hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Heç kim onlara mane olmur: Sülhməramlı, yoxsa taxılyığan?

Heç kim onlara mane olmur: Sülhməramlı, yoxsa taxılyığan?

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Qarabağdakı sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı iki xəbər yerlədirilib.

Cebhe.info-nun məlumatına görə, Rusiya Müdafiə Naziriliyi həmişə olıduğu kimi, bu dəfə də Qarabağdakı erməniləri məzlum və təhlükəyə məruz qalmış tərəf kimi təqdim etməyə çalışıb.

Hər iki məlumatda Azərbaycan ərazilərinin adları təhrif olunaraq ermənicə təqdim edilib. Bu isə Rusiya üçün Azərbaycanın deyil, ermənilərin və ya Qarabağdakı separatçıların fikrinin əsas olduğunu təsdiq edir.

Belə ki, iyulun 16-da sayta yerləşdirilmiş “Rusiya sülhməramlıları Mardakert bölgəsində rayonunda taxıl biçən yerli sakinlərin təhlükəsizliyini təmin edirlər” başlıqlı rəsmi məlumatda qeyd edilir:

“Rus sülhməramlıları Dağlıq Qarabağın Mardakert rayonunda taxıl məhsulu yığan yerli sakinlərin təhlükəsizliyini təmin edir. Hazırda Mardakert rayonundakı Sxraven yaşayış məntəqəsi yaxınlığında əkinçilik işlərinin təhlükəsizliyi həyata keçirilir”- Rusiya sülhməramlıları kontingentinin nümayəndəsi Aleksey Kolesnikov məlumat verib.

Hesab edilir ki, bu bölgədə taxıl biçinin başlanılması gecikib. Axı, iki aydan sonra qış əkini başlayacaq və tarlalar bərpa olunmağa vaxt tapmayacaq.

“Azərbaycan hərbi postunun yaxınlığında öz məhsulumuzu biçməkdən qorxurduq, sülhməramlılar sayəsində öz məhsulumuzu yığmaqdan çəkinmirik. Bizə kömək etdiyiniz üçün təşəkkür edirəm”- yerli sakin Ruslan Arstn belə deyib.

Mardakert bölgəsindəki tarlaların biçini ilə Dağlıq Qarabağda taxıl yığımı praktik olaraq başa çatacaq. Lakin yerli sakinlər əkin işinin pozulmaması üçün artıq Humanitar Əlaqə Mərkəzinə müraciət edirlər.

“Biz tarlada işləyirik, məhsul toplayırıq. Lakin sərhədlərin bölünməsi ilə bağlı Rusiya sülhməramlılarının köməyinə ehtiyacımız var ki, məhsul götürək” - kombayn sürücüsü Vitali Lazaryan belə deyib.

Yaxud iyulun 17-də Rusiya Müdafiə Nazirlyinin yaydığı digər məlumata nəzər salaq:

“Rusiya sülhməramlıları Martuni rayonunun ucqar kəndində humanitar aksiya keçirib” başlıqlı xəbərdə qeyd edilir:

“Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları xeyriyyə fondu ilə birlikdə sərhəd xəttinin yaxınlığında yerləşən Martuni rayonunun Maçkalaşen kəndində humanitar aksiya keçiriblər. Humanitar aksiya çərçivəsində Rusiya sülhməramlı kontingentinin Humanitar Əlaqə Mərkəzinin zabitləri ictimai təşkilatın nümayəndəsi ilə birlikdə şorba dəstləri və mətbəx dəstləri bağışlayıblar".

"Bu gün Maçkalaşen kəndində bir humanitar aksiya keçirildi. Bu müddət ərzində məcburi köçkün ailələrinə 14 ailə və 3 çoxuşaqlı ailə miqdarında mətbəx və qida dəstləri şəklində humanitar yardım verildi. Humanitar yüklərin çatdırılması zamanı 14 ailə və 3 çox uşaqlı ailədən ibarət məcburi köçkünlərə mətbəx və ərzaq dəstləri paylanıldı”-Humanitar Əlaqə Mərkəzinin zabiti Ruslan İvanov belə deyib.

