hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hər şey baş-ayaq çevrilib: Büdcəmizə də yenidən baxmalıyıq, cibimizə də

Hər şey baş-ayaq çevrilib: Büdcəmizə də yenidən baxmalıyıq, cibimizə də

Məlum olduğu kimi, avqustun 5-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

İclasın gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrində, “Məşğulluq haqqında” Qanunda, “İşsizlikdən sığorta haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib.

Eyni zamanda dəyişikliklər çərçivəsində dövlət büdcəsində bir barel neftin baza qiymətinin 35 dollaradək azaldılması planlaşdırılır. Hazırda isə dövlət büdcəsində bir barel neftin qiyməti $55 məbləğində müəyyən edilib.

Neft Məsələləri üzrə ekspert İlham Şaban Cebhe.info-ya açıqlamasında deyib ki, hökumət neftin ortalama qiymətini 35 dollardan götürməklə özünü sığortalamış olur:

“Ölkə başçısı bununla əlaqədar ilk dəfə birinci rübünün yekunları ilə bağlı hökumətin videokonfrans formatındakı keçirilən iclasında həmin məsələni qeyd etmişdi. Çünki aprelin birinci ongünlüyündə neftin qiyməti 20 dollar ətrafında idi. O zaman prezident bəyan etmişdi ki, büdcə parametrlərinə yenidən baxmaq lazım gələcək. Bu məsələ isə Azərbaycan üçün yeni deyil.

Azərbaycanda 2009-cu ildən başlayaraq neftin qiymətinin dəyişməsi ilə əlaqədar olaraq 4 və ya 5 dəfə cari büdcə, onun parametrləri 1 dəfə artma, 4 dəfə isə azalmaya görə dəyişilib. Bu dəyişilmə adətən may ayının sonunda olur. Cəmi bircə dəfə iyun ayında olub. Ona görə də indi bu məsələnin avqustadək uzadılması ekspet cəmiyyətində narahatlıq doğurmuşdu. Çünki hər kəsə məlumdur ki, cari il üçün 2 milyard 760,2 milyon manat büdcə defisiti nəzərdə tutulub. Bu göstərici yalnız neftin bir barelinin 55 dollar olduğu dövr üçün nəzərdə tutulub. Ona görə də mövcud vəziyyətlə büdcəni formalaşdırmaq mümkün deyil. Baxmayaraq ki, ilin birinci yarısında büdcədə profisit yarandı. Lakin bu texniki profisit idi. Yəni Neft Fondundan daha çox vəsait köçürülmüşdü. Büdcə isə bunu istifadə etməmişdi. Ona görə bu profisit yaranmışdı. İlin ikinci yarısında isə büdcə böyük kəsirə gedəcəkdi. Eyni zamanda COVID-19 məsələsi ilə bağlı xərcləmələr də büdcədə əksini tapmalıydı. Bu da böyük bir məbləğ formalaşdırırdı. Ona görə də gəlirlərlə xərcləmələr arasındakı tarazlığı qorumaq üçün neftin baza qiymətinin 35 dollaradək azaldılması planlaşdırılır. İlin birinci yarısı ilə bağlı neftin xalis gəliri 38 dollar 70 sent olub. İkinci yarımillikdə isə neftin qiyməti 39- 40 dollar arasında olsa, hökumət ortalama qiyməti 35 dollardan götürməklə özünü sığortalamış olur”.

Ekspert 2020-ci ildə dünya iqtisadiyyatının ağır durumda olduğunu konkret faktlarla da izah edib:

“Çünki vəziyyətin necə dəyişəcəyini bilmək olmur. Çünki koronavirus tədbirləri tədricən qaldırılsa da, ikinci dalğanın yenidən gəlmə ehtimalı var. Avropa İttifaqı artıq xəbərdarlıq edib ki, avqustun sonlarında yenidən xarici sərhədlərin və birlik tərkibindəki ölkələr arasındakı sərhədlərin gücləndirilməsinə keçid edilsin. Ona görə də bundan sonra hərəkətin hansı şəkil alacağı məlum deyil. Kim deyə bilərdi ki, Avropanın lokomotivi olan Almaniya iqtisadiyyatında 11 faiz çökmə olsun? Amerikada isə ilin ikinci rübü üçün 32.9 faiz kiçilmə gözlənilir. İlin birinci yarısı üçün inkişaf etmiş ölkələrin iqtisadiyyatında ortalama 10 faiz çökmə var. Bu həddən artıq böyük bir göstəricidir. Çünki bu ölkələrdə ÜDM 2 faiz ətrafında dəyişir. 0.5 faiz karelyasiya iqtisadiyyata böyük təsir göstərən amildir. Bütün bunlar 2020-ci ildə dünya iqtisadiyyatının çox ağır bir vəziyyətdə olduğunu göstərən amillərdir. İndi dövlət büdcəsində bir barel neftin ortalama qiymətinin 35 dollardan hesablanması problemlərdən yüksək səviyyədə sığortalanmaq deməkdir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 5655