hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

I və II Qarabağ müharibəsi iştirakçıları hansı güzəştlərdən yararlana bilərlər?

I və II Qarabağ müharibəsi iştirakçıları hansı güzəştlərdən yararlana bilərlər?

Vətən müharibəsi iştirakçılarının banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilir.

Bu məsələ Milli Məclisin dünən keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda, banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək.

Qeyd edək ki, layihənin birinci oxunuşuna əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergisindən azad edilməsi təklif olunurdu. O cümlədən banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmirdi.

İkinci oxunuşda layihədə “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.

Bu o deməkdir ki, tətbiq olunan güzəştlər bütün Vətən müharibəsi iştirakçılarını əhatə edəcək.

Bundan başqa Prezident İlham Əliyevin 12 iyul 2021-ci il tarixli fərmanı ilə Vətən müharibəsi qəhrəmanlarına gəlir vergisi üzrə əlavə güzəştlər verilib. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra dövlət haqlı olaraq, müharibədə yaralananlara və şəhid olanların ailələrinə bir sıra güzəştlər tətbiq edib.

Bəs I Qarabağ müharibəsi qazilərinə tətbiq edilən güzəştlərlə II Qarabağ müharibəsi qazilərinə edilən güzəştlər arasında fərq varmı?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib ki, güzəştlərdə fərq olsa da, bu müvəqqəti xarakter daşıyır:

“Böyük bir qələbə oldu, Zəfər çaldıq. Bu gün Azərbaycanın imkanını əvvəlki illərlə müqayisə eləmək olmaz.

Təkcə son döyüşdən şəhid ailələri, Qarabağ əlilləri və veteranlarla bağlı Prezident tərəfindən 40-a yaxın hüquqi aktlar imzalanıb ki, həmin insanların sosial-iqtisadi vəziyyətləri yaxşılaşsın. Əvvəlki illərdə də bununla bağlı işlər görülüb, yəni I Qarabağ müharibəsində iştirak edən insanlara da müəyyən güzəştlər olunub. Məsələn, onlar evlə, avtomobillə təmin olunublar. Onlara pensiya və müavinətlər, Prezident təqaüdü verilib və bu işlər hər il davam etdirilib. Bu təbəqə xeyli problemləri olan təbəqədir və bu problemləri aradan qaldırmaq üçün dövlət, ölkə Prezidenti həmişə müəyyən addımlar atıb.

Təbii ki, güzəştlərdə fərq var və bu, normaldır. Təsdiq olunan qanunlar həm də I Qarabağ müharibəsinin şəhidlərinə, qazi və veteranlarına da şamil ediləcək. Düzdür, bəzi qərarların icrasında hələlik 44 günlük Vətən müharibəsinin şəhid və qaziləri nəzərdə tutulub. Bu qanunlar bir müddət üçün belədir, bütövlükdə bir müddətdən sonra həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsinin şəhid, qazi və veteranlarına şamil ediləcək.

Hazırda “YAŞAT” Fondu artıq bu istiqamətdə genişmiqyaslı işlərə başlanyıb. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış Vahid Əlaqələndirmə mərkəzi və bu yöndə yaradılan qurumlar gələcəkdə bütün dövrün qazi, şəhid ailələri və veteranları nəzərə alacaq və dəstək olacaq”.

Günay Şahmar
Cebhe.info


Oxunma sayı: 870