hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

İcbari tibbi sığortanın tətbiqindən sonra tibb işçilərinin maaşı artacaq - Agentlikdən REAKSİYA

İcbari tibbi sığortanın tətbiqindən sonra tibb işçilərinin maaşı artacaq - Agentlikdən REAKSİYA

Sentyabrın 7-də “Cümhuriyət” qəzetində və Cebhe.info xəbər portalında “5 manatlıq tibbi sığortadan nə gözləyirik?” adlı yazı dərc olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) sözügedən məqaləyə münasibətini açıqlayıb.

Cebhe.info-ya göndərilən yazıda bildirilir ki, dünya təcrübəsində icbari tibbi sığorta (İTS) sisteminin bir sıra modelləri var:

“Ən çox yayılmış iki model sosial tibbi sığorta və milli tibbi sığorta modelləridir. Bir çox Avropa ölkələrində sosial tibbi sığorta modeli tətbiq olunur. Azərbaycan üçün İTS sisteminin modeli seçilərkən Agentlik tərəfindən Baltikyanı ölkələrin, Türkiyənin, Rusiyanın və digər ölkələrin sözügedən sistem üzrə modelləri öyrənilib. Müəyyən edilib ki, ölkəmiz üçün ən uyğun, dayanıqlı model sosial tibbi sığorta modelidir və bu modelin ölkə üzrə tətbiqi 2020-ci ildən nəzərdə tutulub. Qeyd etməliyik ki, İTS-nin tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir və dövlət tərəfindən əhalinin sağlamlığının qorunmasına yönəlik sosial layihədir”. 

Qurum hesab edir ki, yazıda Agentliyin fəaliyyətinin məqsədi düzgün qeyd olunmayıb və yanlış məlumatın yayılmasına yol verilib:

“Agentliyin fəaliyyətinin məqsədi məqalədə iddia edildiyi kimi, tibb müəssisələrinin idarəedilməsini həyata keçirmək deyil, əhalini icbari tibbi sığortaya cəlb etmək, vətəndaşların icbari tibbi sığortalanmasını həyata keçirmək, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək, tibbi xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaqdır. Qeyd edək ki, tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti isə Agentliyin nəzdində yaradılan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs həyata keçirəcək”.

Yazıda qeyd edilib ki, icbari tibbi sığorta paketində 400-ə yaxın xidmət növü var və həmin xidmətlərin hər biri üçün 5 manat müəyyən olunub: “Agentlik tərəfindən İTS pilot layihə şəklində üç regionda (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) tətbiq edilir:

“Bu məqsədlə pilot layihənin başlanğıcında özündə 1829 adda tibbi xidməti (480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik, 459-u laborator müayinə və 166-sı həyati vacib-dəyəri yüksək olan xidmətlər) birləşdirən İTS-nin baza zərfi hazırlanmış və bura daxil olan tibbi xidmətlərin tarifləri müəyyənləşib:

https://its.gov.az/site/assets/files/1644/tminatlar.pdf 

Baza zərfi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənib. Sözügedən sənədə məqalədə iddia etdiyi kimi hər bir xidmətin dəyərinin 5 manat olduğu deyil,bahalı əməliyyatların da (məsələn, aorta-koronar şuntlama, pnevmonektomiya və böyük damar cərrahiyyəsi və ya anadangəlmə ürək qüsurları əməliyyatları) baza zərfinə daxil olduğunu görmək olar.  Məlumat üçün bildirək ki, pilot ərazilərdə 370 min nəfərdən çox qeydiyyatda olan əhali və məcburi köçkün İTS-nin baza zərfindən ödənişsiz istifadə edir”. 

Agentlikdən verilən məlumata görə, ölkə üzrə İTS-nin tətbiqi məqsədilə əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması istiqamətində işlər yekunlaşır. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Agentlik bildirir ki, adambaşına düşən səhiyyə xərci illik 149 manat müəyyən edilib:

““Tibbi sığorta haqqında” Qanuna (bundan sonra Qanun) (https://its.gov.az/site/assets/files/1063/new_microsoft_word_document1.pdf) əsasən, xidmətlər zərfinin baza hissəsinə daxil olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödənilməlidir. Əlavə hissəyə münasibətdə sığortaolunanlar kateqoriyalara bölünürlər.

Bura daxildir:

Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar – bu şəxslər aylıq məvaciblərinin 2 faizi məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi məbləğində sığortahaqqı ödəyəcəklər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və müstəqil ödəyicilər (iqtisad qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) - bu şəxslər üzrə sığortahaqqı illik 120 manat müəyyən olunub.

İmtiyazlı əhali (əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) – bu şəxslər üzrə sığortahaqqı (illik 120 manat) dövlət büdcəsi hesabına ödəniləcək. İmtiyazlı əhali qrupuna daxil olan şəxslər bunlardır: 18 yaşınadək şəxslər, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar, sosial müavinət almaq hüququna malik olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar. Qeyd edək ki, bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 

Yazıda qeyd olunub: “Həkimlərin və xəstəxanaların maraqlı olması üçün yaxşı olar ki, xidmətlərin qiyməti baha olsun. Əgər həkimin haqqı ödənmirsə, bunda heç bir müəssisə maraqlı olmayacaq”.

Agentlik bu məqamla bağlı qeyd edib ki, İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq:

“Həkimlərin əmək haqqı iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr (bonuslar) olacaq. Hazırda həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir”.

Özəl tibb müəssisələrinin İTS-nin tətbiqinə cəlb olunması məsələsinə gəldikdə, Agentlik  nəzərə çatdırır ki, pilot ərazilərdə həyata keçirilməsi mümkün olmayan əməliyyatların aparılması üçün Agentlik Bakı və Gəncə şəhərlərində yerləşən bir neçə qeyri-dövlət tibb müəssisəsi ilə müqavilələr bağlayıb. Gələcəkdə Agentlik ilə əməkdaşlıq edəcək qeyri-dövlət tibb müəssisələrinin siyahısı təsdiqləndikdən sonra bu haqda ictimaiyyətə məlumat veriləcək.

2020-ci ildən etibarən İTS-nin tətbiqi nəticəsində sığorta şirkətləri üçün əlverişli şərait yaranacaq. İTS-nin xidmətlər zərfi ilə təminata alınmayan tibbi xidmətləri həmin şirkətlər vətəndaşlara tibbi sığorta paketi şəklində təqdim edə biləcəklər. Sonda onu da qeyd edək ki, respublikamızda tətbiq ediləcək İTS yalnız ölkə ərazisində həyata keçiriləcək”. 

Cebhe.info


Oxunma sayı: 1486