hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hücum planı Rusiya Silahlı Qüvvələrinin Baş Qərarğahında hazırlanıb – MÜSAHİBƏ

Hücum planı Rusiya Silahlı Qüvvələrinin Baş Qərarğahında hazırlanıb – MÜSAHİBƏ

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.

Artıq Ağdamın mənfur ermənilər tərəfindən işğalından 27 il ötür. Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İddia olunur ki, 1993-cü ilin yaz-yay aylarında yerli batalyonları rayondakı mövqelerden çıxardılar. Əvəzinə Surət Hüseynovun ərazini tanımayan hərbçilərini gətirdilər. Nəticədə Ağdam işğal olundu.

Maraqlıdır, bu fikir həqiqəti özündə nə dərəcədə əks etdirir?

Araşdırmaçı jurnalist Asəf Quliyev Cebhe.info-nun bu mövzudakı suallarını cavablandırıb.

- Asəf bəy, bu gün Ağdamın işğal günüdür. Ağdam rayonun ermənilər tərəfindən işğal olunmasının səbəbləri ilə bağlı bəzi fikirlər var. İddia olunur ki, 1993-cü ilin yaz-yay aylarında yerli batalyonları rayondakı mövqelerden çıxardılar. Əvəzinə Surət Hüseynovun ərazini tanımayan hərbçilərini gətirdilər. Nəticədə Ağdam işğal olundu. Bu barədə fikriniz nədir?

-O məsələdə ola bilər ki, həqiqət payı var, amma bir az qeyri-dəqiqdir. Çünki yaz- yay aylarında cebhe xəttində yerləşən yerli batalyonların rayondakı mövqelərdən çıxarılması bir az həqiqətəuyğun olmayan informasiyadır. Yerli batalyonlar vardı və hər gün daha da təkmilləşirdi. Onlar Müdafiə Nazirliyinin strukturuna oturuşurdu. Amma işğal ərəfəsində bu batalyonlar ümumiyyətlə, ləğv olunması məsələsi var. Bu bir az siyasi qərar idi. Hesab edirəm ki, bəlkə də bu qərar doğru deyildi. Çünki bu batalyonların ləğvi müəyyən hərbi boşluqlar yaratdı. Orada yalnız batalyonların ləğvi ilə iş bitmədi.

Müdafiə Nazirliyinin strukturunda da müəyyən dəyişikliklər oldu. Amma bütün hallarda bunlar işğalın əsas səbəbi deyildi. Əsas səbəb ermənilərin güclü hücumu və Ağdamın müdafiəsində yaz-yay aylarından daha əvvəl imkan verilmiş boşluqlar vardı. Bu böşluqların nəticəsində də sözügedən işğal faktı ilə üz-üzə qaldıq. Görünür, Ağdamın müdafiəsini düzgün təşkil etmək mümkün olmadı.

Çünki bu müdafiəni təşkil etmək üçün əvvəldən işlər görülməli idi, lakin görülməmişdi. Bununla bağlı ilk Müdafiə naziri olmuş rəhmətlik Valeh Bərşadlı ilə danışmışdım. Onun ümumazərbaycan müdafiə planı vardı. O plan yerinə yetirilməmişdi. Həmin planda Ağdamın müdafiəsi ilə bağlı da müəyyən detallar vardı. Yəni bütün bu boşluqlar Ağdamın işağlı ilə nəticələndi. Heç kəs inanmırdı ki, ermənilər bu dərəcədə Ağdama hücum edib, onu işğal etmək fikrinə düşər. Bu Azərbaycanda nə siyasi, nə də hərbi rəhbərliyin fikirləşmədiyi bir reallıq idi.

-Bu işğalı Azərbaycanın siyasi və hərbi rəhbərliyinin gözləmədiyi reallıq adlandırırsız. Lakin 1991-ci ildən ermənilər Xankəndini, bir il sonra Xocalını, Şuşanı, Laçını, Xocavəndini, işğal etmişdilər. Belə bir şəraitdə bu vəziyyət necə gözlənilməz ola bilərdi?

-Xocalının, Şuşanın və Laçının işğalı tamam başqa situasiyalar idi. Xocalının işğalı Dağlıq Qarabağdakı ermənilərin kompaktlaşması üçün idi. Bu rayonun işğalından sonra Dağlıq Qarabağda ermənilərin arasında heç bir azərbaycanlı maneə qalmamışdı. Yəni onlar tam bütövləşmişdilər. Şuşa və Laçının işğalı isə Dağlıq Qarabağda olan ermənilərin Ermənistana çıxışını təmin etmək üçün idi. Yəni bunlar tamam fərqli şeylər idi. Ağdamın işğalı isə ola bilər ki, ermənilərin uzumüddətli işğal planının birinci fazası idi. Çünki bu gün də aparılan danışıqlar və real vəziyyət göstərir ki, ermənilər Ağdamı bufer zona kimi dəyərləndirirlər. Ola bilər ki, bu heç ermənilərin işğal planı deyildi. Ağdam rayonundan sonra digərləri də işğal olundu və növbəti işğal ərazisi Tərtər olmalı idi.

Tərtəri müdafiə edən hərbçilərimiz bir erməni zabitini əsir götürüblər və ondan Tərtərə hücum planının xəritəsini əldə ediblər. Maraqlıdır, həmin xəritə Rusiya Silahlı Qüvvələrinin Baş Qərarğahında hazırlanıb. O cümlədən Ağdamın da işğal planının Ermənistanda deyil, Kremldə hazırlandığını düşünürəm. Çünki Ağdamın işğal günü bir erməni kəşfiyyatçısı tutulmuşdu. Mən onu danışdırdım. Məlum oldu ki, erməni artilleriyasına koordinatlar verilib. Maraqlı olan tərəfi isə həmin koordinatların rus dilində verilməsidir. Əgər ermənilərin hazırladığı koordinat olsaydı öz dillərində tərtib edilməsi daha doğru olardı. Çünki rabitədə rahat danışa bilərdilər və danışıqları da anlaşılmazdı. Belə faktlar var.

- Surət Hüseynovun hərbçilərinin ərazini tanımama iddiası nə dərəcədə doğrudur?

-Aydın məsələdir ki, Surət Hüseynovun tabeliyində olan hərbi hissələrin əsgərləri və bəzi zabitləri ərazini tanımaya bilərdi. Amma onların arasında ərazini yaxşı tanıyanlar da vardı. Hətta onların arasında Ağdamdan olan döyüşçülər də vardı. Bu işğal prosesində bir fakt kimi görsənə bilər, lakin əsas səbəb deyil. Bu yalnız köməkçi səbəb ola bilərdi.

-Müdafiə məsələsində boşluqların yaranmasına yol verildiyini vurğuladınız. Bu boşluqlar etimadsızlıqdan yaranmışdı, yoxsa təcrübəsizlikdən?

-Həmin dövrdə Müdafiə Nazirliyinin strukturu formalaşırdı. Bu formalaşma mərhələsində nələrsə ləğv olunur, yerinə başqası yaradılırdı. Eyni zamanda hansısa güclər başqası ilə əvəz edilirdi. Yəni nazirlik sistemli şəkildə oturuşmamışdı. Ola bilsin ki, təcrübəsizlik daha çox rol oynayırdı. Çünki peşəkar hərbçilər həddən az idi. Görünür müharibə gedişində struktur formalaşdırmaq çox çətindir. Ola bilsin ki, işğalın səbəbi elə bu idi.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 26720