“Hazırda kənddə 415 nəfər yaşayır. Əsasən tərəvəz bağlarında və tarlalarda işləyirlər. Əlbəttə, çox yaxşı haldır. 14 ailəyə yemək və mətbəx qabları verildi. Bu aksiyaya rəhbərlik edənlərə çox təşəkkür edirəm”, - deyə Maçkalaşen kənd administrasiyasının rəhbəri Lernik Avenesyan bildirib.

"Ümumilikdə, xeyriyyəçi təşkilatlar və fondlar vasitəsi ilə Rusiya sülhməramlıları, səhiyyə müəssisələri üçün qida və ehtiyac məhsulları, ixtisaslaşdırılmış tibbi avadanlıqlar və ilkin diaqnostika dəstləri ilə yanaşı, Dağlıq Qarabağ sakinlərinə 220 tondan çox humanitar yardım verilib”-Rusiya Müdafiə Nazirliyi belə qeyd edir.

Göründüyü kimi, bu dəfə də Rusiya sülhməramlıları mandatından kənara çıxaraq Azərbaycan dövlətinin suveren hüquqlarına və qanunvericiliyinə zidd addımlar atır.

İlk növbədə qeyd edək ki, Azərbaycan ərazisində Mardakert və Martuni rayonları adlı inzibati ərazi vahidi yoxdur. Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisində yerləşdiyinə görə bu ölkənin toponimlərindən istifadə etməlidir. Çünki özünü sülhməramlı adlandırıb məramı ermənilərə dəstək verməkdən ibarət olan Rusiya hərbçiləri Azərbaycan ərazisinə 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyevin imzaladığı bəyanat əsasında daxil olduqlarını unutmamalıdır. Ona görə də Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və qanunvericiliyinə hörmətlə yanaşmaq Rusiya sülhməramlılarının vəzifə borcudur. Azərbaycanda Mardakert rayonu yoxdur. Sovet dövründə ermənilərin Ağdərə rayonuna yapışdırmaq istədiyi bu ad 29 ildir sıradan çıxıb. Çünki 1992-ci il oktyabrın 13-də Ağdərə rayonu da inzibati ərazi vahidi kimi ləğv edilib. Eləcə də Azərbaycanda Martuni adlı rayon mövcud deyil. Ermənilər Xocavənd rayonunun adını dəyişib əcaib şəklə salmaqla özlərinin Azərbaycana olan ərazi iddiasını gerçəkləşdirməyə çalışırdılar.

Amma bu da keçmişdə qaldı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Xocavənd rayonunun 80 faizini işğaldan azad etdi. Ermənistan kapitulyasiya sənədinə imza atmaqla de-yure digər ərazilər kimi, Xocavəndə olan iddiasından imtina edib. Azərbaycan ərazilərinin adını təhrif etmək, işğalçı tərəfin istədiyi kimi qeyd etmək Rusiya sülhməramlılarının öz mandatından növbəti dəfə kənara çıxdığını göstərir. Onlar Azərbaycan tərəfinin təqdim etdiyi xəritəyə uyğun hərəkət etməli və toponimlərin təhrifinə yol verməməlidir. Azərbaycan əraziisndə Maçkalaşen adlı nə kənd nə də kənd administrasiyası var. Əvvəla, “Maçkalaşen” adlandırılan kəndin rəsmi adı 1992-ci il dekabrın 29-a qədər rəsmən Cütcü kəndi olub.

Maçkalaşen sözünün erməni dilindən tərcümədə cütcü mənasını verməsi bunu təsdiq edir. 1992-ci ildə ermənilər Xocavənd rayonunu tam işğal etdikdən sonra kəndin adını özbaşına dəyişiblər. İkincisi, Rusiya MN-nin “Maçkalaşen kənd administrasiyası” ifadəsini işlətməsi Qarabağdakı separatçı rejimi rəsmən tanımaq anlamına gəlir.

Bu isə Azərbaycan Konstitusiyanın pozulmasıdır. Azərbaycanın Konstitusiyasını, dövlət suverenliyini və ərazi bütövlüyünü pozan sülhməramlı kontingentinin fəaliyyəti isə əslində, diversiya kimi qiymətləndirilə bilər. Belə olıan halda, Rusiya hərbçiləri Azərbaycan ərazisini dərhal tərk etməlidir.

