifadələri var. Hamımız başa düşürük ki, bir qayda olaraq onlar hamısı əlbirdir. Amma istisnalar da var. Məsələn, 2005-ci ildə baş verən “Qara kəmər” əməliyyatı zamanı məlum oldu ki, Hacı Məmmədov böyük cinayətlər törədib. Amma sonra məlum oldu ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin bundan xəbəri olmayıb. Belə hallar da ola bilər. Amma bütövlükdə hesab edirəm ki, baş verən qanunsuzluqlardan “birincilər”in xəbəri olur”.

Hüquqşünas hesab edir ki, birincilərin hələlik məsuliyyətə cəlb olunmaması istintaq taktikasıdır:

“İstintaq hələ davam edir. İstintaq taktikası baxımından əvvəl “kiçik balıqları” tutub onlardan ifadə alırlar və böyük ehtimalla da onlar rəhbərlərinə qarşı ifadə verirlər. Sonra da qurum rəhbərlərini məsuliyyətə cəlb etmək olar. Hamımız bilirik ki, qurum rəhbərlərinin bütün maliyyə işlərindən xəbəri var. Cinayət məsuliyyəti yoxdursa belə, siyasi məsuliyyəti var. Sən onda niyə həmin şəxslərə etibar etmisən? Məsələn, Azərbaycan Beynəlxalq Bankında baş verən cinayətləri hamımız bilirik. Cahangir Hacıyevin orada nələr etdiyini gördük. Amma Cahangir Hacıyev İdarə Heyətinin sədri idi. Qanuna görə bankın Müşahidə Şurası da var. Onların da rəhbərliyi Maliyyə Nazirliyinin rəhbər şəxsləridir. Sual yaranırdı ki, bəs onlar hara baxıblar? İnanıram ki, Müşahidə Şurası Cahangir Hacıyevlə əlbir olmayıb, amma hər halda siyasi məsuliyyət daşıyırlar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3983