hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Həm haqq, həm məbləğ artsın: Sığorta bazarına yeni TƏKLİF

Həm haqq, həm məbləğ artsın: Sığorta bazarına yeni TƏKLİF

Bu ilin yanvar-oktyabr ayları üzrə sığorta bazarının nəticələri açıqlanıb. Belə ki, aşağıda adları qeyd edilən sığorta növlərində zərərlik 50%dan çoxdur.

Kənd təsərrüfatı heyvanlarının sığortasında şirkətlər sığorta yığımlarının 68%-ni ödənişlərə sərf edib. İkinci ən çox zərərli sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olub. Bu sığorta növündə isə şirkətlər yığımlarının 65%-ni ödənişlərə sərf ediblər. Həyatın yaşam sığortasında yığımın 63%-i, tibbi sığortada 61%-i, hava nəqliyyatı vasilərinin sığortasında isə  54%-i ödənişlərə sərf edilib.

Maraqlıdır, bu məlumatları yaymaqda sığorta şirkətlərinin məqsədi nədir? Sığorta şirkətləri ödənişi qaldırmaqmı istəyir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən sığorta üzrə ekspert Xəyal Məmmədxanlı ilk olaraq heyvanların sığortasının zərərliliyindən danışıb.

Ekspert bildirib ki, bunun əsas səbəbi çox az sayda insanın bu sığorta növündən istifadə etməsidir:

“Aqrar sığortanın, o cümlədən heyvanların sığortasının zərərliliyi onunla bağlıdır ki, bu sahə geniş yayılmayıb. Əgər o, kütləvi şəkildə Azərbaycanda yayılsa, onun zərərli sığorta növü olacağını düşünmürəm. Çox az sayda insan bu sığorta növündən istifadə edir və təbii ki, orada da bir neçə sığorta hadisəsi olan zaman zərərlilik kifayət qədər yüksəlir. 

Amma avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında vəziyyət artıq həyəcan təbili çalmağa başlayıb və həqiqətən də zərərdədirlər, çünki şirkətlərin əksəriyyəti bu sığorta növündən ümumiyyətlə, pul qazana bilmirlər”. 

Xəyal Məmmədov avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından danışarkən isə diqqətə çatdırıb ki, bu sığorta növündə sığorta haqlarına yenidən baxılması gündəmdə olmalıdır və sığorta haqqı qaldırılmalıdır: 

“Çünki demək olar ki, bütün ehtiyat hissələri bahalaşıb, avtomobillərin təmir xərcləri dəfələrlə bahalaşıb. Əvvəllər 5 min manat limit avtomobillərin zərərinin əvəzinə ödəmək üçün kifayət edirdisə, indi bəzən  premium avtomobillərin sadəcə bir “fara”sının zədələnməsi 5 mini keçir.

Ona görə də zərərlilik kifayət qədər yüksəlib və sığorta haqları isə 8 il öncəki həddə qalıb. Əgər vətəndaşlar sığorta şirkətlərindən normal keyfiyyətli xidmət almaq istəyirlərsə, sığorta haqlarının bahalaşması qaçınılmazdır. Hazırda sığorta şirkətlərinin əksəriyyəti  öz zərərliliklərini tənzimləmək üçün bir çox hallarda hətta qanunun tələblərini pozurlar. 

Məsələn, qanun deyir ki, sizə müraciət edən heç bir şəxsi sığortalamaqdan imtina edə bilməzsiniz. Amma bu gün sığorta şirkətlərinin əksəriyyəti müəyyən kateqoriya avtomobilləri başqa yollarla sığortalamağa çalışırlar. Bu, arzuolunan bir mənzərə deyil”.

Həmsöhbətimiz qeyd edib ki, Dövlət Statistika Komitəsi baş verən yol-nəqliyyat hadisələri barədə yanlış məlumat verir:

“Təəssüf edirəm ki, qanunverici orqanlarda, həmçinin müəyyən yerlərdə Dövlət Statistika Komitəsinin verdiyi yanlış məlumat əsasında yanlış fikirlər formalaşır. Məsələn, Dövlət Statistika Komitəsi deyir ki, il ərzində təxminən 1900-2000 yol-nəqliyyat hadisəsi baş verib. Əslində, il ərzində baş verən yol-nəqliyyat hadisələrinin sayı 100 mindən çoxdur. Komitə əhaliyə yanlış məlumatlar verir. Bu, absurd bir rəqəmdir. Sığorta şirkətləri gün ərzində ən az 50 yol-nəqliyyat hadisəsi ilə üzləşirlər. Amma statistika bunu göstərmir. Düşünürəm ki, sığorta haqlarına, bununla yanaşı sığorta məbləğlərinə yenidən baxılmalıdır. 5 min manat zərərin əvəzini ödəməyə kifayət etmir. Nəzərə alsaq ki, bu, KASKO (könüllü) sığortası deyil, yəni burada pul zərərçəkənə ödənir. Çünki adam heç bir günahı olmadan zərər çəkib. Belə hallarda sığorta şirkəti “gəl, mən sənə 2 min verim” deyərək vətəndaşla bazarlıq etməyə çalışır. Vətəndaş da əgər Kaskosu yoxdursa, haqlı olaraq üsyan edir ki, “sənin müştərin gəlib məni durduğum yerdə vurub, sən niyə mənim pulumu kəsməlisən? 5 min manatı sən ödədin, bu adam isə mənə 15 min zərər vurub”. Ona görə də həm sığorta məbləğinin, həm sığorta haqlarının qaldırılmasına ehtiyac var. Təbii ki, mən də bir vətəndaş kimi bilirəm ki, vətəndaşlarımızın sosial rifah vəziyyəti o qədər də yüksək deyil, yəni belə bir sığorta haqqının qaldırılması həm də sosial məsələdir. Əhalinin böyük qismini əhatə edir. Amma işləməyəcək bir qanunu saxlamaqdansa, bunu etmək vacibdi”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1442