hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Hədəfdə Turkiyə və Azərbaycan: PKK fəallaşır

Hədəfdə Turkiyə və Azərbaycan: PKK fəallaşır

PKK-nın Suriya qolunun tərkibində silahlı erməni birləşmələri yaradılıb.

Bundan sonra müstəqil kürd dövləti qurmaq uğrunda döyüşlərdə və Türkiyəyə qarşı silahlı mübarizədə PYD/YPG terror təşkilatının tərkibində ermənilər də iştirak edəcək. Bu məqsədlə özünü Suriya Demokratik Qüvvələri adlandıran PYD-nin tərkibində 50 nəfərlik erməni briqadası yaradılıb.

“Suriyanın şimalında və şərqindəki bütün etnik qruplar özümüz azad olmayana və mərkəzləşməmiş Suriya qurulmayana qədər biz həlak olanlarımızın yolu ilə gedib vuruşacağıq”-deyə, erməni briqadasının komandanı Masis Mutanyan bildirib. Siyasi müşahidəçilərin fikrincə, PKK-nın erməni qolunun yaradılması Türkiyəyə və Azərbaycana qarşı təhlükəni artıra bilər. Belə ki, son illər fəaliyyəti qismən arxa plana keçmiş erməni terrorunun yenidən fəallaşacağı gözlənilir. Xatırladaq ki, 1970-1980-ci illərdə Türkiyə vətəndaşlarına qarşı çoxsaylı qətllər törədən “Asala” terror təşkilatının üzvləri Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Ermənistana və Azərbaycana ayaq açdı. Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə Suriya, Livan və Fransadakı erməni terrorçularının fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaratdı. Azərbaycanlılara qarşı çoxsaylı kütləvi qətliamların törədilməsində də həmin erməni terrorçuları iştirak edib.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, ermənilər PKK ilə əvvəllər də işbirliyində olub. Həm kürd, həm də erməni terrorçularını Türkiyəyə qarşı birgə mübarizə birləşdirir:

“Ermənilərin Suriyada və Livanda Azərbaycana qarşı mübarizəsi birinci hadisə deyil. Suriyada mərkəzi hökumət zəifləyəndə ermənilər Bəşər Əsədə qarşı döyüşəcəklərini və PYD/YPG-nin tərkibində mübarizə aparacaqlarını bəyan etdilər. Sonrakı mərhələdə ermənilərin bir qismi Rusiyanın mövqeyini müdafiə etdi. İndi isə həmin qüvvələri Türkiyəyə qarşı birləşdirirlər. Adını da qoyurlar ki, guya həmin silahlı birləşmələr sərhəd əraziləri, Suriyada ermənilərin yaşadığı məhəllələri qoruyacaq. Bütün bunlar hamısı cəfəngiyyatdır. Düşmən düşmənliyində qalır. Həmin silahlı briqadanı yaradanda bəyan edildi ki, onlar Osmanlı dövründə Livana, Suriyaya köç etmiş ermənilərin nəvələridir.

Deməli, o ermənilərin daxilində Türkiyəyə qarşı qisasçılıq və nifrət var. Deməli, bu qruplaşma qisasçılıq hissindən yaranıb. Eləcə də PKK, PYD/YPG və onun siyasi qolu olan HDP Aralıq dənizinə və Qara dənizinə çıxış yolları tapmaqla güclənməyə çalışır. Yəni onlar terror vasitəsilə öz məqsədlərinə çatmaq, sonra isə beynəlxalaq dənizlərə çıxış əldə etmək istəyirlər. Ona görə də PKK-nın siyasi qanadı olan HDP martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində İqdırda, Qarsda, Vanda qalib gəlməklə, Ermənistana və Qara dənizə çıxış əldə etmək, bu yolla da beynəlxalq səviyyədə tanınmağa çalışır. Türkiyə dövləti də PYD-nin Hatay bölgəsində sabitliyi pozmaqla Aralıq dənizinə çıxış əldə etmək planını pozdu. Qeyd edim ki, Ermənistandan olan siyasətçilər də kürdlərlə görüşləri Vanda keçirir. İrandan gələn vətəndaşlar da Vana səyahət edir. Ehtimal ki, orada erməni və kürd kökənli İran vətəndaşları onlarla bir araya gələrək müəyyən təlimatlar keçirlər. Ermənilər də PKK-nın tərkibində silahlı mübarizəyə qalxmaqla bölgədə milli azlıqları əzdiklərinə dair rəy yaratmaq istəyir. Hər kəsə məlumdur ki, 100 il öncə Osmanlı dövlətinin düşmənləri olan ermənilər bu gün də Türkiyəyə qarşı eyni mövqedədir. Bu isə perspektivdə Azərbaycana qarşı təhlükə ola bilər. Məsələn, “Asala”nın məqsədi türk millətinə qarşı mübarizə aparmaq idi.

2016-cı ilin aprel döyüşlərində 400 nəfərdən artıq PKK terrorçusunun Ermənistan vasitəsilə Dağlıq Qarabağa keçməsi və hərbi əməliyyatlarda iştirak etdiyinə dair məlumatlar yayılmışdı. Türkiyə KİV-i PKK-nın Azərbaycanın işğal olunmuş ərazilərində düşərgələrinin olduğuna dair məlumatlar yayır.

“Asala” özünü buraxsa da, erməni terrorizmi öz fəaliyyətini PKK ilə birlikdə davam etdirir. Əgər 1970-80-ci illərdə onların hədəfi türk diplomatları idisə, bu gün onlar Türkiyə dövlətinə qarşı vuruşur. Perspektivdə isə bu təhlükə Azərbaycana qarşı yönələ bilər. PKK-nın və onun tərkibindəki erməni etnik qrupunun üzvləri Azərbaycanı hədəf götürüblər, bu istiqamətdə də fəaliyyətlərini davam etdirəcəklər. Onlar İŞİD-ə qarşı mübarizə aparmayacaq. Çünki İŞİD məğlub olduğunu etiraf edib. Rusiyanın və İranın dəstəklədiyi Bəşər Əsədə qarşı da mübarizə aparmayacaqlar. Deməli, yeganə hədəf öz sərhədlərini qoruyan Türkiyə dövləti və onun silahlı qüvvələridir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 10326