hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

İbrahim Rəisidən gözləntilər: İran-Azərbaycan münasibətləri necə olacaq?

İbrahim Rəisidən gözləntilər: İran-Azərbaycan münasibətləri necə olacaq?

İranda prezident seçkiləri əvvəlcədən gözlənildiyi kimi yekunlaşdı.

Ultramühafizəkar xəttin liderin hesab edilən İbrahim Rəisi İranın 13-cü prezidenti seçilib. O, İran Seçki Qərargahının məlumatına görə, 28 milyon 600 min nəfər seçicinin 17 milyon 800 min nəfəri Rəisiyə səs verib. İbrahim Rəisi avqust ayında and içdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Əvvəllər Baş Prokuror və Ali Məhkəmənin sədri vəzifələrini tutmuş Rəisi İranın daxili siyasi həyatında mühafizəkar mövqeyə malik şəxs kimi daha çox tanınır.

O, mövcud rejimin əsas fiqurlarından biri sayılır. Xüsusilə də Rəisi 1988-ci ildə keçirilmiş bir neçə dəqiqəlik məhkəmə iclaslarında İran Xalq Mücahidləri Təşkilatının üzvləri və digər siyasi məhbuslar da daxil olamaqla minlərlə insanın edamı barədə hökm çıxartmış şəxs kimi tanınır.

Ona görə də beynəlxalq hüquq müdafiə təşkilatları İbrahim Rəisini insanlığa qarşı cinayət törətməkdə ittiham edir. İranda da qeyd edilən səbəbdən Rəisi qatil imici ilə məhşurdur.

Ancaq indi prezident kimi Rəisinin xarici siyasət kursu, o cümlədən Azərbaycan-İran münasibətlərinin gələcəyi ilə bağlı suallar meydana çıxıb.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında İbrahim Rəisinin hakimiyyəti dövründə Azərbaycanla münasibətlərdə ciddi dəyişiklik gözləmədiyini dedi.

Ekspert hesab edir ki, Rəisi prezident kimi Azərbaycanla mövcud diplomatik kursu davam etdirəcək:

“Əslində, İranın mövcud kursu davam edir. Çünki İranda prezident xarici siyasətini müəyyənləşdirmək səlahiyyətinə malik deyil. İranda bütün sahələrə rəhbərlik hazırda ali lider Ayətullah Seyid Əli Xameneyinin əlində cəmləşib. Bu baxımdan, prezidentin Rəisi və ya başqası olsa belə, xarici siyasəti müəyyənləşdirmək səlahiyyəti yoxdur. Ona görə də İranın Azərbaycana yönəlik mövcud kursu davam edəcək.

Məlum olduğu kimi, həm bu bölgədə yerləşən, həm də regionda marağı olan ölkələrin Azərbaycanla münasibətlərində ikinci mərhələ başlayıb. Birinci mərhələ Azərbaycan ərazilərinin işğal altında olduğu dövrü əhatə edirdi. İkinci mərhələ isə Azərbaycan torpaqlarının böyük hissəsinin işğaldan azad olunması dövrü idi.

Nəticədə digər dövlətlərin bu bölgədə iqtisadi, siyasi və mədəni maraqlarının təmin olunması üçün geosiyasi şərait yaranıb. Birinci mərhələdə İran bəzən açıq şəkildə, bəzən də pərdə arxasında işğalçı Ermənistanı dəstəkləyirdi, Qarabağdakı separatçı rejimə yardım edirdi. İndi isə fərqli vəziyyət yaranıb. İran regionda “3+3” əməkdaşlıq formatına dəvətlidir. Ona görə də İranın mövqeyi fərqli olacaq. Çünki İranın iqtisadi maraqları təmin ediləcək. Bu səbəbdən İran sabitlik və təhlükəsizliyin formalaşmasında maraqlı tərəf kimi çıxış edəcək. Belə bir şəraitdə İranın Azərbaycana yönəlik siyasəti ərazilərin işğal altında olduğu dövrlə müqayisədə dəyişilməlidir. Ona görə də İranın yeni seçilən prezidenti bu xarici siyasəti həyata keçirməyə məcburdur.

Onun bu məsələdə ermənilərə şəxsi münasibətinin necə olmasından asılı olmayaraq, qeyd edilən kursu yürütməlidir. Prezidentin subyektiv mövqeyi heç nəyi dəyişmir. Məsələn, Məhəmməd Xatəmi Xəzər dənizinə Mazandaran gölü dedi, Azərbaycana səfəri zamanı Nizami Gəncəvini fars şairi adlandırdı. Amma heç nə dəyişmədi. Əksinə, Xatəminin şəxsiyyəti şübhə altına alındı. Çünki onun İran xalqının adından danışmaq səlahiyyəti yoxdur”.

Sədrəddin Soltan bildirdi ki, İbrahim Rəisi daha çox dini-siyasi və ideoloji sahə ilə məşğul olduğuna görə, Azərbaycan-İran münasibətləri ilə bağlı mövqe nümayiş etdirməyib:

“O, daha çox məhkəmə sədri və prokuror kimi tanınıb, peşəkar siyasətlə məşğul olmayıb. İbrahim Rəisi çoxsaylı insanlar barəsində edam hökmü çıxartdığına görə, İranda “qəssab” ləqəbi ilə ad çıxarıb. O, həmçinin günahsız insanların həbs olunması haqda qərarlar çıxarıb. Ancaq onun İranın xarici siyasəti, eləcə də Azərbaycanla münasibətlərə dair hər hansı çıxışına rast gəlinməyib. Bu da həmin sahənin Rəisinin mandatına uyğun olmaması ilə bağlıdır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 13630