hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

İcra başçıları üçün sınaq dövrü: BAŞLANDI

İcra başçıları üçün sınaq dövrü: BAŞLANDI

Xeyli müddətdir ki, əhalinin sosial-iqtisadi problemlərini yerindəcə öyrənmək üçün nazirlərin vətəndaşlarla görüşü keçirilir.

Hər nazir üçün qrafik müəyyənləşdirilib və görüşlər davamlı hal alıb.Amma görünən odur ki, nazirlərin yerlərdə keçirdiyi görüşlər istənilən effekti vermir.Regionlarda şikayətlərin həddindən artıq çox olması, problemlərin artan templə davam etməsi ölkə başçısı İlham Əliyevin sakinlərlə birbaşa təması zamanı da özünü göstərir.Dövlət başçısı yerlərə səfərlər zamanı məktubları birbaşa özü alır, onların hər birinin həllinə diqqətlə yanaşılacağını bildirir.İlkin nəticələr də özünü çox gözlətmir.

Bundan başqa ölkə başçısının tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq görüşlər keçirməyə başlayıb. Artıq martın 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl, Biləsuvar, Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib. Martın 15-də isə Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin, Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edib.

Bütün bunlar onu göstərir ki, nazirlərin mütəmadi olaraq regionlarda keçirdiyi görüşlər istənilən nəticəni verməyib.Bir çoxları yalnız statistika xatirinə keçirilib.Sakinləri narahat edən problemlərin həllinə yönəlmiş tədbirlər həyata keçirilməyib və ya qaneedici olmayıb.Ona görə də ölkə başçısının tapşırığına əsasən yerlərdəki problemlərin daha ətraflı öyrənilməsi və həlli üçün administrasiyasının məsul əməkdaşlarının görüşləri başlayıb.Bu görüşlər isə nazirlərin qrafikə uyğun görüşlərindən kəskin fərqlənir.Nazirlərin görüşünə gələn vətəndaşlar, əsasən “təşəkkür”ə görə qəbula yazılanlar olurdu.Bu haqda dəfələrlə müxtəlif fikirlər səslənib, işin məsuliyyəti isə yerli icra hakimiyyətlərinin üzərinə qoyulub.Qeyd olunub ki, məhz regionlarda problemləri olan vətəndaşlar “balaca padşah”ların tapşırığı ilə nazirlərin qəbuluna buraxılmayıb.Bu səbəbdən də problemlər həlledilməz qalıb.

Araşdırmaçı jurnalist Azər Həsrət də hesab edir ki, vətəndaşların şikayətlərinin ünvana çatmamasının səbəbi icra başçılarının “xidmətidir”. A.Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki,  bu addım yaxın vaxtlarda icra başçılarının kütləvi şəkildə dəyişdiriləcəyinin anonsudur: 

“Nazirlərin əslində regionlara gedib vətəndaşlarla görüşüb problemləri həll etmək cəhdləri var. Onlar  vətəndaşları dinləyir, problemlərini həll etməyə çalışırdılar. Amma yerlərdəki icra başçılarının səhlənkarlığı ucbatından bu təmas arzuolunan səviyyədə alınmırdı. Özüm də şəxsən müşahidə etmişəm, müxtəlif rayonlardan mənə də müraciətlər olub ki, hansısa nazir rayona vətəndaşların problemini dinləməyə gəlir, yerli icra başçısı isə rayon haqqında mənfi imic yaradılmasın deyə,  görüşə öyədilmiş şəxsləri göndərir. Amma həqiqətən problemi, dərdi olan insanlar nazirin görüşünə buraxılmır.Belə hallar bir çox rayonlarda olub.Hətta bir dəfə müşahidə etmişdim ki, nazir guya kənd adamları ilə görüşürdü, amma salonda oturan şəxslərin hamısının boynunda qalstuk var idi.İndi hansı kənddə insanlar qalstukla gəzir?Hansı kəndli, suçu, bağban qalstuk taxır?Mən özüm də kənd adamıyam, elə adamların evində heç qalstuk olmur.Amma nazirin qəbuluna gələnlərə baxırsan ki, “kəndlilər” qalstukda, bərli-bəzəkli geyimdə oturublar.Təbii ki, bu yalandır və bununla ölkə başçısını aldatmağa cəhd edirlər. O cəhdlərin başında duranlar isə artıq zamanı keçmiş, köhnəlmiş icra başçılarıdır. Düşünürəm ki, prezident real vəziyyəti öyrənmək üçün məhz ən yaxın adamlarını, Prezident Administrasiyasının əməkdaşlarını  regionlara göndərir, onlar da əhali ilə təmas qururlar. Hesab edirəm ki, artıq həmin icra başçılarından da yaxa qurtarmağın vaxtı çatıb.Baxırsan ki, yaşı 80-ə çatır, amma ortada bir normal işi yoxdur.Yalnız və yalnız vətəndaşları narazı salmaqla məşğuldur.Kimisi torpaq satır, kimisi vətəndaşın torpağını əlindən alır, kimisi elə işlərlə məşğul olur ki, aparılan siyasəti yerlərdə kölgə altına qoyur.Düşünürəm ki, o adamlardan yaxa qurtarmağın zamanı çatıb. Ümid edirəm ki, ölkə başçısı vətəndaşlarla görüşə Prezident Administrasiyasının əməkdaşlarını  göndərməklə, həmin prosesin anonsunu vermiş olur.  Yaxın vaxtlarda icra başçılarının kütləvi şəkildə dəyişdirilməsinin şahidi olacağıq”.

Cebhe.info


Oxunma sayı: 5850