hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Hərbi Qənimətlər Parkında şəhid ailəsindən pul alınıb: “Atamızın qanı bahasına alınmış qənimətlərə pulla baxdıq” - FOTO

Hərbi Qənimətlər Parkında şəhid ailəsindən pul alınıb: “Atamızın qanı bahasına alınmış qənimətlərə pulla baxdıq” - FOTO

Şəhid Fariz Həsənovun həyat yoldaşı Səkinə Həsənovanın sosial şəbəkədə paylaşdığı status geniş ictimai müzakirəyə səbəb olub.

Cebhe.info xəbər verir ki, şəhidin həyat yoldaşı Hərbi Qənimətlər Parkında qarşılaşdığı vəziyyətdən yazıb:

“İndiyədək heç bir şikayət xarakterli status paylaşmamışdım. Amma dünən qarşılaşdığım situasiya məni buna vadar etdi. Dünən müqəddəs bayramımız idi. Hər kəs bilir ki, şəhid ailələri üçün bayramın “b” hərfi belə yaddır. Mənim üçün bayram dünən övladlarımı atasının qanı bahasına alınmış qənimətləri və şərəfsiz erməni mənfurlarının boş qalmış papaqlarını göstərib qürur hissi duymaq idi...

Taksiyle getdik, 5 nəfər idik - 2 xanım və 3 uşaq. Hərbi Qənimətlər Parkına yaxınlaşanda, növbənin hədsiz çox olduğunu gördüm. Bir az gözlədik, sonra gördüm ki, uşaqla gözləmək mümkün deyil, nəzarətçi oğlana yaxınlaşdım və şəhid ailəsi olduğumu bildirdim. Sağ olsun, əvvəlcə başsağlığı verdi, sənədimin oldugunu soruşdu, mən də şəhid ailəsi olduğumu göstərən vəsiqəni verdim və bizi növbəsiz keçirdilər. Kassanın yanında da bir oğlan dayanmışdı, neçə nəfər olduğumuzu və uşaqların yaşını soruşdu. Ona nəzarətçinin şəhid ailəsi olduğumuzu bildirməsinə baxmayaraq, bizi kassaya doğru yönləndirdi. Heç nə demədim, çünki mahiyyəti bir şey olmayan, “əl çirki” olan pula görə şəhidimin adından istifadə edəsi deyildim. Amma bildiriş verilmişdi ki, şəhid ailəsiyik. Kassaya 4 manat ödədim, uşaqlara ödəniş düşmürdü. Və keçdik atamızın qanı bahasına alınmış qənimətlərə baxmağa”.

S.Həsənova “Sözümün əsl mənası odur ki, əgər şəhid ailələrinə, qazilərə hörmət qoyulmayacaqdısa, niyə şəhid verirdim mən? 2 manatı atamızın axan qanından üstün tutacaqdınızsa, niyə sinənizə döyüb “Qarabağı biz aldıq” deyirdiniz? Qarabağı siz almadınız, Qarabağı qanı Vətən torpağına qarışmış oğullar aldı. Qarabağı öz yarını tək, balalarını atasız qoyub, sinəsini irəli verən oğullar aldi... Qarabağı öz sağlamlığını bu Vətən yolunda qurban verib, bu dünyanın canlı şəhidi olan oğullar aldı... Söhbət orada olan 2 manatın mahiyyətindən getmir, söhbət bizim həqiqətənmi Azərbaycanlı olmağımızdan gedir”.

Məlumat üçün bildirək ki, Hərbi Qənimətlər Parkına giriş vətəndaşlar üçün 2 manatdır.

Məkana giriş 6 yaşadək uşaqlar, şəhid ailələri və qazilər üçün pulsuzdur.

Cebhe.info


Oxunma sayı: 3092