t İcbari sığorta zərfi: Xəstələri razı salacaq?
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

İcbari sığorta zərfi: Xəstələri razı salacaq?

İcbari sığorta zərfi: Xəstələri razı salacaq?

Məlum olduğu kimi, Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib. 

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.

Bundan başqa sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. Belə ki, sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir. 

Qeyd edək ki, artıq xeyli müddətdir ki, icbari tibbi sığorta üzrə xidmətlər zərfinə nələrin daxil ediləcəyi müzakirə mövzusudur. Əsasən, hesab olunur ki, xidmətlər zərfində bir sıra bahalı aparatlarla müayinə, eləcə də dərman təminatı daxil edilməlidir. 

Təqdim olunan xidmətlər zərfi qənaətbəxşdirmi? 

“Borçalı” İctimai Birliyinin sədri, tanınmış həkim Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, obrazlı şəkildə ifadə olunarsa, icbari tibbi sığorta dövlətin vətəndaşın sağlamlığının qorunmasına qarantıdır:

“Yəni dövlət vətəndaşın sağlıq durumunun məsuliyyətini öz üzərinə götürür. İcbari tibbi sığortanın fəlsəfəsi budur. İcbari tibbi sığortanın İsveç, Polşa, Gürcüstan modelləri var. Bunlardan bizə yaxın olan Gürcüstan və Polşa modelləridir. Bunlar öyrənilib tətbiq olunarsa, çox qısa zamanda vətəndaşlar dövlətin onların sağlamlığını himayə etdiyinin fərqində olacaqlar. Xidmət Zərfində təqdim olunanlar - əsasən təxirəsalınmaz, təcili tibbi yardımlar və s.-dir. Maraqlıdır, dövlət hansı cərrahi nozoloji vahidlərdə qarant verir, infakt, sınıqlar, kəllə-beyin travmaları bura daxil edilirmi? Yalnız ürək, qaraciyər transplantasiyalarında dövlətin müəyyən mexanizmləri qarant olur. Əgər qeyd olunanlar burada öz əksini taparsa, vətəndaş pulu olmadığına görə infaktdan ölməkdən qorxmayacaq. Biləcək ki, dövlət bunu qarşılayacaq”.

Zəlimxan Məmmədli deyir ki, dərman təminatının xidmətlər zərfinə daxil edilməsi vacibdir:

“Ahıl, yaşlı insanların böyük bir qisminin dərman ehtiyacları var. Vətəndaş qocalsa da, onun bu dövlətin qurulmasında rolu olub. Dövlət yaşlı və xəstə insanların dərmanla təminat məsələsini həll etməlidir. Bu insanların icbari tibbi sığortada yerinin olması çox ciddi məsələdir. Ümumiyyətlə burda əhalinin kütləvi şəkildə cərahi və dərman təchizatı məsələləri öz əksini taparsa, daha yaxşı olar. Hesab edirəm ki, bizim üçün Gürcüstan modeli ən yaxın modellərdən biridir. Gürcüstanda əhalinin müəyyən xəstəlikləri zamanı pulsuz və qarşılığının müəyyən hissəsinin ödənilməsi ilə dərman sığortası var”.

Həkim hesab edir ki, icbari tibbi sığortanın effektiv olması bir çox amillərdən asılıdır: 

“Dövlət səhiyyə xidmətlərinin sadəcə adı var, onların pulsuz səhiyyə xidmətləri göstərmələri haqqında deyilənlər hamısı yalnızca “söz”-dür. Hesab edirəm ki, icbari tibbi sığorta ləngidilmədən həyata keçirilməlidir. Nə qədər effektiv olması, ümumiyyətlə, Azərbaycanda aparılan islahatlardan asılıdır.  Təfəkkür islahatları, siyasi, hüquqi islahatlar, Konstitusiyanın, qanunlarının işləməsi təmin olunandan sonra digər məsələlər də baş tutacaq. Yuxarıdan aşağıya kimi hər kəsdə vətəndaşa “dəyər” kimi baxmaq fəlsəfəsi olmalıdır. Əks halda, həmin korrupsiyalaşmış səhiyyə sistemi, həmin kadrlar, həmin təfəkkürlü adamlar olacaqsa, bu da iflasa uğrayacaq”.

Bütün bunlara baxmayaraq, Zəlimxan Məmmədli məsələyə nikbin yanaşdığını deyir: 

“Hər halda bir tərpəniş var, sürətli şəkildə, təxirəsalınmadan bu həyata keçirilməlidir”. 

Xatirə Nəsiorva
Cebhe.info


Oxunma sayı: 2740