hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Həyatınızı gözəlliyinizə qurban vermək istəmirsinizə, icazə blankını yaxşı oxuyun: “Həkim səhvi cinayət deyil”

Həyatınızı gözəlliyinizə qurban vermək istəmirsinizə, icazə blankını yaxşı oxuyun: “Həkim səhvi cinayət deyil”

Azərbaycanda son zamanlar plastik əməliyyatlara müraciət edənlər həddən artıq çoxdur.

Hətta bəzi həkimlər pandemiya dövründə belə plastik əməliyyatları fantastik məbləğ oxuyurdular. Xüsusilə yeniyetmələr və cavanlar, əsasən 16 yaşdan aşağı plastik əməliyyatlara qadağa qoyulsa da, üz, burun və bədən nahiyəsində kompleks hesab etdikləri qüsurları əməliyyat etmək üçün plastik həkim cərrahlara müraciət edir.

Bəzən isə bu ölümlə nəticələnsə də, onlar israrla bu tip əməliyyatlara girirlər. Həkimlər isə 16-17 yaşlı gəclərin yaşına baxmadan, əksər hallarda məsuliyyət daşımadan bu əməliyyatı boyunlarına götürür. Azərbaycanda, xüsusilə paytaxtda son zamanlar plastik əsasən burun əməliyyatlarından ölənlərin sayı daha çoxdur.

Qeyd edək ki, Arzu Süleymanova adlı şəxs mayın 11-də “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də həyatını itirib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə pasiyentin əməliyyatdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlayıb.

Bu isə plastik əməliyyatların riskini bir daha gündəmə gətirir. Maraqlıdır, hansı qrup şəxslər üçün plastik əməliyyatlar risklidir? Ümumiyyətlə, plastik əməliyyatlara belə kütləvi maraq nədən qaynaqlanır?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan uzman həkim cərrah Araz Salmanov bildirib ki, baş verən hadisə çox təəssüfvericidir?

“Allah rəhmət eləsin! Ailə üzvlərinə baş sağlığı verirəm. Həkim üçün xəstənin həyatını itirməsi böyük faciədir. Bu həkim üçün çox böyük mənəvi- fiziki stressdir. Əməliyyat və əməliyyatdan sonra baş verən fəsadları, ölüm hadisələrini ümumiləşdirmək düzgün deyil. Hər bir hadisə konkret olaraq araşdırılmalıdır. Mən əminəm ki, Azərbaycan hüquq mühafizə orqanları da bu hadisəni araşdırır. Burada məsələyə hüquqi aspektdən baxılmalıdır. Bu da nədən ibarətdir? Birincisi, estetik əməliyyatlar dünyanın heç bir yerində, eləcə də Azərbaycanda yasaq deyil. Estetik əməliyyatları inanmıram ki, bundan sonra kimsə qadağan etsin. Hətta tam tərsi, estetik əməliyyatlar getdikcə artır və daha da geniş miqyas alacaq. Çünki insanlar gözəl, xoş görünmək istəyirlər. Biz nə qədər daxili gözəllikdən bəhs etsək də, bizim xarici gözəlliyimiz, görüntümüz, gənc və gözəl görünməyimiz bizim bir nömrəli pozitiv vizit kartımızdır. Hamı buna can atır”.

Uzman həkim bildirib ki, Azərbaycan əhalisi ümumiyyətlə, öz xarici görkəminə fikir verir:

“Yəni Azərbaycanda estetika var, olub və daha da artacaq. Söhbət ondan gedə bilər ki, estetik əməliyyatlar nə dərəcə də təhlükəli, ya da təhlükəsizdir. Ümumiyyətlə, istənilən prosedur və istənilən əməliyyatlarda müəyyən fəsadlar olmaq ehtimalı, həmçinin ölüm hadisəsi də ola bilər. Adi antibiotikdən, pensilində belə dünyasını dəyişmiş onlarla, yüzlərlə insan var. O ki qaldı əməliyyat ola. Bədənə çox miqdarda müxtəlif maddələr yeridilir. Bədənin fiziologiya və anatomiyası dəyişdirilir. Əlbəttə, burada müəyyən problemlərin olmaq ehtimalı var. Söhbət nədən gedə bilər? Pasientlərin əməliyyat öncəsi düzgün qiymətləndirilməsi, düzgün müayinədən keçirilməsində təəssüf ki, çatışmazlıqlar olur. Bəzən xəstə yetəri qədər müayinə olunmur. Ondan yetəri qədər analiz toplanmır. Analizlərinə diqqətli şəkildə baxılmır. Nəyisə yaddan çıxarmaq əməliyyat vaxtı sıxıntılar yaşada bilər. Əməliyyatdan sonra da mütləq xəstəyə yüksək səviyyədə, standartlara, qaydalara uyğun şəkildə baxılmalı və sonuna qədər onun müalicəsi aparılmalıdır. Ortaya çıxan bu və ya digər fəsadlar böyümədən həll edilməlidir”.

Həkimin sözlərinə görə, məsələyə hüquqi prizmadan baxdıqda, xəstə dünyasını dəyişib deyə heç kim cərrahı qatil elan edib onu ittiham, həbs edə bilməz:

“Bu olmaz. Çünki bir insanın başqa birini öldürdüyünə qərarı sadəcə məhkəmə verə bilər. Məhkəmə qərarı olmadan kimisə qatil elan etmək hüquqi cəhətdən cinayətdir, böhtan atmaqdır. Xüsusən KİV-lərdə bəzən məhkəmə qərarı olmadan hansısa həkim haqda “qatil, cani, qəssab” deyə artıq-əksik yazılar gedir. Bu cinayətdir.Yəni həkim onun üstünə düşüb, həmin KİV-i məhkəməyə versə, bu yazıları yazan şəxslər həbsə girərlər. İnsanın təqsirini ancaq məhkəmə deyə bilər. Məsələ araşdırılmalı, suallar aşağıdakı şəkildə qoyulmalıdır. Birincisi, həkimin ixtisası, sertifikasiyası Azərbaycan ərazisində müvafiq əməliyyatı həyata keçirməyə icazə verir yoxsa yox bilinməlidir. İkinci əgər həkimin ixtisası sertifikasiyası müvafiq əməliyyata uyğundursa, onun həyata keçirdiyi əməliyyat vaxtı yada əməliyyatdan sonra həkim səhlənkarlığı olub ya yox öyrənilməlidir. Yəni həkim səhlənkarlığı cinayətdir.Buna görə həkimə ciddi şəkildə cəzalar verilə bilər”.

O qeyd edib ki, əgər həkim səhlənkarlığı yoxdursa, həkim əməliyyat vaxtı və sonra xəstənin başındadırsa, lazım olan hər şeyi edibsə, burada həkim səhvinin olub-olmaması araşdırılmalıdır:

“Həkim səhvi cinayət deyil. Qanunlarımız həkim səhvini cinayət olaraq qəbul etmir. Ola bilər ki, həkim təcrübəsizlikdən, yaxud biliyinin yetərsizliyindən əlindən gələni edib, amma gedişatda, stress altında, gərgin anda hansısa yalnış qərar verib və bunun nəticəsində xəstədə istənməyən fəsadlar əmələ gəlir. Həkim bunun üzərinə gedib, işləyib, oxuyub bilik və təcrübəsini artırmalıdır. Əgər həkim səhvi də yoxdursa, bu, artıq bədbəxt hadisə, təsadüf, ya baş verən fəsadla əlaqədar ola bilər. Ani gözlənilməyən fəsadlar baş verir. Həkim hər şeyi düzgün şəkildə edib, amma nəticələr yaxşı alınmayıb. Fatal, ölümcül nəticələrlə sonuclanıb. Burada artıq heç kim həkimi günahlandıra bilməz”.

Həkim bir məsələni də xatırladıb ki, xəstələr klinikalara gəlib əməliyyat olmadan öncə onlara icazə blanklarına imza atdırırlar:

“İcazə formlarını yaxşıca oxusunlar. Bu da hüquqi sənəddir. Tibb müəssəsi və həkim öncədən xəstəni əməliyyatın nəticələri haqda məlumatlandırmağa borcludur”.

Ülviyyə Mirzəyeva
Cebhe.info


Oxunma sayı: 947