Bu azmış kimi, Rusiya Müdafiə Nazirliyi Sırxavənd kəndinin də adını erməni dilində Sxraven kimi təqdim edib. Rusiya hərbçilərinin dili bu dəfə də Azərbaycan tərəfə deyil, erməni tərəfə dönüb.

Nəhayət, Rusiya Müdafiə Nazirliyi dönə-dönə Dağlıq Qarabağ terminini işlədir. Azərbaycan dövlət və Prezident səviyyəsində Dağlıq Qarabağ termininin artıq mövcud olmadığını bəysan edib. Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı fərmanla Qarabağ iqtisadi rayonu yaradılıb. Bununla da bolşevik Rusiyasının Aran və Dağlıq Qarabağı ayırmaq siyasətinə rəsmən son qoyulub. Məhz bu qərarın nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması sonradan ermənilərin həmin əraziləri Azərbaycandan ayırmaq cəhdi və işğal etməsi ilə nəticələndi.

Rusiya MN indi Dağlıq Qarabağ terminini işlətməklə bu bölgəni yenidən Azərbaycandan ayrı xüsusi statusa malik ərazi kimi təqim etməyə çalışır. Moskva prosesləri geriyə qaytarmaq istəyində görünür. Yəni Dağlıq Qarabağ varsa, deməli münaqişə də var. Münaqişə varsa, Rusiya sülhməramlıları burada qeyri-müəyyən müddətə olmalıdır. Rusiya “Dağlıq Qarabağ” ifadəsini gündəmdə saxlamaqla “Oraya xüsusi status verilməlidir” - mesajını çatdırır. Beləliklə, Rusiya münaqişənin qalmasında maraqlı olduğunu bir daha nümayiş etdirir.

İstər Rusiya sülhməramlılarının verdiyi raportda, istərsə də Müdafiə Nazirlyinin yaydığı məlumatda məhsul yığan dinc erməni sakinlərinin fağır və məzlum obrazı yaradılmağa çalışılıb. Guya Azərbaycan Ordusu öz gündəlik həyatını yaşayan, başını aşağı salıb gündəlik əkin-biçini ilə məşğul olan dinc erməni əhalisinə mane olur, onların həyatına təhlükə yaradır. Ermənilərin də müdafiəyə, humanitar yardıma ehtiyacı var. Rusiya sülhməramlıları olmasa, azərbaycanlılar onları qırar, öldürər, ac qoyar. Bütün bu təbliğat isə yuxarıda qeyd edildiyi kimi, Qarabağda münaqişənin davam etdiyini göstərməyə, sülhməramlıların bölgədə qalmasına ehtiyac olduğunu isbatlamağa hesablanıb.

Amma Rusiya Müdafiə Nazirliyi ermənilərin Ağdamda, Şuşada son günlər Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini yol çəkənləri atəşə tutmasından söz açmır. Əgər münaqişə davam edirsə, o halda birinci ermənilərin silahlı təxribatlarını qeyd etmək lazımdır. Əkinçiyə də, kombaynçıya da, 4 yaşlı uşağa da atəş açan həmişə Azərbaycan Ordusu deyil, ermənilər olub. Erməni kombaynçıya isə heç kim mane olmur. Əksin də, becərsin də. Ancaq Azərbaycan vətəndaşı kimi, Azərbaycan qanunları ilə. Qəbul etmirsə, çıxıb istədiyi ölkəyə gedə bilər.

Rusiya sülhməramlılarını isə sabitliyi təmin etməyə dəvət ediblər, briqadirlik etməyə yox. Rusiya MN susmaqla Azərbaycanın da sakit dayanacağını zənn edir. Qarabağdakı missiyası Rusiyanı qane etmirsə, qoşunlarını Azərbaycandan çıxara bilər. Heç kim onlara mane olmur. Rusiya MN bilməlidir ki, rəsmi Bakı susmur, hələlik müşahidə aparır. Azərbaycan Ordusu danışmağa başlasa, “sülhməramlılar”ın mandatı qüvvədən düşəcək.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7085